Bakı və İrəvan arasındakı iki problem - TƏHLİL

Bakı və İrəvan arasındakı iki problem - TƏHLİL

“Sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqlar zamanı biz artıq bir sıra qarşılıqlı razılaşmalara nail olmuşuq. Lakin təəssüflər olsun, iki əsas məsələ var ki, onlar haqqında tərəflərin fikirləri hələ də bir-birindən uzaqdır”.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İctimai Televiziyaya müsahibəsində belə deyib.

“Bizim Cənubi Qafqazda uzunmüddətli sülhün bərqərar olması üçün həqiqətən tarixi imkanımız var.

Ermənistan sülh gündəminə sadiqdir və danışıqlarda bütün məsələlərə konstruktiv yanaşır. Sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqlar zamanı biz artıq bir sıra qarşılıqlı razılaşmalara nail olmuşuq. Lakin təəssüflər olsun ki, iki əsas məsələ var ki, onlar haqqında tərəflərin fikirləri hələ də bir-birindən uzaqdır. 

Birincisi, ərazi bütövlüyünün qarşılıqlı tanınması və sonrakı delimitasiya prosesinə aiddir. Ən azı 3-4 dəfə görüş oldu ki, orada tərəflər Almatı Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünün tanınmasını təsdiqlədilər və delimitasiya prosesinin bu əsasda baş tutmasını razılaşdırdıq.

ABŞ Dövlət katibi Blinkenlə telefon danışığı zamanı Azərbaycanın da bu bəyannaməyə sadiqliyi təsdiqləndi və mənə də qəribədir ki, biz sülh müqaviləsində bu bəyannaməyə istinad etməyə çalışanda Azərbaycanın istəksizliyini görürük. Ümid edirəm ki, yaxın gələcəkdə biz bu məsələdə daha dərin anlaşma əldə edə biləcəyik. İkinci əsas məqam infrastrukturun açılmasıdır”.

Demarkasiya və delimitasiya ilə bağlı işlərə gəlincə, Mirzoyan bildirib ki, bu, ayrıca prosesdir, işçi görüşlər keçirilib və hazırda onların müzakirəsi üçün bir neçə variant var:

"Ola bilsin ki, yaxın vaxtlarda irəliləyiş əldə olunsun”.

Qeyd edək ki, Ararat Mirzoyanın açıqlaması Ermənistanın Almatı Bəyannaməsinə istinadən sərhədlərin delimitasiya və demarakasiya olunacağına dair razılaşmanın sülh müqaviləsinin mətninə salınmasında israr etdiyini göstərir. Lakin Azərbaycan bu məsələdə irəli sürülən şərti hüquqi baxımdan əsassız hesab edir. Yəni İrəvan 1991-ci il dekabrın 21-də imzalanmış Müstəqil Dövlətlər Birliyinin məqsəd və prinsipləri, əsasları haqqında müqavilə hesab olunan Almatı Bəyannaməsini yenidən gündəmə gətirməklə Azərbaycanla sərhədlərin həmin dövrə aid xəritələr əsasında müəyyənləşməsini istəyir. Bununla da Ermənistan delimitasiya və demarkasiya prosesinin Sovet dövründə mövcud olmuş inzibati sərhədlər əsasında aparılmasını təklif edir. Halbuki, bu, Paşinyan hakimiyyəti tərəfindən Ermənistan konstitusiyasının və qanunvericiliyinin pozulması deməkdir. Çünki konstitusiyaya görə, Ermənistan 1918-1920-ci illərdə mövcud olmuş Ermənistan Respublikasının (Ararat Respublikası) siyasi varisidir. Bu, Ermənistanın digər qanunvericilik aktlarında da öz əksini tapıb. Paşinyan hökuməti isə müasir Ermənistan dövləti sərhədlərinə görə Ermənistan SSR-in, yəni ikinci respublikanın siyasi varisidir. Rəsmi İrəvan bu vasitə ilə Azərbaycandan qanunsuz yolla qopardığı torpaqları əldə saxlamağa çalışır. Çünki İrıvan mahalının ərazisində yaradılmış birinci respublikanın ərazisi cəmi 9 min kv.km olub. Sovet dövrünə aid sonuncu xəritələrdə isə Ermənistanın ərazisinin 29743 kv.km təşkil etdiyi göstərilir. Ona görə də Paşinyan Almatı Bəyannaməsini gündəmə gətirməklə qeyd edilən ərazilər üzərində Ermənistanın suverenliyinin Azərbaycan tərəfindən tanınmasına nail olmağa çalışır. 

