Moskvada kəndləri qaytaran Paşinyana “satqın” deyildi 

Moskvada kəndləri qaytaran Paşinyana “satqın” deyildi 

“Ermənistanın Baş naziri Bakının maraqlarını təmin etmək üçün səylərini davam etdirir”. 

“Cebhe.info”-nun məlumatına görə, Rusiya Dövlət Duimasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin “Qovorit Moskva” radiosuna açıqlamasında belə deyib. Onun sözlərinə görə, ölkələr arasında yaranmış fikir ayrılığı Azərbaycandan Türkiyəyə birbaşa tranzit imkanları ilə bağlıdır.

“Paşinyan özünə güvənir. O, Azərbaycanın maraqlarını təmin etməyə yönəlmiş əvvəlki xəttini davam etdirir. Eyni zamanda, buna müraciət etmək məcburiyyətində qalan bir insana bənzəyir. Üstəlik, bütün bunlarla paralel, hər şeydə KTMT-ni və Rusiya Federasiyasını Ermənistanın müdafiəsini öz üzərinə götürməməkdə günahlandırmaq mövqeyi nümayiş etdirir. O, mahiyyət etibarı ilə həmvətənlərindən imtina etmək-xəyanət yolunu tutub və bu yolla getməyə məcburdur”. 

Zatulin daha sonra bildirib:

“Azərbaycanın iddia etdiyi o kəndlərin əhəmiyyəti nədir? Əslində, onlar Ermənistanın İrana çıxışını, Gürcüstana tranziti təmin edirlər. Bunlar tranzit kəndlərdir və Ermənistan hakimiyyətinin tutduğu mövqe nəticəsində Ermənistan onları itirərsə, o zaman əlaqə kəsilir və növbəti güzəştlərə yol açılır. Azərbaycanın və Türkiyənin ən başlıca tələbi Azərbaycanla Naxçıvan arasında Zəngəzur dəhlizinin açılmasıdır. Beləliklə, Türkiyədən Azərbaycana birbaşa tranzit həyata keçiriləcək”. 

Zatulin qeyd edib ki, Rusiya Federasiyası Ermənistanla NATO arasında münasibətlərin qurulması məsələsində Bakıya ümid bəsləməməlidir:

“Stoltenberq Ermənistana əkdiyi məhsulu biçmək, yəni Ermənistanı Rusiyadan ayırmaq və Qərb düşərgəsinə keçirmək üçün gəlir. Mənə elə gəlir ki, Azərbaycan bu məsələdə bizim müttəfiqimiz deyil, Türkiyənin müttəfiqidir. Türkiyə müvafiq dairələrdə Qafqazdakı bütün fəaliyyətini NATO-nun Şərqə irəliləməsi kimi təqdim etməyə çalışır”. 

Müşfiq Abdulla 
“Cebhe.info”