“Azərbaycanda əhali işləyir, pensiyaçıları saxlayır”- MÜSAHİBƏ

“Azərbaycanda əhali işləyir, pensiyaçıları saxlayır”- MÜSAHİBƏ

2026-cı ildən sonra pensiyaçıların sayında artım olacaq.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib. O bildirib ki, bu da Azərbaycanda orta ömrün uzanması ilə əlaqədardır:

“Orta ömür artdıqca yaşlı pensiya alanların da sayı artacaq. Artıq 2026-cı ildə sabitləşmə, ondan sonra isə pensiyaçıların sayının artmasını biz müşahidə edəcəyik”.

Bəs Azərbaycanda orta ömür yaşı yığılan pensiyanı almaq üçün yetərli olurmu? Pensiyaçıların sayının azalması həm də ölümlərlə əlaqədardır?

"Cebhe.info"-nun suallarını iqtisadçı Akif Nəsirli cavablandırıb.

- Akif bəy, sizcə, Azərbaycanda orta ömür yaşı pensiya alacaq qədər uzun olurmu?

-Son illərdə Azərbaycanda pensiya yaşına çatmadan ölüm hallarının sayı artıb. Pensiya yaşanların çatanların da böyük əksəriyyəti pensiyaya çıxandan sonra cəmi 6-7 il yaşayır. Amma inkişaf etmiş ölkələrdə pensiya yaşına çatmış əhali bir çox hallarda 15-20 il yaşayır. İtaliyada 65 yaşdan pensiyaya çıxırlar, orta ömür uzunluğu 87 yaşdır. Amma pensiyaçıların təxminən 30 faizdən çoxu 95 yaşdan çox yaşayır.

-Pensiya yaşına çatandan sonra digər ölkələrdə neçə il yaşayırlar, Azərbaycanda neçə il?

-Bizdə orta ömür uzunluğu 73,5 ildir. 73,5 il o deməkdir ki, hökumət orta hesabla yaşla bağlı pensiyaya çıxan hər bir vətəndaşa təxminən 8,5 il  pensiya verir. Qanunvericiliyə görə, öhdəliyi 12 ildir. Yəni Azərbaycan hökuməti hər bir pensiyaya çıxan vətəndaşına 12 il müddətində pensiya vermək öhdəliyini üzərinə götürür. Amma həmin pensiya öhdəliyinin orta hesabla 6 ilini, rəsmən isə 8,5 ilini pensiya verir. Bundan sonra pensiyaçı dünyasını dəyişir. 

-O zaman demək olar ki, pensiyaçıların sayının azalması həm də ölümlərlə əlaqədardır?

-Pensiyaçıların sayının azalması tək ölüm məsələsi deyil. Pensiyaçıların sayı ötən il ərzində 18 min 200 nəfər azalıb. Amma yaşla bağlı pensiyaya çıxanların sayı 6 min nəfər artıb. Bu, onu göstərir ki, əsas məsələ ölüm deyil. Əsas xəstəliklərlə bağlı pensiyaya çıxmaq məsələsi var. Guya rüşvətlə pensiya alanların pensiyaları son 5 ildə kəsilir. Üstəlik, bizim əlil olan vətəndaşlarımız da çətinliklə pensiyaya çıxır. Rüşvətlə pensiya alan başadüşüləndir. Amma onlarla bərabər haqqı olub pensiyaya çıxmaq istəyənlər ciddi əngəllə qarşılaşırlar. Azərbaycanda pensiyaçı sayının azalmasının əsas səbəbi budur. Yaşla pensiyaya çıxanların artım tempində də azalma var. Mən hesab edirəm ki, bu il ərzində pensiyaya çıxanların sayı bir qədər də azalacaq. Bu tendensiya əhalinin ömür uzunluğunun aşağı düşməsindən xəbər verir.

-Azərbaycan vətəndaşı pensiyaya çıxmadan vəfat etsə, onun hesabındakı pulun vərəsələrinə verilməsi niyə reallaşmır?

-Pensiyaçının yerdə qalan kapitalını vərəsələrinə və ya kiməsə vermək mümkün deyil. Yəni vərəsəlik məsələsi Azərbaycanda bir qədər mücərrəddir. İnkişaf etmiş ölkələrdə pensiyaçı pensiya kapitalını xərcləmədən həyatını itirirsə, həmin vəsait mərhumun vərəsələrinə təqdim edilir. Azərbaycanda isə qanunvericilik bu cür tənzimlənmir. Çünki Azərbaycanda pensiya kapitalı mövcud deyil, sığorta kapitalı mövcuddur. İşləyib əmək haqqından 25 faiz Dövlət Sosial Müdafiə Fonduna ödədiyiniz sığorta faktiki indi pensiya alan əhalinin maliyyələşdirilməsinə yönəldilir, yəni kapital olaraq yığılmır. Buna görə də həmin məbləğin vərəsəyə verilməsindən söhbət gedə bilməz. 

-Qanunvericilikdə bununla bağlı hər hansısa bir dəyişiklik edilə bilərmi?

-Azərbaycanda şəxsi hesaba vəsait yığılmır. Bir nəfərin 50 min kapitalı varsa, reallıqda bu 50 min manat heç bir yerdə yoxdur. Azərbaycanda sistem başqa cürdür. Əmək qabiliyyətli əhali işləyir, pensiyaçıları saxlayır. Ötən il 5, 4 milyard manat DSMF-yə vəsait yığılıb. Bunların hamısı pensiyaçıların pensiyalarının verilməsinə yönəldilib. 1,4 milyard da büdcədən ayrılıb. Gənclər işləyir, ahıl əhalini saxlayır. Amma tərəqqi edən ölkələrdə sistem belədir ki, əhali işləyir, əmək qabiliyyətli dövründə özünə pensiya yığır, həmin pensiya şəxsi hesablarda qorunur, hər il indeksləşdirilir. Həmin vəsait real olaraq hesablarda var. Həmin vəsaiti vətəndaş öləndə də vərəsələrinə vermək mümkündür. Azərbaycanda isə dediyim səbələrdən bu mmkün deyil.

Naibə
"Cebhe.info"