Bazara qanunsuz müdaxiləyə son qoyulacaq

İSTİQAMƏT: 6.3.12. azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi
Azad sahibkarlığın inkişaf etdirilməsi və liberal iqtisadiyyata keçid üçün qərar, fərman və sərəncamlar olsa da, real bazarlarda olan vəziyyət fərqlidir.
Dəfələrlə bununla bağlı müzakirələr aparılsa, təkliflər verilsə də, hələ də bazarlarda monopoliyanın mövcudluğu azad sahibkarlığın inkişafına mane olur. Digər tərəfdən, azad sahibkarlığın inkişaf etməməsi liberal iqtisadiyyatın da olmadığını göstərir. Bu günə qədər bu sahələrdə hədəflərə çatmaq üçün çıxış yolu kimi Rəqabət Məcəlləsinin qəbul edilməsi təklif olunub. Amma hələ də Rəqabət Məcəlləsi qəbul edilməyib.
Bu istiqamətdə işlər gedir və qeyd edək ki, artıq Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə Rəqabət Məcəlləsinin layihəsi daxil olub. Milli Məclisə daxil Rəqabət Məcəlləsinin layihəsi 12 fəsil 83 maddədən ibarətdir. Əlavə edək ki, məcəllənin qəbulu ilə “Antiinhisar fəaliyyəti haqqında”, “Haqsız rəqabət haqqında”, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının Qanunları və digər hüquqi aktlar yeni, vahid hüquqi sənəddə birləşdirilmiş olacaq.
Layihə haqqında məlumat paylaşan Milli Məclisdən bildirilib ki, məcəllə hazırlanarkən müxtəlif dövlət orqanları, habelə biznes assosiasiyaları ilə geniş müzakirələr aparılıb, onların rəy və təklifləri nəzərə alınıb. Layihə Türkiyə, ABŞ, Avropa İttifaqı, Almaniya, Avstriya, Latviya, Litva, Macarıstan və Çexiya qanunvericilikləri başda olmaqla, qabaqcıl beynəlxalq təcrübə, həmçinin yerli bazarın xüsusiyyətləri nəzərə alınmaqla ərsəyə gətirilib.
Mütəxəssislər hesab edirlər ki, Rəqabət Məcəlləsinin qəbulu biznesdə olan monopoliyanı ləğv edəcək və azad bazarın formalaşmasında əsas rol oynayacaq. Rəqabət Məcəlləsinin qəbulu ilə bəzi qadağalar da tətbiq ediləcək. Belə ki, layihəyə əsasən, aşağıdakılar rəqibin sahibkarlıq fəaliyyətini təqlid edən hərəkətlər hesab edilir:
*məhsulun texniki xassələrindən irəli gələn xarici görünüşü istisna olmaqla, rəqibin məhsulunun və onun formasının, o cümlədən malın xarici tərtibatının və ya qablaşdırılmasının onunla razılaşdırmadan təqlid edilməsi;
*rəqibin əqli mülkiyyət hüquqlarını pozmaq yolu ilə onun məhsulunun bilavasitə təkrarlanması;
* rəqibin adından və ya firma adından (eyni adlı təsərrüfat subyektinin öz adından hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə halları istisna olmaqla), habelə onun əmtəə nişanından qanunsuz istifadə edilməsi;
* rəqibin internet domeninin adından, habelə rəqiblə eynilik və ya istifadəçiləri çaşdıracaq dərəcədə oxşarlıq təşkil edən internet səhifəsinin dizaynından onunla razılaşdırılmadan istifadə edilməsi;
* rəqibin qanuna uyğun istifadə etdiyi coğrafi göstəricisindən qanunsuz istifadə edilməsi. Bu qadağaların da sahibkarların maneəsiz fəaliyyət göstərməsi üçün lazımlı bəndlər olduğu qeyd olunur. Rəqabət Məcəlləsinin qəbulu ilə nəzərdə tutulan müddəaların icrası və işlək mexanizm olması üçün qurum da yaradılacaq.
