Paşinyanın Qarabağ erməniləri ilə bağlı planı
“Əgər Qarabağdan olan “məcburi köçkün”lər hər hansı səbəbdən öz evlərinə qayıda bilmirlərsə, o zaman Ermənistan hökumətinin siyasəti onların Ermənistanda qalmaları üçün əlindən gələni etməkdir”.
Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağdan könüllü köçən ermənilərin gələcək vəziyyəti ilə bağlı hökumətin iclasında belə deyib.
“Bunu qeyd etmək çox vacibdir, biz istisnasız olaraq hamının Ermənistan Respublikasında qalmasını, yaşamasını və işləməsini istəyirik”, - deyə Paşinyan əlavə edib.
Paşinyan bildirib ki, erməni sakinlərin bəziləri Qarabağdan çıxdıdan sonra hətta Ermənistanı da tərk edirlər. Paşinyan onların gələcəkdə qayıdacaqlarına ümid etdiyini deyib.
“Mən hər gün Qarabağdan Ermənistana gələn nə qədər insanın Ermənistan Respublikasını tərk etdiyi barədə rəqəmlər alıram. İndiyədək 2500-ə yaxın insan gedib və ümid edirəm ki, onlar xaricdə yaşayan qohumlarına baş çəkəcək, orada bir az vaxt keçirəcək və şok vəziyyətdən çıxdıqdan sonra qayıdacaqlar”,-Paşinyan çıxışında belə söyləyib.
Paşinyan Qarabağdan köçən ermənilərə Ermənistan hökumətinin dəstək proqramından danışıb. Onun sözlərinə görə, hökumətin demoqrafiya, mənzil təminatı və sərhəd kəndlərində evlərin tikintisi ilə bağlı proqramları var.
“Bütün bu proqramlar vasitəsilə biz Ermənistanda qalma imkanlarının heç bir obyektiv və ya subyektiv səbəblərlə məhdudlaşdırılmaması üçün hər şeyi edəcəyik”,-deyə Paşinyan vurğulayıb.
O bildirib ki, Ermənistan Respublikası ermənilərin Qarabağı tərk etməsini istəmirdi. Lakin bu baş verdikdən sonra Ermənistanın Qarabağdan köçən erməniləri qəbul etmək istəmədiyinə dair söz-söhbətlərə son qoymaq istədiyini söyləyib.
“Lakin bu baş verəndə biz əməlimizlə sübut etdik ki, Qarabağdan olan qardaş və bacılarımızın ehtiyaclarına Ermənistan Respublikası vətəndaşları kimi qayğı ilə yanaşırıq”,-deyə Baş nazir qeyd edib.
Paşinyan hökumətin iclasında Qarabağdan olan məcburi köçkünlərə maliyyə yardımı edilməsi məsələsinə də toxunub. Baş nazirin müavini Tiqran Xaçatryan bildirib ki, 100 min dram məbləğində transfer istisnasız olaraq davam edir.
“Qarabağı tərk etmiş 56 mindən çox insan artıq bu yardımı alıb”,-Xaçatryan belə deyib.
Baş nazir bildirib ki, bu mərhələdə onlar Qarabağ sakinlərinin problemlərini həll etmək iqtidarındadırlar. Lakin onların beynəlxalq maliyyə dəstəyinə də ehtiyacı var. Xarici tərəfdaşlar artıq köçən ermənilərin ehtiyaclarını ödəmək üçün Ermənistana dəstək verməyə hazır olduqlarını bildiriblər.
Beləliklə, Paşinyanın çıxışı göstərir ki, Qarabağdan köçən ermənilərin Ermənistanda məskunlaşması rəsmi İrəvanın maraqlarına daha çox uyğundur. Hətta Ermənistan hökuməti daimi yaşamaq üçün xarici ölkələrə getmək istəyən erməniləri də geri qayıtmağa inandırmağa çalışır. Yoxsul və iqtisadi cəhətdən zəif olan Ermənistanda Paşinyan onlara ev və iş təklif edir. Baş nazir həmin erməniləri “məcburi köçkün” adlandırmaqla və sayını süni şəkildə artırmaqla xarici yardımlar almağa çalışır. Lakin həmin insanlar bir ölkənin daxilində məcburi yerdəyişmə etmədiyinə görə “məcburi köçkün” adlandırıla bilməz. Qarabağın erməni azlığının üzvləri könüllü olaraq başqa dövlətin ərazisinə köçüblər.
Bir sıra Qərb dövlətləri və beynəlxalq qurumlar tərəfindən onlara yardımların ödənilməsinə Paşinyan hökuməti yeni gəlir mənbəyi kimi baxır. Bu prosesə erməni diasporu da daha fəal qoşulacaq və “qaçqınlar”a yardım adı altında pul toplamağa çalışacaqlar. Ancaq Qarabağdan köçən ermənilər arasında sayca xeyli Ermənistan vətəndaşı var. Bu baxımdan, Paşinyanın onlardan “qaçqın” düzəltmək cəhdləri mümkün olmadığından Baş nazir Qarabağdan köçən ermənilərin hamısını Ermənistan ərazisində saxlamaqla maddi dəstək qazanmaq üçün hüquqi əsas yaratmağa istəyir.
Eyni zamanda, Ermənistan erməniləri Qarabağdan gələn ermənilərə mənfi münasibət bəsləyir və onların miqrasiyasına qarşıdır. Artıq Qarabağdan köçənlər Ermənistan ermənilərinin onlara mənfi münasibət göstərdiyinə dair sosial mediada açıqlamalar verib. Yəni bu da onların Ermənistanda qalmaması üçün daha bir səbəb yaradır. Ona görə də Paşinyan “Ermənistanın Qarabağdan köçən erməniləri qəbul etmək istəmədiyinə dair söz-söhbətlərə son qoymaq” üçün onlara Ermənistan vətəndaşları kimi yanaşacağını dilə gətirməklə bu adamların ölkə ərazisində saxlamaq üçün ayrıseçkiliyin qarşısını alacağını vəd edir. Ermənilər isə Qarabağa qayıtmaq istəməsələr də, Ermənistanda qalmağı da məqbul hesab etmirlər.
Müşfiq Abdulla
Cebhe.info