Əməkdar müəllim: “Bizi günahlandırmaq təhsilə zərbədir, günahın çoxu valideynlərdədir”- MÜSAHİBƏ

Əməkdar müəllim: “Bizi günahlandırmaq təhsilə zərbədir, günahın çoxu valideynlərdədir”- MÜSAHİBƏ

Ölkədə bir neçə ildir ki, tətbiq edilən sertifikatlaşdırmadan 40 mindən çox müəllim keçib.

2026-cı ilin sonuna qədər 137 min müəllim sertifikatlaşdırmada iştirak edəcək. Son sertifikatlaşdırmadan keçmiş 5 246 təhsilverənin vəzifə maaşına 35 faiz, 17 914 təhsilverənə isə 10 faiz artım tətbiq olunur. Bu il isə riyaziyyat-informatika, xarici dil ( İngilis, rus, fransız, alman), tarix və coğrafiya fənlərindən dərs deyən müəllimlər sertifikasiya imtahanlarına cəlb olunacaqlar. 2024-cü ildə təşkil ediləcək təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahan mərhələsinin qiymətləndirmə çərçivəsi də artıq açıqlanıb. Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzinin məlumatına görə, suallarla bağlı dəyişiklik yoxdur. Burada 60 sualdan 50-si ixtisas, 10-u isə metodika və pedaqogika üzrə təqdim olunacaq.

Rus dili və ədəbiyyatı fənni üzrə sualların 30-u dil, 20-si ədəbiyyat, 10-u metodika və pedaqogikadan düşəcək. Fənlər üzrə suallar asan, orta və çətin olmaqla üç kateqoriyaya bölünəcək. Fəaliyyət dövrünün beş ili tamam olmuş müəllimlər də sertifikatlaşdırmaya cəlb olunacaqlar. Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin 2024-cü ildə keçiriləcək sertifikasiya imtahanlarının vaxtına əsasən Xarici dil (İngilis, rus, fransız, alman) - may ( I zona) və iyun ( II zona) ayında təşkil olunacaq. 

“Cümhuriyət”-in müsahibi növbəti sertifikasiya imtahanında iştirak edəcək Yardımlı rayon Səyyar Şabıyev adına Şəfəqli kənd tam orta məktəbində ingilis dilini tədris edən Əməkdar müəllim Həbib Qənbərovdur:

- Həbib müəllim, artıq bir neçə ildir ki, sertifikatlaşdırma tətbiq olunsa da, müəllimlər bu prosesə müxtəlif istiqamətdən yanaşırlar. Yəni bəzi müəllimlər sertifikasiyanın lazım olduğunu, bir qismi isə ehtiyac olmadığını bildirir. Sizin fikrinizcə, sertifikasiya müəllimlər üçün nə dərəcədə əhəmiyyətlidir? 

-Ümumiyyətlə, sertifikasiyanı müsbət qiymətləndirirəm. Çünki müəllim həqiqətən müəllimdirsə, öz üzərində işləməlidir. Əgər müəllim öz üzərində işləmirsə, şagirdi də özü səviyyəsində olacaq.

Sertifikasiyanın ən yaxşı cəhəti ondan ibarətdir ki, müəllimlərin öz üzərində bir məsuliyyət hissi yaratdı. Müəllimi öz üzərində az da olsa işlədir. Yəni müəllim sinifə daxil olanda az-çox nə isə öyrədə bilər. Çünki hər hansı bir sahədə mütəxəssisə nəzarət olmadıqda, özünə arxayınlıq hissi yaranır. Bu baxımdan sertifikasiyanı yüksək dəyərləndirirəm. Müəllim niyə qorxmalıdır? Əgər müəllim öz ixtisasını yaxşı bilirsə, heç nədən qorxmaq lazım deyil. Bununla yanaşı, əlavə əmək haqqı artımı varsa, maddi baxımdan müəllimlər üçün yaxşıdır. 

-Bu il artıq xarici dil fənnini tədris edən müəllimlər də sertifikasiya imtahanında iştirak edəcəklər. Bir çox müəllimlər sertifikasiyadan öncə daha yaxşı hazırlıq məqsədilə kurslara gedirlər. Siz də hazırlıq üçün kursdan yararlanırsınızmı? Ümumiyyətlə, özünüzü prosesə hazır hesab edirsinizmi?