Ancaq Almatı Bəyannaməsi imzalandıqdan sonra Ermənistan Azərbaycana qarşı işğalçılıq müharibəsi həyata keçirməklə  dövlət sərhədlərindən imtina edib.

Almatı Bəyannaməsində qeyd edilir ki,  üzv respublikalar bir-birlərinin ərazi bütövlüyünə hörmətlə yanaşacaq və respublikaların mövcud dövlət sərhədləri dəyişdirilməyəcək. Ermənistan isə bu öhdəliyi pozaraq Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini pozub və sərhədlərini tanımaqdan imtina edib. Ona görə də Azərbaycanla Ermənistan arasında hazırda legitim sərhəd xətti mövcud deyil. İndi Ermənistanla Azərbaycanı şərti sərhəd ayırır. Delimitasiya və demarkasiya prosesindən sonra isə yeni sərhəd müəyyənləşə bilər.

Ermənistan Almatı Bəyannaməsini manipulyasiya etməklə 1991-ci ildə tanımaqdan imtina etdiyi sərhədləri Azərbaycana de-yure qəbul etdirməyə cəhd edir. Halbuki, Almatı Bəyannaməsi sənədi imzalayan ölkələrin Sovet dövründə mövcud olmuş inzibati sərhədlər çərçivəsində bir-birinin ərazi bütövlüyünün, suverenliyinin və müstəqilliyinin tanınmasını nəzərdə tutur. Yəni Almatı Bəyannaməsində sərhədlərin coğrafi koordinatlarını, hüdudlarını, keçdiyi əraziləri müəyyən edən razılaşma yoxdur. Bu baxımdan, Almatı Bəyannaməsindən sonra həmin sənədi imzalamış bütün dövlətlər öz aralarında ayrıca delimitasiya və demarkasiya prosesini həyata keçirməyə qərar verdi. Lakin Ermənistan Azərbaycanın, Rusiya Gürcüstan, Ukrayna və Moldovanın ərazi bütövlüyünü, sərhədlərini tanımaqdan imtina etdi. Eyni zamanda, Özbəkistanla Tacikistan, Tacikistanla Qırğızıstan arasındakı sərhəd mübahisələri münaqişələrə gətirib çıxartdı. Artıq Almatı Bəyannaməsi hüquqi qüvvəsini itirmiş sənəd sayılır. Belə olan halda sərhədlərin müəyyənləşməsi üçün hüquqi əsas kimi götürülə bilməz. Hətta öz aralarında delimitasiya və demarkasiya prosesinin həyata keçirlməsinə nail olmuş ölkələr belə, Almatı Bəyannaməsinə istinad etməyib. Məsələn, Ermənistan bu məsələdə Gürcüstanla Sərhədlərin Delimitasiyasına və Demarkasiyasına dair Hökumətlərarası Komissiyasının yaradılmasına dair 1995-ci ildə imzalanmış müqaviləyə istinad edir. Üstəlik, Paşinyan nəinki Almatı Bəyanatının adını çəkmir, hətta Gürcüstanla 224 kilometrlik dövlət sərhədinin razılaşdırılmamış 96 kilometrlik hissəsi boyu yerləşən yaşayış məntəqələrini və torpaqları qonşu ölkəyə güzəştə gedib. Amma Azərbaycana münasibətdə Ermənistan Almatı Bəyannaməsini əsas şərt kimi qoyur və nəinki sərhədlərin müəyyənləşməsində güzəştə getmir, eyni zamanda, işğal altında saxladığı səkkiz kəndi qaytarmaq istəmir. Bununla da Ermənistan Almatı Bəyannaməsini növbəti dəfə pozmuş olur.