Belə ki, rəqabət orqanı rəqabət qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarətini həyata keçirən, dövlətin rəqabət siyasətinin formalaşdırılmasında iştirak edən və həmin siyasətin həyata keçirilməsini, habelə rəqabət sahəsində tənzimlənməni təmin edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) olacaq.
Onu da əlavə edək ki, artıq Rəqabət Məcəlləsi Milli Məclisin plenar iclasına salınması üçün təklif olunub. Belə ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında palrmanetin plenar iclasına salınması üçün Rəqabət Məcəlləsi və əlavə 10 qanun layihəsi təklif edilib.
Mütəxəssislər də hesab edirlər ki, Rəqabət Məcəlləsinin qəbulu ilə sahibkarlara qarşı qanunsuz müdaxilələrin, gizli şəkildə monopoliyaya dəstək verənlərin, o cümlədən bazarların vahid əllərdə cəmləşdirilməsinin qarşısı alınacaq. Bu məsələlər Azərbaycanda hər zaman ciddi narazılıqlara səbəb olub. Prezident İlham Əliyev də dəfələrlə bu problemlərə toxunub və sahibkarların fəaliyyətinə maneə yaradanlara xəbərdarlıq edib.
"Sahibkarlara yönəlmiş o çirkin əllər gərək kəsilsin. İnkişaf etmiş ölkələrdə ümumi daxili məhsulda əsas rolu kiçik və orta sahibkarlar oynayır, amma Azərbaycanda belə deyil”,-deyə Prezident İlham Əliyev deyib.
İlham Əliyev iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən çıxışında haqsız rəqabətə biznes maraqları olan dövlət məmurlarının təkan verdiyini bəyan edərək, bunun yolverilməz olduğunu bildirib:
"Onlar öz imkanlarından istifadə edərək rəqibləri sıradan çıxarırlar, bəzi hallarda şərləyirlər. Elə şərait yaradırlar ki, onlar məcbur olub ya bizneslərini satsınlar, ya da ki, çıxıb getsinlər. Buna da yol vermək olmaz".
Bütün bu problemlərin aradan qaldırılması üçün Rəqabət Məcəlləsinin qəbulu zəruri hesab edilir. Görünən odur ki, Milli Məclisin payız sessiyasında Rəqabət Məcəlləsi qəbul ediləcək və növbəti ilin əvvəllərindən artıq işlək mexanizmə çevriləcək. Ekspertlər də bildirirlər ki, məmurların biznesdə iştirakı liberal iqtisadiyyata keçidi mümkünsüz edir.
“Tam liberallaşmaya keçid mümkün deyil. Əslində bunun bütün yolları bəllidir və sadə bir izahı var, yəni iqtisadiyyatın, biznesin hansısa bir hissəsində məmur iştirakı varsa, liberal iqtisadiyyatına keçid mümkün deyil. Bütün MDB məkanını birləşdirən əsas problem də elə budur. Söz sahibi olan, dövlət nəzarət orqanında işləyən şəxs biznesdə varsa, liberallaşma mümkün olmayacaq. İstəyirsiz milyardlar xərcləyin, sərhədləri açıq qoyun, nə istəyirsiz edin, amma mümkün deyil”,-deyə iqtisadçı-alim Fuad İbrahimov Cebhe.info-ya açıqlamasında deyib.
Göründüyü kimi, azad sahibkarlığın inkişafı, liberal iqtisadiyyata keçidin mümkünlüyünü təmin etməyin tək yolu Rəqabət Məcəlləsinin qəbul edilməsidir. Gözləntilər isə yaxın zamanlarda bu məcəllənin qəbul ediləcəyi ilə bağlıdır. Sonda onu da xatırladaq ki, Azərbaycanda Rəqabət Məcəlləsi hələ 2004-cü ildən gündəmdədir. Dəfələrlə müzakirə olunub, qanun layihəsinin vacibliyi, zəruriliyi vurğulanıb. Sonrakı illərdə dəfələrlə bu məsələ gündəmə gəlsə də, 19 il ərazində Rəqabət Məcəlləsi qəbul edilməyib.
QEYD: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Vilayət Muxtar
Cebhe.info