Azərbaycançılıq ideyasının yaratdığı birlik

Azərbaycançılıq ideyasının yaratdığı birlik

İSTİQAMƏT: 6.3.9. azərbaycançılıq ideyasının təbliği – “Heydər Əliyev İli”

Azərbaycanda birləşdirici dəyər olan azərbaycançılıq ideyası ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz bu ideyanın zamanında gündəmə gətirilməsi, təbliği və tətbiqi bugünkü tolerant ölkənin təməlini qoydu. Bəllidir ki, Azərbaycanda azsaylı xalqlar yaşayır.

Rəsmi məlumatlara görə, Azərbaycanda əhalinin 10 faizinə qədərini milli azlıqlar, azsaylı xalqlar və etnik qrupların nümayəndələri təşkil edir. Azərbaycanda yaşayan milli azlıqlar- yəhudilər, talışlar, tatlar, avarlar, saxurlar, şahdağ xalqları, ləzgilər, kürdlər, rutullar, malakanlar, ingiloylar, qaraçılar, aşşurlar, udilər, almanlar, ruslar və digər xalqlardır. Bu günə qədər bu xalqlarla heç bir problem yaşanmayıb. Onların milli-mənəvi dəyərləri, o cümlədən mədəniyyətləri, dinləri dövlət səviyyəsində qorunub, cəmiyyət isə hər zaman azsaylı xalqların adət-ənənələrinə hörmətlə yanaşın. Bütün bunlar isə birbaşa olaraq azərbaycançılıq ideyasının birləşdirici rol oynadığını göstərir.

Heydər Əliyev azərbaycançılıq ideyası ilə bağlı deyirdi: "Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq".

Sonrakı dövrlərdə də bu siyasət dövlətin əsas prioritetləri sırasında yerini aldı və bu gün də proses davam etdirilir. Təsadüfi deyil ki, Azərbaycan multikultiralizm, tolerantlıq baxımından dünyaya nümunə göstərilən ölkələr sırasında birincilərdəndir. Bu gün paytaxt Bakıda məscidlər, kilsələr, sinaqoqlar fəaliyyət göstərir. Bütün millətlərə məxsus insanlar öz adət-ənənlərini yaşadır, inkişaf etdirir. Azərbaycanda yaşayan azsaylı xalqların nümayəndələri də hər zaman bu məqamı diqqətə çatdırıblar. Xüsusilə də 44 günlük Vətən müharibəsi dönəmində bu məqam daha ön plana çıxdı və Azərbaycanda yaşayan xalqların nümayəndələrinin Prezident İlham Əliyevə ünvanladığı məktubda azərbaycançılıq ideyasının nə dərəcədə önəm kəsb etdiyi bir daha aydın şəkildə görünmüş oldu.

Azsaylı xalqların nümayəndələrinin ikinci Qarabağ müharibəsi dönəmində Prezident İlham Əliyevə ünvanladıqları məktubdan bir abzasda hər şey açıq şəkildə görünür.

“Möhtərəm cənab Prezident, Sizi bir daha əmin edirik ki, Azərbaycan Respublikasının ərazisində yaşayan xalqlar həm doğma Vətənimizin müdafiəsində, milli dövlətçiliyimizin daha da inkişaf etməsində, ərazi bütövlüyümüzün qorunmasında, həm də dinc quruculuq işlərində Sizin fəaliyyətinizi bundan sonra da daim dəstəkləyəcək və yanınızda olacaqlar. Sizinlə fəxr edirik! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”,-deyə məktubda qeyd olunur.

Məktubu Azərbaycanda yaşayan bir çox etnik qrupların icma rəhbərləri imzalayıb. Bütün bunlar onu deməyə əsas verir ki, azərbaycançılıq ideyası müstəqil Azərbaycanın güclənməsi, ərazi bütövlüyünün qoruması, saxlaması, o cümlədən daimi inkişafı üçün ən vacib yol xəritəsidir. Tarixçilər də azərbaycançılıq ideyasının bugünkü müstəqil, güclü Azərbaycan üçün önəmli faktor olduğunu deyir.

Tarix elmləri doktoru, professor, deputat Anar İsgəndərov azərbaycançılıq ideologiyası ilə bağlı Cebhe.info-ya danışarkən deyib ki, müstəqillik qazanandan sonra Azərbaycanda yaşayan xalqlar bir ideologiya altında birləşməli idi:

“Azərbaycan yenidən öz müstəqilliyini bərpa etdikdən sonra birmənalı olaraq həm Azərbaycanın aydınları, həm də hakimiyyəti başa düşürdü ki, xalqlar bir ideologiya altında birləşməlidirlər. Azərbaycanda min illər boyu yaşayan xalqlar bir ad altında birləşməli idilər, bu da azərbaycançılıq ideologiyası idi. Bu ideologiyada biri o birinin haqqına girmir. Yəni onun mədəni, dini dəyərlərinə, dilinə, mədəniyyətinə qarşı olmur. Əksinə, azərbaycançılıq adı altında vahid gücə çevrilir. Bu ideologiya sözün həqiqi mənasında ozamankı dövlət başçısı Heydər Əliyev tərəfindən uğurla inkişaf etdirildi. Bunun da bariz nümunəsini 2020-ci ilin sentyabr-noyabr aylarında İkinci Qarabağ müharibəsi zamanı gördük”.

QEYD: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Vilayət Muxtar

Cebhe.info