Britaniyalı ekspert: “Sülh danışıqları uzun zaman aparacaq”

Britaniyalı ekspert: “Sülh danışıqları uzun zaman aparacaq”

“Rusiya Azərbaycan-Türkiyə münasibətlərinə qısqanclıqla yanaşır”

“Rusiya hər zaman postsovet regionlarında, xüsusilə Şərqi Avropa və Cənubi Qafqazda siyasi vəziyyətin qeyri-stabil saxlanılmasında maraqlı olub”.

Bu sözləri britaniyalı jurnalist Neil Vatson “Cümhuriyət” qəzetinə açıqlamasında postsovet regionunda ümumi mövcud vəziyyəti şərh edərkən bildirib. Söhbət zamanı ekspert Britaniya-Rusiya münasibətləri, Britaniyanın Ukraynaya hərbi-siyasi dəstəyi, Moskva və Londonun Cənubi Qafqaz üzrə geosiyasəti, həmçinin ABŞ-ın Qafqazda sülh təşəbbüsləri ilə bağlı məsələlər barədə fikirlərini bölüşüb. İlk növbədə Britaniya-Rusiya münasibətlərinə toxunan Neil Vatson hazırda iki dövlət arasında ikitərəfli münasibətlərin aşağı səviyyədə olduğunu bildirib.

“Hesab edirəm ki, “soyuq müharibə”nin sona çatmasından bəri, yəni son otuz ildə Britaniya-Rusiya münasibətləri heç vaxt yüksək səviyyədə olmayıb. Ukraynada müharibə başlayandan sonra bu münasibətlər daha da aşağı səviyyəyə düşüb. Demək olar ki, tənəzzülə uğrayıb. Britaniyada həm media cəmiyyəti, həm də siyasi ictimaiyyət, hətta sadə əhali belə Rusiya haqqında eyni fikirləri bölüşürlər.

Onların hamısı hesab edirlər ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi qeyri-qanunidir və təcavüz aktıdır. Bununla belə, Britaniyada Rusiyaya qlobal sülhə və demokratiyaya təhlükə kimi baxılır. Böyük Britaniyanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar dünyada ən sərt sanksiyalar hesab edilir. Hazırda Böyük Britaniya və Rusiya arasında birbaşa uçuşlar tam dayandırılıb.

Bir çox ölkələr kimi London da dəfələrlə Rusiyanın Ukraynaya təcavüzünü pisləyib. Britaniya Ukrayna ordusunu texnoloji cəhətdən ən qabaqcıl silahlarla təmin edən və minlərlə Ukrayna əsgərlərinə hərbi təlimlər keçirən ölkələrdən biridir. Həmçinin Britaniya ictimaiyyətində belə bir fikirlər dolaşır ki, Prezident Vladimir Putinin rəhbərlik etdiyi Rusiya Sovet İttifaqının davamıdır və Putin SSRİ-ni bərpa etmək arzusundadır”.

Britaniyalı jurnalist Londonun Ukrayna müharibəsində Rusiya ilə siyasi qarşıdurmaya girməsi ilə bağlı yayılan fikirlərlə razı olmadığını bildirib:

“Məsələ ilə bağlı müxtəlif şəxslərin yürütdüyü fikirlərlə razı deyləm. Britaniya Rusiya ilə heç bir qarşıdurmaya cəlb olunmayıb. Lakin ABŞ və bir çox Avropa ölkələri kimi Britaniya da Ukraynaya ciddi şəkildə hərbi dəstək göstərir. Hətta Ukrayna prezidenti Vladimir Zelenskinin Almaniya, Fransa, İtaliya və Britaniyaya son rəsmi səfəri zamanı Qərbdən ölkəsinə hərbi dəstəyin daha da artırılmasına çağırıb.

Avropa ölkələrinin liderləri də Ukraynaya hərbi dəstəyi davam etdirəcəklərini bildirdilər. Qeyd edim ki, Böyük Britaniya Avropada Ukraynanın ən sadiq tərəfdaşıdır. Bu da ən azından Britaniya-ABŞ münasibətlərindən irəli gəlir. Eyni zamanda, bir məqamı da nəzərə almalıyıq ki, İkinci Dünya müharibəsindən sonra Britaniya-ABŞ münasibətlərində ən böyük təməl daşı Sovet İttifaqına qarşı bir cəbhədə birləşmək idi.

Çox təəssüf ki, Avropanın bəzi ölkələri, xüsusilə keçmiş Şərq blokuna daxil olan və “Qazprom”-dan enerji asılılığı olan ölkələr Rusiyanın Ukraynaya təcavüzünü açıq şəkildə pisləmirlər və bu istiqamətdə sakit mövqe tutmağa üstünlük verirlər”.

Neil Vatson Britaniya və Rusiyanın Cənubi Qafqaz ilə bağlı fərqli yanaşmalarını bu cür şərh edib:

“Hər zaman olduğu kimi Rusiya Cənubi Qafqazda siyasi durumun sabit məcraya keçməməsi, xüsusilə Azərbaycan və Ermənistan arasında sülh prosesini ləngitmək üçün əlindən gələni edir. Moskva tarixən bu regionu öz arxa bağçası hesab edib. Rusiyanın bu regionda yeganə forpostu Ermənistandır. Çünki Rusiyanın bu ölkədə hərbi bazası var və onu özündən təmamilə siyasi və iqtisadi cəhətdən asılı vəziyyətə salıb.

