İcra başçısı gəldi, tapşırıq verdi: Uçan körpünün bərpası bundan sonra başladı

İcra başçısı gəldi, tapşırıq verdi: Uçan körpünün bərpası bundan sonra başladı

Astarada selin törətdiyi fəsadlar artır. 

İki gündü rayona yağan yağışlar nəticəsində çaylar daşıb, sel suları vətəndaşların həyətyanı sahələrinə dolub. Astara rayonunun Vaqo kəndində körpü uçub.

Körpünün uçması ilə kəndlər arasında əlaqə kəsilib. Bu gün, həmçinin, Astara rayonunun Pensər-Şamətük dağlıq yolunun Şağlazüzə kəndindən keçən hissəsi çöküb. Yolda nəqliyyatın hərəkəti dayanıb. Şağlazüzə-Siyokəş kəndlərini birləşdirən yoldakı körpünü də sel suları dağıdıb. Ərazidə təmir-bərpa işlərini aparmaq üçün əvvəlcə dünən dağılan Vaqo körpüsü bərpa olunmalıdır. 

Vaqo kəndində uçan körpünün bərpası haqqında Cebhe.info-ya danışan Astara rayon İcra Hakimiyyətinin Vaqo kəndinin daxil olduğu Siyaku kənd İƏD üzrə nümayəndəsi Xəlil Zahirov körpünün bu gün bərpa olacağını deyib: 

“Bura mərkəzi yol olduğu, texnikalar buradan keçdiyi üçün əvvəlcə bu körpü bərpa olunmalıdır. Dünən Rayon İcra Hakimiyyətinin başçısı gəldikdən və tapşırıq verdikdən sonra qurumlar işə başladı. Dünən insanların gediş-gəlişi piyada yolu ilə təmin edildi. Bu gün də sübh çağından işə başlayıblar, ağır texnikalar cəlb olunub, körpünün bir hissəsi bərpa olunub, boru gözləyirlər, o gəldikdən sonra avtomobil yolu müvəqqəti bərpa olunacaq”.

O deyib ki,  yeni körpünün tikintisinə nə vaxt başlanmasına isə aidiyyəti qurumlar qərar verəcəklər: 

“Şagirdlərin məktəbə getməsi tam təmin olunub, artıq piyada yolla getmək mümkündür. Avtomobil yolu isə gün ərzində, saat 16-15 radələrinə bərpa olunmalıdır”. 

Günay Şahmar 
Cebhe.info