Zaxarova: “Biz “Zəngəzur dəhlizi” demirik”

Zaxarova: “Biz “Zəngəzur dəhlizi” demirik”

"Diqqətinizə çatdırmaq istərdim ki, biz “Zəngəzur dəhlizi” ifadəsini işlətmirik". 

"Cebhe.info" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün, martın 27-də keçirdiyi brifinqdə bildirib.

“Söhbət Azərbaycanın qərb rayonlarını Ermənistanın Zəngəzur (Sünik-red.) rayonu ərazisindən keçməklə Naxçıvanla birləşdirən marşrutdan gedir. Kompromisləri inkişaf etdirmək üçün yaxşı qurulmuş mexanizm var. Bu, Rusiya, Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinlərindən ibarət üçtərəfli işçi qrupudur.

2023-cü il iyunun 2-də keçirilən son iclasında tərəflər regionda nəqliyyat və iqtisadi yolların blokadadan çıxarılması üçün hərtərəfli, qarşılıqlı faydalı qərar qəbul etməyə yaxın idilər. Biz tərəfdaşlarımızı siyasi iradə nümayiş etdirməyə və üçtərəfli işçi qrup da daxil olmaqla yaradılmış üçtərəfli formatlar arasında qarşılıqlı fəaliyyəti bərpa etməyə çağırırıq”, - Rusiya XİN-in rəsmi nümayəndəsi qeyd edib.

Ermənistanla Azərbaycan arasında gərginliyin artması ehtimalı və hərbi əməliyyatın mümkünlüyü ilə bağlı sualı cavablandıran Mariya Zaxarova vurğulayıb ki, Rusiya tərəfinin mövqeyi hamıya məlumdur və ardıcıldır:

“Biz tərəfləri bu mövzuda maksimum təmkinli olmağa və aqressiv ritorikadan çəkinməyə çağırırıq. Və bütün ərazi mübahisələri və qarşılıqlı iddialar müstəsna olaraq siyasi-diplomatik yolla və yalnız siyasi-diplomatik üsullarla həll edilməlidir. Bu kimi məsələlər, o cümlədən anklavların qaytarılması və dəyişdirilməsi Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiya çərçivəsində həll edilməlidir.

Biz öz tərəfimizdən Rusiyada mövcud olan unikal kartoqrafik materialları və təcrübəni nəzərə alaraq bu işə maksimum köməklik göstərməyə hazırıq. Oxşar prinsiplər Ermənistan və Azərbaycan arasında nəqliyyat kommunikasiyalarının bloklanmasına da şamil edilir”. 

Xəzər 
"Cebhe.info"