İlahiyyatçı: “Başqa aylarda günah edənin də orucu qəbul olar, ancaq…”- MÜSAHİBƏ

İlahiyyatçı: “Başqa aylarda günah edənin də orucu qəbul olar, ancaq…”- MÜSAHİBƏ

Bu gün müqəddəs Ramazan ayının ilk günüdür.

Ramazan ayının gəlişi və onun fərzləri haqqında ilahiyyatçı Tural İrfanın "Cebhe.info"-ya verdiyi müsahibəni təqdim edirik:

- Ramazanda oruc tutmağın əsl fəlsəfəsi nədir? İnsan yalnız aclıqla sınağa çəkilir?

- Oruc tutmaq bütün dinlərdə var. Əsasən də səmavi dinlərdə oruc əmr olunub. Yəhudilikdə, xristianlıqda da oruc var. İslam dinində də bir ay ixtiyarı, iqtidarı və imkanı olana oruc tutmaq fərz olunub. Oruca oturmaq insanı həm cismani, həm də ruhən təmizləyir, düşündürür. Çox yemək, yaxud qidalanma zamanı insanın daxili orqanları yalnız həzm üçün çalışır, ancaq oruc zamanı orqanlar istirahət edir, qan dövranı, qan təzyiqi nizamlanır. İnsan ibadətini də sərbəst edir. Ac qalma ilə müalicə qədimdən movcud olub. Oruc tutan müsəlmanın səhhəti də sağlam olur. Acları düşünür, yemədiyi günlərin qidasını, ərzağını fidyə şəklində kasıblara verir.

Quranda Allah- Təala buyurur ki, oruc sizdən əvvəlkilərə də əmr edilmişdir. Demək, bu ibadəti ümumbəşəri ibadətdir, hamıya aiddir.

- Oruc tutmayıb iftar süfrəsi açmağa münasibət necədir?

- Oruc tutmayıb iftar süfrəsi açmaq da gözəldir, savabdır. Ancaq yəqin ki, həmin şəxs müəyyən rüxsət ucbatından oruc tuta bilmir. O verdiyi ehsan və iftar süfrəsinin savabı üçün Allah nəsib edər ki, o da oruc tutmağa başlasın.

- Hamilə qadınlar oruc tuta bilər? Ümumiyyətlə, dinə görə kimlər orucdan azaddır?

- İslam dininə görə orucu o adamlar tuta bilər ki, oruc ona və ailəsinə zərər verməsin. Elə işdə çalışan adamlar var ki, oruc tutmaqları mümkün deyil. O şəxslər tutmadıqları günlərin əvəzinə kasıb insanlara fidyə verməlidirlər. Hamilə qadınlara zərəri yoxdursa, tuta bilər, amma bunu həkim məsləhəti ilə etməlidir. Əgər xırda bir ehtimal varsa ki, ziyan vura bilər, o zaman oruc tutsa da, batildir. Səfərdə olanlar azaddır, istəsə tutar, istəməsə tutmaz. Ancaq qayıdandan sonra qəzasını tutmalı, yaxud fidyə verməlidir. Xəstələr, qocalar, səfərdə olanlar, hamilə qadınlar oruc tutmaqda ixtiyar sahibidirlər. Əgər oruc onlara ziyan vermirsə, əksinə, səhhətlərinə müsbət təsir edirsə, tutsunlar.

- Digər günlər günah əməllərlə məşğul olan, yalnız Ramazanda oruc tutan şəxslərin orucu məqbuldur?

- Digər günlərdə günah edib yalnız Ramazanda oruc tutanlar din alverçiləridir. Onlar mövsümdən mövsümə Allahı qəbul edirlər. Başqa vaxt yox. Əgər qaydalara uyğun oruc tutubsa, başqa zaman günah edənin də orucu qəbul olar.

Ancaq içi boş, quru və sadəcə borc ödəmək qəbilindən oruc tutanların orucu batildir. Əsl ibadət dünya malı, dünya marağı, yaxud axirəti qazanmaq, cənnətdə hurilərə sahib olmaq üçün edilən deyil, əsl ibadət sırf Allah rızası üçün, sırf insanlıq üçün edilən ibadətdir. Müsəlman gərək ilin bütün vaxtlarında namazını, orucunu ötürməsin.