Rusiya Azərbaycanın müstəqilliyini və neytral xarici siyasət yürütməsini həzm edə bilmir, hətta Azərbaycanın daxil olduğu Cənub Qaz Dəhlizinin həyata keçməsinə hər vəchlə əngəl yaradır. Rusiya Cənubi Qafqazda geosiyasi rolunun azaldığını görür. Ukraynaya təcavüzdən sonra Moskvanın Bakı və İrəvan arasında aparılan sülh danışıqlarında sadiq vasitəçi olması qeyri-mümkündür. Həmçinin Rusiya çox yaxşı anlayır ki, onun Qarabağda rus sülhməramlı qüvvələrinin müddəti iki-üç ildən sonra bitəcək və növbəti beş ildə bölgədə fəaliyyətini davam etdirə bilməyəcək. Moskva hər zaman regionda öz nüfuzunu qorumaq üçün “parçala və hökm et” siyasətinə üstünlük verib.

Amma artıq bu siyasət də heç bir fayda vermir. Bundan başqa, Rusiya Azərbaycan-Türkiyə münasibətlərinə qısqanclıqla yanaşır. Böyük Britaniyanın Cənubi Qafqazla bağlı xarici siyasətinə gəlincə, Britaniya hər bir regionda sülh və beynəlxalq hüququn qorunmasının tərəfdarıdır.

Elə vaxt olub ki, Britaniya parlamentinin bir çox üzvləri Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə təcavüzünü, eləcə də Rusiya və İranın İrəvanın işğalçı siyasətini dəstəkləməsini açıq şəkildə pisləyiblər. Bəli, bütün Britaniya siyasətçiləri Cənubi Qafqazda hazırki siyasi vəziyyət barədə çox da məlumatlı deyillər. Amma Londonun Azərbaycana dəstəyi hər zaman göz qabağında olub. Bundan əlavə, Böyük Britaniya-Azərbaycan münasibətlərinin möhkəm və sağlam təməllərə əsaslanmasında, o cümlədən ikitərəfli münasibətlərin inkişafında BP-nin rolu əvəzedilməzdir”.

Ekspert Qərbin Zəngəzur dəhlizi ilə bağlı baxışlarına da aydınlıq gətirib.

“ümumiyyətlə, Qərbdə bir çox siyasətçilər Cənubi Qafqaz və Mərkəzi Asiyanı birləşdirən Zəngəzur dəhlizinin təsir imkanları barədə ciddi məlumata sahib deyillər. Bəli, Avropada bəzi ermənipərəst deputatlar, xüsusilə Fransa hakimiyyətində müəyyən ünsürlər bu dəhliz əleyhinə kampaniya aparırlar. Lakin şəxsi düşüncəmə görə, ümumilikdə Qərb regional kommunikasiyaların bərpasını və yeni nəqliyyat yollarının qurulmasını alqışlayır. Çünki bu, münaqişə tərəflərinə yalnız rifah və sabitlik gətirəcək”.

Sonda N.Vatson ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesinin nizamlanmasında təşəbbüslərini təqdirəlayib hesab edib. Lakin o, bu prosesin çox uzun zaman aparacağını da qeyd edib.

“Böyük Britaniya və ABŞ-ın Cənubi Qafqazla bağlı yanaşmaları bir qədər fərqlidir. Böyük Britaniya Azərbaycanın ərazi bütövlüyünün bərqərar olunmasını dəstəkləyir və Cənubi Qafqazda hərbi-siyasi gərginliyin aradan qaldırılmasını zəruri hesab edir. ABŞ-a gəlincə, Britaniyadan fərqli olaraq bu supergüc ölkə regionda sülh prosesinin nizamlanmasında vasitəçilik missiyasını yerini yetirir.

Qeyd edək ki, ABŞ-ın dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Bakı və İrəvan arasında danışıqlar, təmaslar aktivləşib və bu yaxınlarda onun təşəbbüsü ilə Vaşinqtonda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin iştirakı ilə mühüm görüş keçirildi. Hesab edirəm ki, ABŞ-ın sülh təşəbbüsləri Cənubi Qafqazda öz faydasını verəcək. Lakin Azərbaycan və Ermənistan arasında sülh prosesinin nizamlanması çox uzun çəkəcək.

Ona görə ki, Rusiyanın qeyri-konstruktiv mövqeyi, İranın sülh əleyhinə məqsədyönlü addımları, o cümlədən Ermənistanda hazırki daxili siyasət və erməni diasporunun təsirləri, habelə Fransa kimi üçüncü dövlətlərin riyakar siyasəti regionda əmin-amanlığın və sabitliyin bərpası istiqamətində ciddi əngəllər yaradacaq. Danışıqlarda hər iki tərəfin sülh məsələlərində ümumi dil tapması vacibdir. Çox təəssüf ki, Ermənistan tərəfindən sülhə istəksiz yanaşılır və lazımi addımlar atılmır”.

Yunis Abdullayev
Cebhe.info