Ukrayna Milli Qvardiyasının altı yüksəkvəzifəli məmuru işdən qovuldu

Ukrayna Milli Qvardiyasının altı yüksəkvəzifəli məmuru qurumda aparılan axtarışlar fonunda tutduğu vəzifədən uzaqlaşdırılıb.
"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi öz "Telegram" kanalında məlumat verib.
"Milli Qvardiyanın Baş İdarəsinin maddi-texniki təminat şöbəsinin altı yüksəkvəzifəli əməkdaşı işdən çıxarılıb. Daxili İşlər Nazirliyi xidməti araşdırma üçün göstəriş verib. İstintaqla hərtərəfli əməkdaşlıq təmin edilir", - məlumatda bildirilib.
Qeyd edək ki, daha əvvəl Ukraynanın "Həftənin güzgüsü" nəşri mənbələrə istinadən Milli Qvardiyanın komandanlığında aparılan axtarışlar barədə yazmışdı.
Nəşrin məlumatına görə, Ukrayna Milli Antikorrupsiya Bürosunun əməkdaşları Milli Qvardiyanın komandanı, briqada generalı Aleksandr Pivnenkonun, Milli Qvardiyanın Baş İdarəsinin Logistika Departamentinin direktoru, polkovnik Sergey Qritsenkonun, Logistika Departamentinin direktoru, polkovnik Nikolay Modlinskinin və qurumun bir sıra digər əməkdaşlarının evində axtarış aparıblar.
İstintaqın məlumatına görə, Milli Qvardiyanın komandanı 190 milyon qrivna (4.5 milyon dollardan çox) məbləğində rüşvət almış ola bilər.
"Cebheinfo.az"