Bakının Vardanyanı bitirən gedişi

Bakının Vardanyanı bitirən gedişi

“Hraparak” qəzeti Qarabağ erməniləri ilə Azərbaycaın dövlət nümayəndəsi arasında aparılan müzakirələrin məzmununu açıqlayıb.

Adıçəkilən mənbə bu barədə qondarma rejimin rəhbəri Araik Arutunyana istinadən məlumat yayıb. Qeyd edilir ki, Arayik Arutyunyan bir müddət əvvəl qondarma Təhlükəsizlik Şurasının katibi vəzifəsindən uzaqlaşdırdığı Vitali Balasanyanı geri qaytarmağa hazırlaşır.

“Çox güman ki, yaxın bir neçə gün ərzində onu hərbi müşavir təyin edib azərbaycanlılarla danışıqları davam etdirmək səlahiyyəti verəcək”, - deyə qəzet bildirib. Nəşr qeyd edir ki, Vitali Balasanyanın “vəzifə”dən çıxarılması məsələsini “dövlət naziri” Ruben Vardanyan qaldırmış, onun Qarabağ ermənilərinin maraqlarını qoruya bilməyəcəyini iddia etmişdi.

O, bunu danışıqlar aparan şəxs kimi Azərbaycanın tələblərini yerinə yetirməyə meyilli olması ilə əsaslandırıb. “Hraparak” həmçinin Araik Arutyunyan Laçın-Xankəndi yolunun açılması ilə bağlı Azərbaycanın ilkin tələblərini açıqlayıb. Bunlardan biri Ruben Vardanyanın Qarabağdan çıxarılması olub:

Digərləri Ağdarədəki “Qızılbulaq” mədəninin fəaliyyətinin dayandırılması, Laçın yolunun Rusiya sərhəd-keçid məntəqəsində rentgen skaner cihazları quraşdırılması və yüklərə nəzarət edənlər arasında Azərbaycan nümayəndəsinin olmasıdır”.

Araikin sözlərinə görə, Azərbaycanın növbəti tələbi isə separatçılara məxsus ağır hərbi texnikanın geri çəkilməsidir. O bildirib ki, Azərbaycan separatçılarla heç bir danışıq aparmır, bu tələblər vasitəçilik yolu ilə onlara təqdim olunub. Arutyunyan çıxışı zamanı tələblərin qəbul edilmədiyini vurğulayıb.

“Çünki onlar yerinə yetirildikdən sonra yolunun açılacağına və ya açılandan 1-2 həftə sonra yenidən bağlanmayacağına zəmanət yoxdur”.

Qeyd edək ki, Balasanyanın öz postuna qaytarılması barədə məlumatlar terrorçu rejimin rəhbərliyində bir-birinə qarşı mübarizə aparan üç qruplaşmadan ikisinin Ruben Vardanyana qarşı birləşdiyini göstərir. Yəni Vardanyana qarşı mübarizədə Ermənistanın Baş naziri Nikol Paşinyanın adamı sayılan A.Arutunyanla revanşist müxalifətin mövqeyini dəstəkləyən V.Balasanyanın maraqları üst-üstə düşür. Vardanyanın siyasi baxımdan vurulması və ya Qarabağdan qovulması Azərbaycanın da dövlət maraqlarına cavab verir. Bu mənada, Arutyunyan-Balasanyan cütlüyü Vardanyan problemini həll etmək üçün Azərbaycanın tələblərini yerinə yetirməyə razılaşa bilər.

Politoloq Əziz Əlibəyli Cebhe.info -ya bildirib ki, hazırda Vardanyanın Qarabağa gəlişini arzuolunmaz hesab edən bütün qüvvələrin ona qarşı birləşməsi prosesi gedir. Bu isə Vardanyanın fəaliyyət imkanlarını məhdudlaşdırır:

“Balasanyan prinsip etibarı ilə mövqeyini dəyişməyəcək. Həm Balasanyan, həm Arutyunyan terrorçu və cinayətkardır. Amma məsələ bundadır ki, təmaslar zamanı Qarabağ erməniləri adından bir qrup çıxış edirdi. Sərsəng su anbarından birgə istifadə və Laçında qanunsuz məskunlaşmış ermənilərin həmin ərazidən çıxarılması ilə bağlı bu qrupla təmaslar müsbət nəticələr verdi. O dönəmdə Vitali Balasanyanın əlində xəritə tutmuş bir fotosu dərc olundu. Balasanyanı Azərbaycan nümayəndələrinin ayağına getməkdə ittiham edirdilər. Bu məlumatı Balasanyanın əleyhinə istifadə etdilər və kifayət qədər təbliğatını apardılar. Yəni Azərbaycanla dialoq prosesində onun fəaliyyətinin şahidi olduq. Lakin Azərbaycan həm Balasanyanı, həm də Araiki terrorçu hesab etdiyinə, eləcə də onları Paşinyanın siyasi kölgəsi kimi gördüyünə görə Ermənistanla danışıqlara üstünlük verir. Təbii ki, separatçıları fərqli şəkildə qəbul etmək də olmaz.