- Mən kursa getmirəm. Çünki Yardımlıda yaşayıram və burada kurs yoxdur. Mən öz üzərimdə işləyirəm. Elm və Təhsil Nazirliyi hansı sahələr üzrə hazırlaşmaq lazımdırsa, bu barədə Çərçivə Sənədi yayıb. Mən o sahələr üzrə suallara baxıram, əlavə materiallardan istifadə edirəm. İnanıram ki, nəticə yaxşı olacaq.

- Belə bir fikir var ki, bölgələrdəki məktəblərdə xarici dil fənni yüksək səviyyədə tədris olunmur. Bu fikirlə razılaşırsınızmı?

-Yardımlı rayonu ilə bağlı bu fikirlə razılaşıram. Çünki bizim rayonda ali təhsilli xarici dil müəllimi çox azdır. Həmin müəllimlər əsasən kollec təhsili alıblar. Xarici dil müəllimlərinin təxminən 70-80 faizi kollec təhsillidir. Onlar özlərində daha çox məsuliyyət hiss etməlidirlər.

Çünki sertifikasiyadan 1-2 il keçməsə, müəllimlikdən azad oluna bilər. İndiyədək belə bir proses yox idi. Ancaq indi öz üzərində məsuliyyət hiss edir ki, artıq oxumalı, hazırlaşmalıyam. Hansısa kursa getməlidir, yaxud onlayn məşğul olacaq, əsas odur ki, hazırlaşmalıdır. Ancaq reallıq odur ki, bizim rayonda xarici dil fənni üzrə zəif tərəflər var. 

-Hər il bir çox ali təhsil ocaqlarından kifayət qədər xarici dil fənni üzrə məzunlar olur. Ancaq onlar bölgələrdə işləməyə maraq göstərmirlər. Sizə elə gəlmirmi ki, təyinat sisteminin bərpası mövcud problemin aradan qaldırılmasına şərait yaradar?

- Hazırda Yardımlı rayonuna xarici dil fənni üzrə ali təhsilli müəllimlər demək olar ki, gəlmir. Çünki onlar burada çalışdıqları 3 il müddətində qalmalıdırlar. ETN-in qaydalarına əsasən bölgədə 3 il müddətində çalışdıqdan sonra başqa yerə gedə bilərlər. Ona görə də məzunlar rayona gəlmirlər.

Bir qədər özlərinə rahatlıq axtarırlar, həmçinin maddi təminatı fikirləşirlər. Rayonda bəzi kəndlərdə xarici dil müəllimi olmadığına görə təqaüdə çıxmış müəllimləri cəlb edirlər ki, məktəb boş qalmasın. Lənkəran-Astara Regional Təhsil İdarəsi həmin müəllimləri axtarıb tapır və məktəbləri qismən də olsa müəllimlə təmin edə bilir. Elə məktəblər var ki, məsələn, bir məktəbdə 3 “oklad”, 35 saat dərs var, orada xarici dil müəllimi yoxdur, başqa fənnlərə bölüşdürüblər. Ancaq 35 saata belə gələn müəllim yoxdur. Mən 1983-cü ildə universiteti bitirdim və birbaşa təyinatla bir kənd məktəbində 6 il işlədim. Sonra öz kəndimizdə boş yer olduqda gəlib burada çalışmağa başladım.

Təyinat olsa, əlbəttə, yaxşıdır. Doğrudur, azadlıq, harada istəyirsənsə orada çalışmaq yaxşıdır.  Ancaq bu cəhətdən götürdükdə, yerli şəraiti, bizim rayon kimi bölgələri nəzərə alıb təyinat versələr yaxşı olardı. Bir qədər də maddi baxımdan ruhlandırsalar, daha yaxşı olardı ki, burada müəllim yerləri boş qalmasın. Ucqar yerlərdə də ali təhsilli müəllimlərin olması daha yaxşıdır. Ancaq bizim rayonda bu sahədə çatışmazlıq özünü göstərir.

-Ali məktəbə qəbul imtahanlarında xarici dil tələb olunur. Xarici dil fənninə şagirdlərin marağı necədir?

