Dünya paytaxtlarından sərhədə: İrəvan yola gəlməsə... 

Dünya paytaxtlarından sərhədə: İrəvan yola gəlməsə... 

Yaxın vaxtlarda Azərbaycanla Ermənistan arasındakı şərti sərhəddə hər iki ölkənin dövlət rəsmilərinin birbaşa görüşləri başlaya bilər.

Əgər bu proses davamlı olarsa, o zaman iki ölkə arasında sülh sazişinin yekun mətninin müzakirəsi ilə bağlı Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan arasında danışıqların Azərbaycan-Ermənistan sərhədində keçirilməsi də mümkündür. Hələlik tərəflər arasında bu təkliflə bağlı prinsipcə razılığın əldə olunduğunu demək olar.

“Azərbaycan sülh müqaviləsinin mümkün qədər tez tamamlanması üçün Ermənistanla ikitərəfli əsasda birbaşa danışıqlara hazırdır. Biz inanırıq ki, iki ölkə gələcək münasibətləri barədə qərarı birlikdə verməlidir.

Qarşılıqlı məqbul məkanın seçilməsi və ya dövlət sərhədində görüş barədə qərar verilməsi də daxil olmaqla, sülh prosesinin davam etdirilməsinə görə iki ölkə məsuliyyət daşıyır.

Biz Ermənistan tərəfini yeni lüzumsuz yubatmalara yol verməməyə çağırır və danışıqların tezliklə başlanması üçün onların bu çağırışa müsbət cavab verəcəyinə ümid bəsləyirik”, - Azərbaycan XİN-in noyabrın 21-də yaydığı açıqlamasında belə deyilir.

Öz növbəsində, Ermənistan Azərbaycana sərhədyanı ərazidə demarkasiya komissiyasının iclasını keçirməyi təklif edib.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən noyabrın 21-də verilən açıqlamada bildirilib.

Məlumatda Ermənistanın Azərbaycanla münasibətlərin normallaşdırılması, Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması istiqamətində səylər göstərdiyi vurğulanıb.

Xatırladaq ki, hər iki ölkə arasında sərhəddə birbaşa, yəni vasitəçisiz görüşün keçirilməsi ənənəsi var. Ona görə də belə bir müzakirələrin aparılması mümkün hesab edilir.

Azərbaycan və Ermənistan Prezidentləri arasında ilk görüş 1999-cu il oktyabrın 11-də Sədərək rayonunun Ermənistanla sərhəddində baş tutmuşdu. Dövlət başçıları ilk dəfə, həmin vaxt danışıqlara vasitəçilik edən ATƏT-in Minsk qrupunun iştirakı olmadan birbaşa danışıqlar aparmışdılar.

Lakin o zaman işğal dövrünə təsadüf edirdi və Ermənistan Prezidenti Robert Köçəryan Azərbaycan ərazilərinin qaytarılması ilə bağlı heç bir təklifi qəbul etmirdi. Üstəlik, Rusiya Ermənistana fəal siyasi və hərbi dəstək verirdi. Digər həmsədr dövlətlər olan Fransa və ABŞ özlərini neytral kimi təqdim etməyə çalışsalar da faktiki olaraq, Azərbaycanı işğal faktı ilə barışmağa, reallığı qəbul etdirməyə çalışırdılar.

Doğrudur, sərhəddə keçirlmiş görüşdə Heydər Əliyev və Robert Köçəryan arasında Ermənistan silahlı qüvvələrinin işğal etdiyi 7 rayondan qeyd-şərtsiz çıxması barədə razılığın əldə olundu bildirilir. Ancaq görüşdən cəmi 16 gün sonra - oktyabrın 27-də Ermənistan parlamentində terror aktı törədilir və Qarabağ razılaşması ləğv edilir.

