BMT ləğv olunur?- Pul tapmır: MƏXFİ SƏNƏD

Birləşmiş Millətlər Təşkilatı köklü restrukturizasiyanı, əsas bölmələri birləşdirməyi və resursların yenidən bölüşdürülməsini nəzərdən keçirir.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antonio Quterreşin işçi qrupu tərəfindən hazırlanmış altı səhifəlik məxfi memoranduma istinadən “Reuters” agentliyi məlumat yayıb.
Sənəd onlarla agentliyin dörd əsas sahə üzrə birləşdirilməsini təklif edir:
Sülh və təhlükəsizlik, humanitar məsələlər, davamlı inkişaf və insan hüquqları. Xüsusi tədbirlərə Ümumdünya Ərzaq Proqramı (ÜƏP), UNICEF, ÜST və BMT QAK-ın əməliyyat strukturlarının vahid humanitar qurumda birləşdirilməsi daxildir. İslahat, həmçinin bir-birini təkrarlayan funksiyaların ixtisar edilməsini və işçilərin bir hissəsinin Cenevrə və Nyu-Yorkdan daha ucuz şəhərlərə köçürülməsi də daxil olmaqla işçilərin rasionallaşdırılmasını əhatə edir.
Təşəbbüs BMT-nin maliyyə böhranı ilə bağlıdır. Belə ki, təşkilatın əsas donoru olan ABŞ-ın 1,5 milyard dollar müntəzəm büdcə pulu və 1,2 milyard dollar sülhməramlı əməliyyatlara borcu var. ABŞ yardımının kəsilməsi artıq Humanitar Məsələlər İdarəsinin işçilərinin 20%-nin ixtisarına səbəb olub və Beynəlxalq Miqrasiya Təşkilatında 6000 iş yerini ixtisar etməklə hədələyib.
Quterreş islahatları “parçalanmış strukturlara və bürokratiyaya” cavab adlandırıb, lakin yüzlərlə BMT əməkdaşı mayın 1-də Cenevrədə ixtisarlara etiraz edib. Yekun restrukturizasiya təklifləri mayın 16-dək təqdim edilməlidir.
Xəzər
“Cebheinfo.az”