Bu şəxslər ömür boyu siqaret ala bilməyəcək

Bu şəxslər ömür boyu siqaret ala bilməyəcək

İngiltərədə gənc nəslin ömürlük siqaretə çıxışını qadağan edəcək qanun parlamentdə təsdiqlənib.

“Cebhe.info” xəbər verir ki, “Siqaretsiz nəsil” yaradılması təşəbbüsü çərçivəsində 2009-cu il yanvarın 1-dən sonra doğulanlara siqaret satışı qadağan edilib.

Bildirək ki, qanun layihəsi İcmalar Palatasında 383 deputatın təsdiqi ilə qəbul edilib, 67 deputat isə qanun layihəsinə qarşı çıxıb.

Təsdiqlənən qanunla bu il 15 yaşı tamam olan uşaqlar ömürləri boyu siqaret ala bilməyəcəklər. Qanun siqareti deyil, siqaret məhsullarının satışını da qadağan edir.

Buna bənzəyən qadağa Yeni Zelandiyada da qəbul edilib, lakin qanun qüvvəyə minməzdən əvvəl ölkənin yeni koalisiya hökuməti tərəfindən ləğv edilib.

Hazırda Böyük Britaniyanın Baş naziri Rishi Sunakın yaşı 15-dən aşağı olan hər kəsə siqaret almağı qadağan etmək planı keçmiş baş nazirlər Liz Trass və Boris Conson da daxil olmaqla, hakim Mühafizəkarlar Partiyasının bəzi üzvlərini də qəzəbləndirib. Boris Conson qanunu "dəlilik" kimi təsvir edib.

Consondan sonra ölkənin ən qısa müddətə baş naziri olmuş Liz Trass qanunun “azadlığa” zidd olduğunu deyib.

Milli Statistika İdarəsinin məlumatına görə, 2022-ci ildə Böyük Britaniyanın yetkin əhalisinin 12,9 faizi (6,4 milyon nəfər) siqaret çəkib.

Hesablamalara görə, hazırda Böyük Britaniya əhalisinin 21 faizinin yaşına görə siqaret almasına icazə verilmir.

Satış yaşının 2027-ci ildə 19-a yüksələcəyini fərz etsək, qadağanın əhatə etdiyi əhalinin nisbətinin 2035-ci ildə 30 faiz, 2044-cü ildə 40 faiz, 2053-cü ildə isə 50 faiz olacağı gözlənilir.

Nigar
“Cebhe.info”