İrəvan Qarabağdakı ermənilərə zamin axtarır

İrəvan Qarabağdakı ermənilərə zamin axtarır

Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan Azərbaycanla danışıqlarda Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyinin təmin edilməsi üçün beynəlxalq mexanizmin yaradılması məsələsinin müzakirə olunduğunu deyib.

“Belə bir beynəlxalq zəmanəti hansı ölkə verə bilər?” sualının cavabında Safaryan deyib ki, bu məsələ də danışıqlarda müzakirə olunur. Onun sözlərinə görə, bir neçə variant var və bu məsələdə zəmanətçi tərəf ölkə də ola bilər, BMT Təhlükəsizlik Şurası da.

“Danışıqlar Qarabağın hüquq və təhlükəsizliyinin beynəlxalq mexanizmi çərçivəsində aparılır”,- deyə Mnatsakan Safaryan əlavə edib.

Azərbaycanın ərazi bütövlüynün Ermənistan tərəfindən tanınması barədə sualına cavab olaraq nazir müavini deyib:

“Bildiyiniz kimi ərazi bütövlüyü həmişə tanınıb. Burada çətin ki, nə isə bir yenilik tapılsın. Hazırda danışıqlar Qarabağ əhalisinin hüquq və təhlükəsizliyinin beynəlxalq mexanizmləri çərçivəsində aparılır”.

Mnatsakan Safaryanın sözlərinə görə, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskva görüşündə sülh müqaviləsinin layihəsi müzakirə olunacaq.

Hüquqşünas Orxan Amaşov Cebhe.info-ya açıqlamasında bildirib ki, beynəlxalq hüquqda bu cür situasiyalarda yerli əhalinin hüquq və təhlükəsizliyinin təmini mexanizmlərinin tapılaraq bütün hallara tətbiq edilməsi formulu yoxdur. Bu, tərəflər arasındakı anlaşmadan asılıdır:

“Azərbaycan heç bir beynəlxalq mexanizmi qəbul etmir. Rəsmi Bakı hesab edir ki, Azərbaycan ərazisində yaşayan ermənilərin hüquq və təhlükəsizliyi onun daxili işidir. Bu məsələ Azərbaycan Konstitusiyasına uyğun şəkildə həll olunmalıdır. Azərbaycan çalışır ki, danışıqlar prosesini bu cür tövsif etsin. Yəni beynəlxalq mexanizmin təsis olunmasını rədd etsin. Biz bunun bariz nümunəsini bu yaxınlarda gördük.

Mayın 14-də Brüsseldə keçilmiş üçtərəfli görüşdən sonra Şarl Mişelin elan etdiyi bəyanatda çox ehtiyatlı bir formul nəzərdə tutulub. Qeyd edilir ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində yaşayan ermənilərin hüquq və təhlükəsiliyinin təmin edilməsi məqsədilə Bakı ilə oradakı əhali arasında dialoq olmalı və Azərbaycan bu məsələni beynəlxalq ictimaiyyətlə əməkdaşlıq mühitində həll etməlidir.

Ancaq burada beynəlxalq mexanizmdən söhbət getmir və Azərbaycan bunu heç bir halda qəbul etməyəcək. Burada söhbət yalnız rəsmi Bakı ilə erməni sakinlər arasında təmasların açıq, şəffaf və dünya tərəfindən anlaşılmasından gedir. Bu prosesdə Ermənistan Bakı və Xankəndi arasındakı təmaslarda müəyyən irəliləyişə nail olunması və yalnız bundan sonra ikitərəfli qaydada sülh sazişinin imzalanması şərtini irəli sürə bilər.

Lakin danışıqlarda Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyi məsələsinə toxunulsa da, Azərbaycan-Ermənistan münasibətlərinin tənizimlənməsi prosesinin tərkib hissəsi deyil. Sadəcə olaraq, İrəvanın Bakı-Xankəndi xətti ilə bağlı müəyyən gözləntiləri var.

Ermənistan buna uyğun olaraq, özünün sülh şərtlərini müəyyənləşdirir. ümumiyyətlə, təhlükəsizliyə və hüquqlara zəmanətin verilməsi ilə bağlı ümumi hüquqi-normativ baza yoxdur. Bunun təmin olunması tərəflər arasındakı sülh sazişinin şərtlərindən asılıdır. Lakin bu, imperativ qaydada heç bir dövlətə tətbiq oluna bilməz.

