May ayında “815” Çağrı Mərkəzinə 13 mindən çox zəng daxil olub

May ayında “815” Çağrı Mərkəzinə 13 mindən çox zəng daxil olub

2025-ci ilin may ayı ərzində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) “815” Çağrı Mərkəzinə ümumilikdə 13 min 40 zəng daxil olub.

Müraciətlərdən 12 min 785 zəng müvafiq olaraq dərhal cavablandırılıb, 255 müraciət isə Çağrı xidməti şöbəsi tərəfindən araşdırılması üçün qəbul edilib. 101 müraciətlə bağlı vətəndaşlara müvafiq izahatlar verilib, 99 müraciətlə bağlı məsələ həll olunub, 18 müraciət elektron sənəd dövriyyəsi üzərindən rəsmiləşdirilərək aidiyyəti üzrə yönləndirilib. 37 müraciətlə bağlı isə hazırda araşdırma prosesi davam etdirilir.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, daxil olan müraciətlərin mövzusu, əsasən, müayinə və müalicənin təşkili, əlillik məsələləri, dərman təminatı, tibbi heyət və tibbi xidmətdən şikayət, kadr məsələləri, tibbi arayış və sənədlərin verilməsi ilə bağlı olub.

Qeyd edək ki, “815” Çağrı Mərkəzi 2022-ci ilin dekabr ayında fəaliyyətə başlayıb. Mərkəzin yaradılmasında əsas məqsəd daxil olan müraciətlərin çevik cavablandırılması, aidiyyəti üzrə yönləndirilməsi və ən əsası vətəndaş məmnunluğunun təmin edilməsidir.

Vətəndaşlar TƏBİB-in Çağrı Mərkəzi ilə əlaqə saxlamaqla yanaşı, yazılı müraciətləri birbaşa quruma təqdim edə, qurumun rəsmi internet səhifəsi (https://tabib.gov.az/vetendashlar-ucun/elektron-muraciet), eləcə də [email protected] elektron poçt ünvanı üzərindən onlayn şəkildə müraciətlərini ünvanlaya bilərlər.

"Cebheinfo.az"