"Dövlət sərhədləri haqqında" Qanuna görə, Azərbaycan Respublikasının həmsərhəd dövlətlərlə rəsmiləşdirilməyən sərhədləri dövlətlərarası müqavilə ilə təsbit edilir.  4-cü maddədə isə qeyd edilir ki,  sərhəd nişanlarının formaları, ölçüləri və qurulması qaydası Azərbaycan Respublikasının qanunvericiliyi və Azərbaycan Respublikasının dövlətlərarası müqavilələri ilə müəyyən edilir. Azərbaycanla Ermənistan arasında isə nə dövlət sərhədləri haqqında, nə də delimitasiya və demarkasiya ilə bağlı hüquqi öhdəlik yaradan hər hansı müqavilə var. Almatı Bəyannaməsi bu öhdəliyi təsbit etmir. Əksinə, Azərbaycan Konstitusiyasına görə, müasir Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş AXC-nin siyasi varisidir. Həmin dövrün xəritələrinə əsasən Azərbaycanın dövlət sərhədləri 114 min kvadrat kilometr təşkil edib.

1920-ci ildə bolşevik Rusiyasının işğalından sonra Azərbaycan torpaqları hər hansı konstitusion və hüquqi qüvvəsi  olmayan qərarlar əsasında Ermənistana bağışlanıb. Ona görə də Sovet dövrünün xəritələrinə yenidən baxılsa, Ermənistan həmin əraziləri Azərbaycana qaytarmalıdır. Ermənistan isə Almatı Bəyannaməsinə istinad etməklə həm də 1991-ci ilin dekabr ayından əvvəl işğal edilmiş əraziləri qaytarmadan imtina edə bilər. Məsələn, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-ə birləşdirlməsinə dair 1991-ci il dekabrın 1-də Ermənistan Ali Sovetinin qəbul etdiyi qərara hələ xitam verilməyib. Ermənistan Konstitusiyasında bu qanunsuz qərara istinad edilir. Paşinyan hakimiyyətinin konstitusiyanı dəyişəcəyi barədə vədləri isə söz olaraq qalır.

Yaxud, Ermənistan Sədərək rayonunun Kərki kəndini 1990-cı ilin yanvar ayında, Qazax rayonunun Bağanıs Ayrım kəndini isə elə həmin ilin mart ayında işğal edib. Ona görə də Almatı Bəyannaməsi Ermənistana adları çəkilən yaşayış məntəqələrini qaytarmamaq üçün manipulyasiya imkanları açır.
 
Ararat Mirzoyanın dediyi razılaşdırılmamış ikinci məqam isə daha çox Zəngəzur dəhlizi ilə bağlıdır. Azərbaycanla Ermənistan arasında digər istiqamətlər üzrə kommunikasiyaların açılması isə daha asan həllini tapa biləcək məsələdir. Lakin 2020-ci il 10 noyabr Bəyanatının 9-cu bəndini yerinə yetirmək istəməyən Ermənistan Azərbaycanın qərb hissəsi ilə Naxçıvan MR arasında tranzit əlaqənin yaranmasına mane olur. Rəsmi İrəvan Zəngəzur dəhlizinin Rusiya Federeal Təhlükəsilik Xidmətinin sərhəd qoşunları tərəfindən həyata keçirilməsinə etiraz edir. Paşinyan hökuməti bunu Ermənistanın ərazi bütövlüyünə və suverenliyinə zidd adlandırır. İrəvan ərazidə gömrük və sərhəd-buraxılış məntəqələrinin qurulmasını, dəmir və  avtomobil yollarının təhlükəsizliyinin Ermənistan qoşunları tərəfindən təminini təklif edir. Yəni Ermənistan və Rusiya  arasında mövcud olan mübahisə dəhlizin açılmasına mane olur. Ona görə də Azərbaycan Ermənistana Suvalki dəhlizi modelinin Zəngəzurda tətbiqini təklif edir. Ancaq Ermənistan buna da etirazını bildirməklə sülhə və regional əməkdaşlığa maraq göstərmədiyini nümayiş etdirir. 

Müşfiq Abdulla 
“Cebhe.info”