Azərbaycanda özəl qocalar evi açmaq olar? - RƏSMİ

Azərbaycanda özəl qocalar evi açmaq olar? - RƏSMİ

Qocalıq mərhələsində insan həyatını davam etdirməkdə çətinlik çəkir və ikinci baxıcıya ehtiyacı olur.

Bu da bir faktdır ki, dünya ölkələrində həm dövlət, həm də özəl qocalar evləri fəaliyyət göstərir. Məsələn, bu gün Türkiyədə İstanbul, Ankara və İzmir kimi böyük şəhərlərdə yüzlərlə qocalar evi və baxım evi xidmət göstərir. 2022-ci ildə nazirliyə, özəl və digər dövlət qurumlarına məxsus ümumilikdə 452 qocalar evi fəaliyyət göstərib. 

Ümumilikdə dövlət qocalar evlərində 14 535, özəl qocalar evində 11 467 nəfər olmaqla ümumilikdə 26.002 insan qocalar evlərindədir. Nazirlik 2023-cü ilin sonuna kimi 1720 yerlik 18 yeni qocalar evinin və 600 yerlik 5 yenilənmiş qocalar evinin, ümumi tutumu 2320 olan 23 qocalar evinin istifadəyə verilməsini nəzərdə tuturdu.

Ölkəmizdə də baxıma, qayğıya ehtiyacı olan, ailəsi olsa da, baxımsızlıqdan əziyyət çəkən, eləcə də tənha yaşayan qocalar var. Ancaq bu gün ölkədə qocalar evinin sayı heç də çox deyil. Hətta dünya ölkələrindən fərqli olaraq Azərbaycanda özəl qocalar evləri fəaliyyət göstərmir. 

Yaşlı vaxtında müxtəlif problemlə üzləşən, yaxud tənha yaşayan insanlar ömürlərinin qalan hissəsini həmyaşıdları ilə keçirmək, qayğı ilə əhatə olunmaq üçün gedəcəyi qocalar evlərinin sayını artrımağa ehtiyac var. 

Ölkəmizdə qocalar evinə qəbul qaydaları necədir və özəl qocalar evi açmağa icazə yoxdurmu və bunun səbəbi nədir?

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyindən "Cebhe.info"-nun sorğusuna cavab olaraq bildirilib ki, nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin ahıl şəxslər üçün sosial xidmət müəssisəsi fəaliyyət göstərir:

“Müəssisədə hazırda 200-dən çox ahıl şəxs dövlət himayəsində yaşayır. Bu müəssisədə son illərdə müasir tələblərə uyğun şərait yaradılıb, həmçinin 5 mərtəbəli 170 yerlik əlavə korpus istifadəyə verilib. Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinə yaşı 70 və 70-dən yuxarı olan, tamamilə və ya qismən özünəqulluq qabiliyyətini itirən, psixi və yoluxucu xəstəliyi olmayan, eləcə də qulluq edə biləcək yaxın qohum və qanuni nümayəndələri olmayan şəxslər qəbul edilir.

Burada onlara stasionar formada sosial xidmətlər göstərilir, onlarla sosial iş aparılır və sosial reabilitasiyası təşkil edilir. Müəssisəyə qəbul olunmaq üçün müraciətlər Agentliyin regional filialları və ya "DOST" mərkəzləri tərəfindən qəbul edilir. 

Özəl qocalar evi ilə bağlı müraciətinizə gəldikdə isə, bu məsələ Sosial Xidmətlər Agentliyinin səlahiyyətlərinə daxil deyil”.

Nigar Abdullayeva
“Cebhe.info”