Laçına səfər: Yalnız qeydiyyatında olan vətəndaşlara aiddir?

Laçına səfər: Yalnız qeydiyyatında olan vətəndaşlara aiddir?

“Böyük Qayıdış” proqramının tərkib hissəsi olaraq Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərlərinin istiqamətləri genişləndirilir.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Dövlət Turizm Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıblar.

Bildirilir ki, aprelin 27-dən etibarən vətəndaşlar fərdi minik avtomobilləri ilə Şuşa şəhərinə və Suqovuşan qəsəbəsinə səfərlə bərabər, artıq Laçın şəhərinə də səfər edə biləcəklər.

Vətəndaşlar səfər üçün icazəni aprelin 26-dan başlayaraq “Yolumuz Qarabağa” portalı (www.yolumuzqarabaga.az) üzərindən əldə edə bilərlər.

Rəsmiləşdirilən icazələrin etibarlılıq müddəti 2 gün nəzərdə tutulub. Laçın şəhərinə səfər Füzuli rayonunun Alxanlı keçid məntəqəsindən daxil olmaqla “Zəfər Yolu” və Horadiz qəsəbəsindən keçməklə Cəbrayıl-Zəngilan-Qubadlı-Laçın marşrutu ilə mümkün olacaq.

Maraqlıdır, bu səfər ancaq Laçın qeydiyyatında olan vətəndaşlara aiddir?

Məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən "Cebhe.info"-nun sorğusuna cavab olaraq bildirilib ki, təkcə Laçın qeydiyyatında olanlar yox, bütün Azərbaycan vətəndaşları Laçına səfər edə bilərlər.

Ləman İsmayıl
"Cebhe.info"