Vardanyan qondarma rejimin rəhbərliyinə nəzarəti ələ keçirdikdən sonra Vitali Balasanyan oyundankənar vəziyyətə düşdü. Ona görə də Balasanyan Xankəndidəki mitinqlərdə etiraz əlaməti olaraq iştirak etmədi. Sonra da tutduğu postdan istefa vermək məcburiyyətində qaldı. İndi Araik Arutyunyanın rekonstruksiyası prosesi həyata keçirilir. Lakin Vardanyan qondarma qurumun hakimiyyətini tam ələ keçirə bilməyib”.

O bildirib ki, Paşinyan sanki Azərbaycanın dəstəyini almaq məqsədilə müəyyən gedişlər edərək Arutyunyanı növbəti dəfə meydana çıxartdı:

“Bunu elə etdilər ki, Vardanyan Azərbaycana qarşı açıq savaş elan etdi və özünün toxunulmazlığını aradan qaldırmış oldu. Azərbaycan Vardanyan üzərindən açıq mövqe ortaya qoydu və onun Qarabağda fəaliyyətini davam etdirməsini qeyri-real vəziyyətə saldı. İndi Balasanyan və Arutyunyan da daxil olmaqla bütün narazılar Vardayana qarşı birləşməlidir. Hazırda Vardanyana qarşı olan qüvvələrin revanşı baş verir. Bu isə Vardanyanın fiziki, mənəvi və lider kimi bitməsi deməkdir. Çox güman ki, Vardanyanın qaçışını hazırlayacaqlar. Bütün bunlar bir neçə gün öncə Vardanyanın istefa verəcəyi ilə bağlı yayılan xəbərlərin nəticəsidir”.

Əziz Əlibəyli bildirdi ki, Vardanyanın Qarabağı tərk etməsi ilə bağlı Azərbaycan tərəfinin tələbi Arutyunyan-Balasanyan tandeminin maraqlarına cavab verir. Ona görə də hər iki separatçı Azərbaycanın şərtlərini qəbul edəcək:

“Onlar Azərbaycanın şərtlərini qəbul etmək istəməsə, bunu açıq şəkildə bəyan edərdilər. Amma Araik əvvəlcə şərtləri açıqlayıb sonra mövqe bildirir. Bu, o deməkdir ki, konkret fakt var və onlar bunu qəbul edir. Eyni zamanda, Araik deyir ki, yol açılsa da onun bir-iki həftə sonra bağlanmayacağına dair zəmanət kim verə bilər? Yəni prinsip etibarı ilə Araik Azərbaycanın irəli sürdüyü beş tələbin əleyhinə deyil. Onun narahatlığı yolun yenidən bağlanması ehtimalı ilə bağlıdır. Yəni Araik bu şərtləri açıq mətnlə dilə gətirməklə Ruben Vardanyanı “vurmuş” olur. Azərbaycanın istədiyi də budur. Vardanyanın Qarabağdan çıxarılması Arutyunyan və Paşinyanın da əlini gücləndirir. Qızıl mədənlərinin qanunsuz istismarı dayandırılır.

Ən böyük problemlə sülhməramlı qüvvələrin komandanı Volkov üzləşib ki, onun da canı qurtarmış olur. Laçın yolunda rentgen-skaner cihazlarının quraşdırılması və yüklərə nəzarət edənlər arasında Azərbaycan nümayəndəsinin daxil edilməsinə prinsip etibarı ilə heç kim etiraz etmir. Bölgədə ağır hərbi texnikanın çıxarılması tələbinə gəlincə, bu təmin olunmalıdır. Lavrovun dərhal sonra verdiyi açıqlamalar bunu məntiqi olaraq tamamladı. Bütün bunları ümumiləşdirsək, yekun nəticə bunlardan ibarətdir ki, ermənilər ilk növbədə, yolun təkrar bağlanmayacağına təminat istəyirlər. İkincisi, Vardanyanın problemi həll olunur. üçüncüsü, Azərbaycan Laçın-Xankəndi yolundakı aksiyanın məqsədlərinə çatmış olur”.

Müşfiq Abdulla
Cebhe.info