Azərbaycanda bu halda kişilər qadınlardan 50 metr uzaq durmalıdır

Azərbaycanda bu halda kişilər qadınlardan 50 metr uzaq durmalıdır

Ali Məhkəmədə Bakıda ondan boşanmaq istəyən arvadına xəsarət yetirməkdə təqsirləndirilən 1988-ci il təvəllüdlü Heydər Nadirovun barəsindəki qərardan yenidən verilən kassasiya şikayətinə baxılıb.

Məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib. Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona şərti cəza verilib. 

Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib. Ali Məhkəmənin qərarına əsasən, hökm və ya qərar tamamilə ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya protesti təmin edilib, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilib və Heydər Nadirova 2 il 6 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunub və o, məhkəmə iclas zalından həbs edilib.

Qeyd edək ki, hadisə 2022-ci il mayın 5-də paytaxt ərazisində qeydə alınıb. Jalə Nadirova məhkəmədə bildirib ki, əri Heydərin ailəyə laqeyd yanaşması, ona qarşı təhqiredici ifadələr işlətməsi və s. səbəblərə görə birgə yaşadıqları müddətdə aralarında tez-tez mübahisələr baş verib.

Qadın ərindən bıçaqlanma hadisəsindən 5 ay əvvəl ayrılıb və boşanmaq üçün məhkəməyə müraciət edib. Boşanma barədə qərar birgə qəbul olunub və bundan sonra Jalə Nadirova kirayə evə köçüb. Buna baxmayaraq, əri onun yaşadığı ünvanı tapıb və hadisə də məhz orada baş verib. 

Heydər həmin ünvana gələrək Jalədən ona uşaqlarını göstərməyini istəyib və başqa bir kişi ilə münasibətdə olub-olmadığını soruşub. Jalə "yox" cavabı versə də, Heydər bu sualında israr edib və Jalə bezərək münasibəti olduğunu deyib. Bundan qəzəblənən Heydər əlindəki dəmir parçası ilə Jaləyə qarın nahiyəsindən xəsarət yetirib. 

Bu, ayrılan cütlüklər arasında baş verən münaqişələrə dair ancaq bir nümunədir. 

Bundan əvvəllər də ayrılan və ya boşanma ərəfəsində olan cütlüklər arasında belə hadisələr olub, qadınların qətlə yetirilməsi, xəsarət alması fatkları var. Bu isə qadınlara mühafizə orderinin necə verilməsi məsələsini aktual edir.

Məsələ ilə bağlı hüquqşünas Əsabəli Mustafayev "Cebhe.info"-ya açıqlamasında bildirib ki, məişət zorakılığı hallarında zərərçəkmişə mühafizə orderi verilə bilər:

"Mühafizə orderi almaq üçün zərərçəkmiş yaşadığı ərazi üzrə icra hakimiyyətinə müraciət edir və ona 2 halda 2 aylıq mühafizə orderi verilir. 

Mühafizə orderində yazılır ki, zərərverən şəxs qurbanın yaşadığı evə gələ bilməz, küçədə ona 50 metrdən artıq yaxınlaşa bilməz. Əgər bunun da təsiri olmasa, məhkəmə qərarı ilə 6 aylıq uzunmüddətli mühafizə orderi verilir". 

Hüquqşünas qeyd edib ki, bu sahədə ciddi maarifləndirmə işləri aparılmalıdır: 

"Çünki bəzən qurbanlar belə hallardan xəbərsiz olurlar və zərərverən şəxsdən yaxa qurtarmaq üçün evlərindən qaçırlar. Bəzən də görürük ki, boşanmamışdan əvvəl ər-arvad kirayədə yaşayır, bu halda kişi kirayədən qovulur, qadınlar işləməyəndə isə kirayə pulunu ödəyə bilmirlər. Bu kimi hallar olduqda onlar sığınacaqlara yerləşdirilirlər.

Ancaq yaxşı olardı ki, dövlətin mülkiyyətində olan sosial evlərdə məişət zorakılığının qurbanı olan şəxslərin yerləşdirilməsinə imkan verilsin. Bu, onlara işləmək, peşə qazanmaq imkanı da verəcək. Çünki sığınacaqlarda da qalmağın bir müddəti olur”. 

Vəkil qeyd edib ki, məişət zorakılığına məruz qalan şəxslərin gələcəkdə insan alverinin qurbanlarına çevrilmələri ehtimalı həddindən artıq çoxdur. 

Ləman İsmayıl 
"Cebhe.info"