Bəzi qadınlar niyə ərlərinə xəyanət edirlər? - 5 SƏBƏB

Bəzi qadınlar niyə ərlərinə xəyanət edirlər? - 5 SƏBƏB

“Bəzi qadınların həyat yoldaşlarına xəyanət etməsinin müxtəlif səbəbləri olur”. 

Bu sözləri “Sadiq ol” Psixoloji İnkişaf Mərkəzinin rəhbəri, psixoloq Gülnar Sadiq “Cebheinfo.az”-a açıqlamasında deyib. O, bunun əsas 5 səbəbindən danışıb:

“Birincisi, kişinin iradəsi olmalıdır. Yəni kişi evdə özünü zəif göstərməməlidir. Xarakter olaraq möhkəm olmalı və ailəsinə qarşı yalan danışmamalıdır. 

Məsələn, dediyi nəyəsə xanımı etiraz edəndə, onun fikri ilə razılaşması zəiflik əlamətidir. Kişinin ağzından çıxardığı sözün kəsəri olmalıdır.  Xanım kişinin dediklərinə hörmət etməlidir. Təbii ki, bu hörməti kişi özü yaratmalıdır. Əgər kişi xanımına qarşı hörmətsizlik edirsə, xanım da eyni addımı atır.

Kişi xanımına əl qaldırırsa, onu təhqir edirsə, xanım da kişinin istəklərinə qarşı gələcək. Məsələn, kişi xanımının qara şalvar şeyinməsini istədikdə, o da acığa ağ şalvar geyinir. Nəticədə, kişi sözünün üstündə dura bilmir və buradan xarakter zəifliyi başlayır. Bu isə zamanla xanımın da xəyanətinə gətirib çıxarır”. 

Psixoloq digər səbəblərdən də bəhs edib:

“İkincisi, kişinin özünün fikrinin olmamasıdır. Bəzi kişilər anasının sözü ilə “oturub-dururlar”. 

Bəziləri də dostlarının sözləri ilə hərəkət edirlər. Yəni özünün düşüncəsi olmur. Başqalarının fikri ilə idarə olunmaq ən pis hallardan biri sayılır. Əgər kişi xanımının ona xəyanət etməsini istəmirsə, qazana bildiyi qədər ona jestlər etməlidir. Üçüncüsü isə kişi özü də xəyanət etməməlidir. Çünki bəzi qadınlar həyat yoldaşının xəyanət etdiyini görəndə, eyni şəkildə intiqam alırlar. 

Bu, hamıya şamil olunmasa da, belə qadınlar da var. Ona görə də kişi ən azından xəyanətini həyat yoldaşına bildirməməlidir. Nəzərə almalıdır ki, xanımı bunu bilsə iradə və mənlik olaraq sına bilər. Qadın kişinin xəyanətini gördükcə, psixologiyası pozulur, mənliyi qırılır, özünə hörməti itir və həyat yoldaşından qisas almaq üçün xəyanətə əl atır.  Təbii ki, bu, hamıya aid deyil”. 

Gülnar Sadiqin sözlərinə görə, kişinin qadınına qarşı aqressiv olması da xəyanətlə nəticələnə bilir:

“Dördüncü səbəb kişinin ailəsinə qarşı aqressiv olması və xanımına sevgi göstərməməsidir. Kişi çöldəki aqressivliyini gəlib evdə göstərməməlidir. Yəni çöllə ev arasında balansı qorumağı bacarmalıdır. Beşincisi isə kişinin xanımını alçaltmasıdır. 

Bəzi kişilər anasının, bacısının və ya  başqalarının yanında xanımına qışqırır, onları alçaldır. Bəzi xanımlar isə həyat yoldaşlarının analarını və bacılarını onlardan üstün tutmasını həzm edə bilmirlər.  Əfsuslar olsun ki, bütün bu səbəblər bəzi xanımların xəyanətə meyil etməsinə gətirib çıxarır”. 

Elmir 
“Cebheinfo.az”