Dağıstan Fələstindən 200 qaçqını qəbul etməyə hazırdır - Baş nazir
RF Dağıstan Respublikasının baş naziri Əbdülmüslim Əbdülmüslimov respublikanın Fələstindən olan 200-ə yaxın qaçqını qəbul etməyə hazır olduğunu açıqlayıb.
Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, təxminən 50 nəfərlik ilk qrupun yaxın günlərdə gəlməsi gözlənilir.
“200 nəfərin yerləşdirilməsi üçün yerlər hazırlanıb, onların qrup halında gəlməsi gözlənilir", - o əlavə edib.
Əbdülmüslimov Fələstin ərazisini tərk etmək məcburiyyətində qalan təxliyə edilmiş əhalinin qəbulunun təşkili ilə bağlı keçirilən müşavirədə deyib: “Yaxın həftədə biz 50 nəfərdən çox olan birinci qrupun gəlişini gözləyirik. Qarabudaqkənd rayonu müvəqqəti yaşayış üçün nəzərdə tutulub, bunun üçün orada hər cür şərait var. Üstəlik yaxınlıqda Manaskənd kəndində məktəb və uşaq bağçası var. Bundan əlavə, biz başqa bir hotel kompleksi olan “Delfin”i ehtiyat yerləşdirmə məntəqəsi kimi təqdim etdik”.
Gələn vətəndaşların nəqliyyat və tibbi xidmətinin təşkili, onların mobil rabitə, isti geyim, tərcüməçinin müşayiəti ilə təmin olunması ilə bağlı məsul orqanlara tapşırıqlar verilib.
Cebhe.info