Günah Ramazanda da eynidir, başqa aylarda da.

- Küfr etmək orucu batil edirmi? 

-Kafir olmaq, dindən çıxmaq orucu pozur. Çünki orucun şərti müsəlmanlıqdır. Əgər insan islamdan çıxsa, demək oruc da islama aid olduğu üçün artıq o ibadət yox, sadəcə pəhriz qəbilindən hesab olunacaq. Söyüş söymək orucu pozmasa da günahdır. Hər günah da orucu pozmaz.

Bilmədən yemək, içmək, qusmaq da orucu pozmur. Diş fırçalamaq isə ümumiyyətlə, orucu pozmur, əksinə müstəhəbdir.

Çünki oruc tutan adamın mədəsindən qoxu gəlir, başqalarını narahat edir. Odur ki, misvak və ya digər üsullarla dişləri təmizləmək lazımdır. Əgər saqqızın tərkibində qidalandırıcı maddə, dad yoxdursa, həmin saqqızı çeynəmək də orucu pozmur.

Ağızı su ilə qarqara etmək, çimmək orucu pozmaz. Yalnız bilərək yemək, içmək, cinsi əlaqədə olmaq orucu batil edir. Bəzi din alimləri ehtiyata əsasən orucu pozan işlərin sayını artırıblar. Məsələn, Allahın, Peyğəmbərin, İmamların adına yalan istinad edib danışmaq, başı tamamilə suya batırmaq, sübh azanına qədər cənabətli qalmaq kimi... Ancaq şübhəsiz ki, oruc tutan adam yalan danışmamalıdır, pis əməllərdən uzaq durmalıdır. Yalan danışmaq orucu pozmasa da, günah sayılır.

Bəzən oruc tutmağı çətinləşdirirlər. Bəziləri hətta tüpürcəyi udub-udmamaq haqqında o qədər düşünür, soruşur ki, həddindən artıq tərəddüd yaranır. Belə olmaz. İstismarçı din tacirləri, ruhanilər sadə müsəlman camaatı çətinə salmamalıdır. Qurani -Şərifdə necə əmr olunubsa, oruc elə tutulmalıdır. Səfərdə olan adam ixtiyar sahibidir.

Əgər əziyyət olacaqsa rüxsətlidir, tutmaya bilər.

Ağrıkəsici iynələr olar, ancaq qidalandırıcı sistemlər orucu pozar. İmalə əgər qidalandırandırsa, o da pozar.

Yox, əgər bağırsaq tıxanması kimi problemlərə görə edilirsə, pozmaz. Qusmaq orucu pozmaz. Ancaq bilərək qusmaq pozar.

- Ramazan ayında toy, bayram, şadyanalığın keçirilməsi barədə nə deyə bilərsiniz?

- Ramazan ayında toy, bayram, nişan, şadlıq, şənlik keçirmək çox gözəl və savabdır. Yaxşı olar ki, müsəlmanlar bütün xeyirli işlərini bu aya salsınlar. İftardan sonra -onsuz da toyların çoxu axşam saatlarında başlayır- bu məclisləri təşkil etmək həm də ehsan, iftar süfrəsi savabı bağışlayar, həmin toyda, şadlıq məclisi də mübarək olar.

Gündüz oruclu adamları məclisə çağırmaq doğru olmaz. Ancaq çağırsa da günahı yoxdur. Olsun ki, qocalar, səfərdə olanlar, xəstə adamlar, oruc tutmaqdan azad olunan hamilə qadınlar, uşaqlar və digər qəbildən olanlar həmin məclisdə yesinlər, qidalansınlar. Oruc tutmuş şəxslər də nəfsinə hakim olsunlar. Ümumiyyətlə, orucluq ayında şənlik məclisi etməyin heç bir eybi yoxdur.

Ləman İsmayıl
"Cebhe.info"