Sözügedən terrorun arxasında Rusiya xüsusi xidmət orqanlarının dayandığı barədə məlumatlar yayılsa da, sonradan Robert Köçəryanın özünün də bu cinayətdə əlinin olduğuna dair xəbərlər ortaya çıxır. Sonrakı illərdə baş verən proseslər nə Köçəryanın, nə də onun siyasi varisi Serj Sarkisyanın, eləcə də Nikol Paşinyan hakimiyyətinin işğal etdiyi ərazilərdən imtina etmək istəmədiyini təqsdiq etdi.

Bu səbəbdən, Azərbaycan öz ərazilərini güc yolu ilə azad etməli oldu. Hətta sərhəddə keçirilən görüşdə Ulu Öndər Heydər Əliyev görüşdən sonra ayaqüstü söhbət zamanı Robert Köçəryana xəbərdarlıq edərək Azərbaycan Ordusunun bir gün işğal altındakı əraziləri azad edəcəyini demişdi. 

İndi isə regionda tamamilə fərqli vəziyyət yaranıb. 44 günlük müharibədən sonra Azərbaycan bölgədəki status-kvonu ləğv etmişdisə, bu ilin sentyabr ayında Qarabağda keçirilən antiterror əməliyyatı yeni geosiyasi reallıqlar yaradıb. 

Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tamamilə bərpa edib. Bu gerçəkliyin dəyişilməz olduğunu nəzərə alan Ermənistan sülhə razılaşmaq məcburiyyətindədir. Lakin son vaxtlar Ermənistan üzərindən Cənubi Qafqazda geosiyasi mövqeyini gücləndirməyə çalışan Avropa Birliyi, Fransa, Almaniya, ABŞ kimi geosiyasi oyunçulkarın Nikol Paşinyan hakimiyyətinə təsirinin güclü olması 3 ilə yaxındır başlanmış sülh danışıqlarını pozur.

Ona görə də Azərbaycan Ermənistanla müzakirələrin hər hansı üçüncü tərəfin iştirakı olmadan aparılmasını təklif edir. Bu baxımdan, daha çox iki variant üzərində dayanılır. Gürcüstanın paytaxtı Tiflisdə, ya da sərhəddə ikitərəfli görüş üçün keçirlməsi təklif olunur.

Lakin Ermənistan Tiflisdə görüşməkdən yayınır. Azərbaycan XİN-in açıqlaması son təklif kimi sərhəddə danışıqların aparılması variantı üzərində dayanıldığını göstərir. Eyni zamanda, Ermənistanın da sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı sərhəddə görüşün keçirilməsi barədə məlumatı rəsmi İrəvanın da Azərbaycan tərəfinin təklifinə razı olduğunu deməyə əsas verir. 

Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında sərhəddə bu sahədə də görüşün təşkili ilə bağlı təcrübə mövcuddur. Belə ki, hələ 2023-ci il iyunun 12-də Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinləri iki ölkənin sərhədində görüşüb.

Şahin Mustafayev və Mher Qriqoryanın Sədərək rayonunun Arazdəyənlə sərhəddində baş tutan müzakirələrdə tərəflər delimimitasiya məsələlərinin keçilməsini müzakirə ediblər.

Ona görə də bu istiqamətdə ciddi irəliləyişin əldə edilməsi mümkündür. Yəni delimitasiya və demarkasiya prosesi, eyni zamnda sülh sazişinin gündəliyi ilə bağlı  həm Baş nazirin müavinləri, həm də xarici işlər nazirləri  səviyyəsində sərhəddə görüşün keçirilməsi mümkündür.

Bu iki məsələdə razılaşmalar əldə olunacağı təqdirdə Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri də sərhəddə birbaşa görüş keçirərək sülh sazişinin mətnini razılaşdıra bilər. Əgər Ermənistan son anda bu danışıqlardan yayınarsa, bu rəsmi İrəvanın sülh istəmədiyini isbat edəcək.

Müşfiq Abdulla 
Cebhe.info