Bu kənddə yasda yemək verilmir: "Ət olsa, molla o qapıya getmir" - MÜSAHİBƏ

Bu kənddə yasda yemək verilmir: "Ət olsa, molla o qapıya getmir" - MÜSAHİBƏ

Xəbər verdiyimiz kimi, Azərbaycanda daha bir kənddə yas mərasimində yemək verilməməsi qərara alınıb.

Belə ki, Şəki rayonunun Şirinbulaq kənd camaatının ümumi qərarı ilə bundan sonra yas mərasimlərində yemək verilməyəcək.

Sosial şəbəkə istifadəçiləri həmçinin Şəkinin Böyük Dəhnə, Kiçik Dəhnə və Oxud kəndlərində də artıq yaslarda yemək verilməsi adətinin tədricən aradan qalxdığını bildiriblər. Qeyd edilib ki, artıq bir neçə ildir Şəkinin Orta Zəyzid kəndində bu qayda tətbiq olunur. 

Şəki rayonu Kiçik Dəhnə kəndinin bələdiyyə sədri Əlvida Cəlalov bununla bağlı "Cebhe.info"-nun suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Necə oldu ki, belə bir qərar verildi?

- Təklifi Moskvada iş adamı olan qardaşım Elçin Cəlalov irəli sürdü. Kəndin su, yol və digər məsələlərini bələdiyyə onun maliyyə dəstəyi ilə görür. Elçin kəndin ağsaqqallarını, mollaları, əfəndiləri, imamları özünün kənddəki "Baloğlan" şadlıq evinə yığdı. Səs çoxluğu ilə qəbul edildi ki, yas yerlərində yemək verilməsi, cümə, o cümlədən yeddi və 52 mərasimlərinin keçirilməsi qadağan olunsun. Sadəcə üç və qırx mərasimləri qalıb. Qırxa da 20-30 nəfərdən çox olmayaraq insanları çağırmaq olar.

- Bu qərara etiraz edənlər oldu? 

- Etiraz edənlər oldu. Biri dedi ki, ət verilsin, biri dedi, verilməsin. Nəticədə, səs çoxluğu ilə təklif qəbul edildi. Belə ki, üç mərasiminə kimi şirinçay, xurma verilir, şirniyyat stolu olur. Digər günlər isə qapıya getmək olmaz. Yas yerində baxırdın ki, ölü qalıb kənarda, yas sahibi ət dalınca qaçır, belə halların yaşanmaması üçün qərar qəbul edildi. İki aydır ki, bu proses icra olunur, camaat da razıdır.

- Qərarın icrasına nəzarət necə təmin edilir?

- Məclisə nəzarət bələdiyyə tərəfindən həyata keçirilir. Mollaya da tapşırılıb ki, dəfn günü məsələ elan olunsun. Əgər ət olarsa, molla o qapıya getmir.

Qeyd edim ki, yas məsələlərinə nəzarət gücləndirilib. Bununla yanaşı, əvvəllər insanlar qəbirstanlıqdan 5 yer götürürdü, çəpər çəkirdilər. Bunların qarşısı alınır.

Ləman İsmayıl
"Cebhe.info"