Hesab edirəm ki, bu məsələ Azərbaycan daxilində həll olunacaq. Qarabağın erməni sakinləri ilə mart ayında başlayan təmaslara yenidən impuls verilməlidir. Nəticədə, Qarabağda yaşayan ermənidilli əhali arasında qondarma rejimdən tədricən ayrılmalar müşahidə olunacaq. Laçın-Xankəndi yolunun girişində quraşdırmış sərhəd-buraxılış məntəqəsi bunu şərtləndirir”.

O xatırladıb ki, separatçı dairənin daxilində fikir ayrılıqları var:

“Belə bir şəraitdə separatçı ünsürlərin bir qismi həmin ərazini tərk edəcək. Yerdə qalan mülki əhali isə Azərbaycana inteqrasiya olunacaq. Bu, mürəkkəb prosesdir. 2025-ci ilə qədər nəzərdə tutulmayan bir sıra hadisələrin daha tez baş verdiyini nəzərə alsaq, reintenrasiya prosesinin də gözlənildiyindən daha tez mümkün olacağını düşünürəm”.

Orxan Amaşovun sözlərinə görə, Ermənistanın bütün danışıqlarda ermənilərin təhlükəsizliyi və hüquqlarının təminatı üçün beynəlxalq zəmanət mexanizminin tətbiqini israrla gündəmə gətirməkdə bir neçə niyyəti var:

“Birincisi, Ermənistan hakimiyyətinin bu mövqeyi daxili elektorata hesablanıb. Onlar Qarabağ ermənilərini yalnız buraxmadıqlarını göstərmək istəyirlər. Xatırladım ki, əgər əvvəllər Ermənistan Qarabağın stasusu məsələsini gündəmə gətirirdisə, Paşinyan 2022-ci ilin aprel ayında bu iddiadan geri çəkildi. Bəyan etdi ki, status bizim üçün məqsəd deyil, məqsədə aparan yoldur.

İndi Ermənistan çalışır ki, beynəlxalq mexanizm anlayışını təsis etməklə və orada Azərbaycan qarşısında hər hansı öhdəliklərin formalaşdırılmasına nail olmaqla “xilas üçün ayrılma” nəzəriyyəsi üçün imkanlar yaratsın. Yəni Azərbaycanın ərazi bütövlüyünü və Qarabağ üzərində suverenliyini tanıyırıq, bununla bağlı problemimiz yoxdur. Amma Qarabağda yaşayan ermənilər Azərbaycanla bir yerdə ola bilməz. Onlar xilas üçün Azərbaycandan ayrılmalıdırlar. Paşinyan bu məfkurənin sahibidir. O, iki istiqamətdə fəaliyyət göstərir.

Bir tərəfdən cəmiyyəti yekun sülh müqaviləsinə hazırlayır, digər tərəfdən də xilas üçün ayrılma mexanizmlərini əldən vermək istəmir. Çünki sülh müqaviləsində həllini tapacaq xeyli məsələlər var. Zəngəzur dəhlizinin açılması, kommunikasiyalrın açılması, sərhədlərin delimitasiyası və demarkasiyası kimi məsələlər var. Lakin bunlar sülh sazişindən sonra da həll oluna bilər. Xüsusilə də sərhədlərin müəyyənləşməsi mürəkkəb texniki prosesdir. Bizə lazımdır ki, sülh müqaviləsi imzalansın və kritik masa formalaşsın. Bura ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması daxildir. 14 may Brüssel görüşündən sonra bu istiqamətdə daha dəqiq formul müəyyənləşdirilib və həm Azərbaycanın, həm Ermənistanın ərazisi dəqiq göstərilib. Bu, Ermənistan tərəfindən Qarabağ Azərbaycandır!

Fikrinin deyilməsinə bərabərdir. Lakin dəqiqləşdirilməsinə ehtiyac var. Çünki Şarl Mişelin verdiyi bəyanat hələ hüquqi cəhətdən tamamilə məcburetmə qüvvəsinə malik deyil. Bu, danışıqların hansı mərhələdə olduğunu göstərir. Digər tərəfdən, Ermənistan anlayır ki, bu məsələdə israrlı olmaqla sülh müqaviləsindən müəyyən qədər yayına bilər.

Ancaq nəticə etibarı ilə Qarabağ yükündən azad olmaq məcburiyyətində olduğunu hiss edən Paşinyanın bundan sonra atdığı addımların kəskinliyi azalacaq. Ermənistanın Qarabağ üzərində Azərbaycanın suverenliyini tanıması şərtdir. Xilas üçün ayrılma çıxış yolu deyil. Sadəcə olaraq, bu, Ermənistan hakimiyyəti üçün sona qədər ümidin ölməməsinə hesablanmış manipulyasiyadır”.

Müşfiq Abdulla
Cebhe.info