Boşanmamaq üçün: Evlənəndə bunları edin - Sosioloq yol göstərdi

Boşanmamaq üçün: Evlənəndə bunları edin - Sosioloq yol göstərdi

Son günlər ölkəmizdə evlilik ən çox müzakirə olunan mövzulardan biri olub. 

Evlənən çütlüklərinin bir çoxunun qısa müddət sonra boşanması narahatlıq yaradır.

Sual yaranır ki, evlənmədən öncə tərəflər nələrə diqqət etməlidir? 

Məsələ ilə bağlı sosioloq Yusif Nəbiyev “Cebheinfo.az”-a açıqlamasında deyib ki, evlilik qərarı olduqca məsuliyyətli və önəmlidir: 

“Evlilik  iki insanın həmişəlik evlilikdə birgə yaşayışa qərar verməsi, bunu dövlət və ictimaiyyət qarşısında elan etməsi, nəticə olaraq isə müəyyən leqal,mənəvi öhdəlikləri üzərinə götürməsidir. Bu baxımdan, evlilik qərarı olduqca məsuliyyətli və önəmlidir. Çünki bu qərarın içində "həmişəlik" niyyəti var. Yəni ömrümüzün hər anını ehtiva edəcək bir qərardır.

Bundan əlavə, işin içində dövlət və ictimaiyyət qarşısında bəyan etmə aktı da var. Nikah və toy bunun üçündür. Yəni biz evlənərkən həm də şəxsi reputasiyamızı potensial zərbələrə açıq edirik. Ola biləcək mənfi ssenarilər qarşısında şəxsi reputasiya və imicimizin ciddi zədələnə biləcəyini gözə alırıq. Son olaraq isə leqal və mənəvi öhdəliklər var. 

Onlardan  boyun qaçırmaq ya olduqca çətin, ya da mümkünsüz olur.

Təbii ki, evlənməzdən öncə bütün bu məqamlar üzərində düşünmək mütləqdir. Bunu edə bilmək üçün isə hər şeydən öncə tərəflər bir-birlərini dərindən tanımalıdırlar”. 

O bildirib ki, evlilik qərarı iki insanın birlikdə yaşamaq istəyinin formalaşmasıdır:

“Tərəflər bir-birilərini yaxşı müşahidə etməli, tanımalı, bir-birlərinin həqiqi dəyərlərini, sərhədlərini, qorxularını, istəklərini müəyyən etməyə çalışmalıdırlar. Tərəflər öncədən bilməlidirlər ki, onlar hansı hallarda necə davranacaqlar, hansı şeyləri əsla qəbul etmirlər və bu, onlar üçün boşanma səbəbidir, cəmiyyət və yaxın ətraf, o cümlədən dostlar, qohumlarla münasibətləri hansı formada tənzimləmək istəyirlər, evin maliyyə məsələləri necə idarə olunacaq, ciddi yolayrıclarına gəlindikdə və o yolayrıcında ortaq qərara varıla bilinməyəndə, nə ediləcək, son söz kimin olacaq, övladlar olacaqmı, neçə övlad olması planlaşdırılır, övladların tərbiyəsində hansı ana xətlər meyar götürüləcək və s. məsələlərə diqqət etmək zəruridir”. 

O qeyd edib ki, evliliyin uzunmüddətli ola bilməsi üçün yuxarıda sadalanan və sadalanmamış bir çox bu kimi məqam üzərində sağlam bir konsensus əldə olunmalıdır: 

“Əks təqdirdə, rastlaşılacaq hər yolayrıcı o ailə üçün bir ağrı ocağı olacaq və ehtimal böyükdür ki, yenə bu yolayrıclarının birində ailə artıq varlığını davam etdirə bilməyəcək, tərəflər boşanmağa məcbur olacaqlar. Hətta bəzən boşanmağı belə bacarmayan ailələrlə rastlaşırıq. Ya “ölü ailə” qohumlar tərəfindən koma vəziyyətində aparata qoşulu şəkildə "yaşadılır", ya da sonluq cinayətlə bitir. Yəni, nə qədər qəribə səslənsə də, dəyərlər ən azından o dərəcədə eyni olmalıdır ki, tərəflər heç olmasa düzgün formada boşana bilsinlər”. 

Həmsöhbətimiz qeyd edir ki, evliliyin uzunömürlülüyünə təsir edən məqamlar çoxdur: 

“Bunların bəziləri, ümumiyyətlə, bizdən asılı deyil. Sosial normalarımız, mədəni dəyərlərimiz, cəmiyyətimizin faktiki dinamikaları, iqtisadi amillər, dövlət və ölkənin içində olduğu siyasi vəziyyət, demoqrafik planlama, iş amilləri və s. göstərə bilərik. Amma ən azından yuxarıda da qeyd etdiyim kimi, tərəflər bir-birilərini dərindən tanısalar, sadaladığım məqamlara dair bir-birilərinin yanaşmalarına, fikirlərinə bələd olsalar, güman çoxdur ki, bu, onların bütün digər amillərin yaratdığı çətinliklərə qarşı dirəncini də möhkəm edəcək”. 

Həsən Məmmədov 
“Cebheinfo.az”