-Buraxılış imtahanında xarici dil mütləqdir. Ona görə də marağı olsa da, olmasa da abituriyent hazırlaşıb o imtahanı verməlidir ki, yüksək bal toplasın. Bu baxımdan şagird də, valideyn də müəllim axtarışına çıxır. Bu qayda ilə xarici dil fənnindən hazırlaşırlar.

- Bu gün artıq belə bir fikir formalaşıb ki, şagird təhsili məktəbdə deyil, repetitor yanında alır. Siz bu fikirlə razılaşırsınızmı?

-Kuriklumun tətbiqindən sonra elə bil ki, bizdə tədris sualları bir az ağırlaşıb, mürəkkəbləşib. Vaxtilə mən orta məktəbi bitirdikdə belə bir məsələ, hər hansı fənnə daha ciddi münasibət yox idi. Hamı bütün fənləri öyrənirdi. İndi repetitorluq fəaliyyəti bizim rayonda da var. Şagirdlər repetitor yanına getməlidirlər.

-Son vaxtlar, məktəblərdə baş verən proseslər, müəllim və şagirdlərlə bağlı müxtəlif videogörüntülər yayılır, mənfi fikirlər də səslənir. Sizcə, burada günahkar valideyn, müəllim, yoxsa şagirdlərdir? 

-Mənim fikrimcə, burada müəllimin günahı yoxdur. Müəllim dərsini deyir, həm təhsil, həm də tərbiyə ilə məşğul olur. Bir məktəbin qarşısına belə bir lövhə vurulduğunun şahidi oldum: “Valideynlərin nəzərinə: salam evdə öyrədilir, çox sağ ol, təşəkkür və s. ədəbi qaydalar evdə öyrədilir. Məktəbdə təlim verilir, məktəb təlim obyektidir. Müəllim onsuz da özündən asılı olmayaraq tərbiyəyə fikir verir. Ancaq hər şey valideyndən asılıdır. Burada müəllimi günahlandırmaq təhsilə zərbədir. Mən demirəm ki, elə müəllimlər yoxdur, az da olsa, elə müəllimlər də var. Müəllim uşağı cəzalandıra bilməz, ancaq bu hallar baş verir. Onların da cəzasını vermək lazımdır. Ancaq mənə elə gəlir ki, günahın çoxu hazırda valideyndədir. Valideyn bütün günahı müəllimdə görür. Bir valideyn müəllimin yanına gəlib deyir ki, xahiş edirəm, uşağa nəzarət edin.

Mən deyirəm ki, sizin uşağınızla həftənin 3-4 saatı məşğul oluram, qalan bütün saatları sizin yanınızda olur. Valideyn uşağına tərbiyə verməli, məktəbə yola salanda övladına hər şeyi başa salmalıdır. Bəs ana, ata nə üçündür? Məktəbdə də tədbirlər keçirilməli, şagird oradan çox şey öyrənməlidir. Ancaq yalnız nazirliyi, məktəbi günahlandırmaq absurd fikirdir. Müəllimin əsas vəzifəsi təlimdir. 

-Bəzi müəllimlər belə bir təkliflə çıxış edirlər ki, sertifikasiyanın nəticələrinə uyğun olaraq, yəni toplanan bala əsasən əmək haqqı artırılmalıdır. Siz də bu təklifi dəstəkləyirsiniz?

-Bəli, mən də müəllimlərin bu təklifini dəstəkləyirəm. Bu yaxınlarda Milli Məclisdə bəzi millət vəkilləri də bu fikirlə çıxış edib ki, bu, yaxşı dəyərləndirmə deyil. Yəni 30 balla 50 bal toplayan müəllimi eyni dərəcədə qiymətləndirmək ədalətsizlikdir. Heç olmasa, 30-40-50 və daha yüksək bala uyğun qiymətləndirilsə, daha yaxşı olar. Burada aşağı hədlə yuxarı hədd arasında orta bir hədd götürülsə, daha müvafiq olardı. Yəni 41-51 bal toplayan müəllimləri əmək haqqı baxımından bir qədər fərqli dəyərləndirsələr, daha yaxşı olar. 

Nigar Abdullayeva
"Cebhe.info"