Qabiliyyət imtahanlarına mediatur - FOTOLAR

Dövlət İmtahan Mərkəzi 24 iyun 2025-ci il tarixində qabiliyyət imtahanlarını müşahidə etmək məqsədilə KİV nümayəndələri üçün mediatur təşkil edib.
Jurnalistlər əvvəlcə Tofiq Bəhramov adına Respublika Stadionunda idman istiqaməti üzrə keçirilən imtahanları, daha sonra isə 189-190 nömrəli məktəbdə xoreoqrafiya üzrə imtahanları izləyiblər. Tədbirdə qabiliyyət imtahanları haqqında iştirakçılara ətraflı məlumat verilib.
“Cebheinfo.az” xəbər verir ki, qabiliyyət imtahanları Dövlət İmtahan Mərkəzi tərəfindən mərkəzləşdirilmiş qaydada təşkil olunur. İmtahanlar Təsviri sənət, Musiqi sənəti, Memarlıq, Teatr, kino və xoreoqrafiya sənəti, İdman və Jurnalistika olmaqla altı istiqamət üzrə keçirilir.
Qabiliyyət imtahanlarının məzmunu açıqdır və hər bir komissiya üzrə müsabiqə şərtləri, qabiliyyət imtahanlarının proqramları, qiymətləndirmə meyarları, imtahanlara hazırlıqla bağlı tövsiyə və məsləhətlər, tapşırıq nümunələri, əyani vəsaitlərdən reproduksiyalar, şəkillər, cədvəllər, bir sözlə, xüsusi qabiliyyət tələb edən ixtisasları seçənlərin marağına uyğun olan, imtahana hazırlaşmalarına fayda verə bilən ən zəruri materiallar “Abituriyent” jurnalının xüsusi buraxılışlarında dərc edilib.
Qabiliyyət imtahanlarının keçirilməsi üçün bu il 100-dən artıq Qabiliyyət İmtahanı Komissiyası (QİK) fəaliyyət göstərəcək. QİK-lərin tərkibinə müvafiq dövlət qurumları, ali və orta ixtisas təhsili müəssisələrinin mütəxəssisləri, yaradıcılıq ittifaq¬larının üzvləri, digər təşkilat, komitə və birliklərin nümayəndələri, həmçinin DİM-in əmək¬daşları daxil edilirlər. Abituriyentlərin yerinə yetirdikləri tapşırıqları qiymətləndirmək üçün təşkil edilən QİK-lərin tərkibi Qabiliyyət İnformasiya Sistemi (QABİS) vasitəsilə müəyyən edilir.
2025/2026-cı tədris ili üçün qabiliyyət imtahanlarında iştirak etmək üçün ali təhsil müəssisələrinin V ixtisas qrupuna aid ixtisaslar üzrə 29197, tam (11 illik) orta təhsil bazasından orta ixtisas təhsil müəssisələrinə qəbul olmaq üçün 4600, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün isə 3981 olmaqla, ümumillikdə 36778 nəfər qeydiyyatdan keçib.İmtahanlara iyunun 20-dən start verilib və avqust ayının ortalarına qədər davam edəcək.
İdman istiqaməti üzrə qabiliyyət imtahanları hazırda Bakıda Azərbaycan İdman Akademiyası və Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunur. Regionlarda isə Tovuz, İsmayıllı və Şərur Olimpiya İdman Komplekslərində imtahanlar keçirilir. Məşqçilik ixtisasının idman növləri üzrə xüsusi qabiliyyət imtahanları Gənclər və İdman Nazirliyi tərəfindən müəyyənləşdirilmiş idman obyektlərində təşkil olunur.
Bu imtahanlarda Dövlət İmtahan Mərkəzinin, Gənclər və İdman Nazirliyinin nümayəndələri, müvafiq idman federasiyalarından peşəkar ekspertlər və “İdman könüllüləri və azarkeşləri” İctimai Birliyinin könüllüləri iştirak edirlər. İdman istiqamətinə aid imtahanlarda iştirak etmək üçün 20925 nəfər qeydiyyatdan keçib.
İdman istiqaməti üzrə üzrə 61 (Məşqçilik), 62 (Ümumi fiziki hazırlıq, Adaptiv bədən tərbiyəsi, Kütləvi-sağlamlaşdırıcı idman) və 63-cü (Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi) komissiyalar mövcudur.
Ümumi və tam orta təhsil bazalarından orta ixtisas təhsil müəssisələrinə qəbul üçün isə müvafiq olaraq 152 (Fiziki tərbiyə müəllimliyi) və 6401-ci (Fiziki tərbiyə müəllimliyi) komissiyaları var. 62, 63, 6401 və 152-ci komissiyalar üzrə imtahanlar ümumi fiziki hazırlıqdan təşkil olunur, nəticələr məqbul və qeyri-məqbulla, 61-ci komissiya üzrə isə balla qiymətləndirilir. 61-ci komissiyada həmçinin bəzi idman növləri üzrə imtahanlar 2 mərhələli olur – birinci ümumi fiziki hazırlıqdan ikinci isə ixtisasdan aparılır.
Təsviri sənət istiqamətinə aid ixtisaslar üzrə qabiliyyət imtahanlarında iştirak etmək üçün ümumilikdə 11444 nəfər qeydiyyatdan keçib. Bu istiqamət üzrə 12 komissiya mövcuddur. İmtahanların iyunun 20-dən etibarən 14-cü (Dizayn) komissiya üzrə Bakı şəhəri 286 nömrəli tam orta məktəbdə keçirilməsinə başlanılıb. İmtahanlar Bakı şəhəri ilə yanaşı, Gəncə, Şəki, Lənkəran və Naxçıvanda keçiriləcək.
Musiqi sənəti istiqaməti üzrə imtahanlara iyulun 1-dən start veriləcək. Bu istiqamətdə 36 komissiya üzrə 3060 nəfərin imtahan verməsi nəzərdə tutulur. İmtahanlar Bakı, Gəncə, Şəki, Lənkəran, Bərdə və Naxçıvanda keçiriləcək.
Teatr kino və xoreoqrafiya istiqaməti üzrə imtahanlara iyunun 23-də start verilib. Bu istiqamətə aid 18 komissiya üzrə 1649 nəfərin imtahan verməsi nəzərdə tutulur. İmtahanlar Bakı şəhərində 189-190 nömrəli tam orta məktəbdə və Naxçıvanda keçirilir.
Abituriyentlər Dövlət İmtahan Mərkəzinin saytında qabiliyyət imtahanlarının tarixlərini öyrənə bilərlər. İmtahan tarixləri müəyyən olunduqca siyahı yenilənərək saytdakı qrafikə əlavə olunur.
Abituriyentlər imtahandan 5 gün əvvəl qeydiyyatdan keçdikləri səhifədən “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.
Qeyd edək ki, ali təhsilin bakalavriat səviyyəsi üzrə Memarlıq, Jurnalistika və İslamşünaslıq ixtisasları üzrə keçirləcək qabiliyyət imtahanlarına qeydiyyat həmin ixtisasların aid olduğu müvafiq qrupların 2-ci cəhd imtahanlarının nəticələri açıqlandıqdan sonra aparılacaq.
Nigar
“Cebheinfo.az”