Fransada daha bir qadağa

Fransada daha bir qadağa

Fransa hökuməti hazırda ibtidai və orta məktəblərdə qüvvədə olan mobil telefon istifadəsi qadağasını yeni tədris ilindən etibarən liseylərdə də tətbiq etməyə hazırlaşdıqlarını açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, Fransanın Təhsil naziri Eduard Ceffray “France Info” kanalına müsahibəsində gənclərin sosial media istifadəsi və məktəblərdəki qaydalarla bağlı açıqlamalar verib.

Nazir Ceffray bildirib ki, ilin əvvəlindən gündəmdə olan və parlamentin iki qanadı - Senat və Milli Assambleya arasında müzakirə edilən 15 yaşdan aşağı şəxslərin sosial mediadan istifadəsinə dair qanun layihəsinin yekun variantının bu yay təsdiqlənməsi gözlənilir.

Bununla yanaşı, Ceffray 2018-ci ildən ibtidai və orta məktəblərdə tətbiq olunan mobil telefon istifadəsi qadağasının yeni tədris ilindən etibarən liseylərdə də qüvvəyə minməsinin planlaşdırıldığını açıqlayıb:

“Bunun şagirdlərimiz üçün tamamilə həyati əhəmiyyət daşıdığını düşünürəm”.Fransada 15 yaşdan aşağı şəxslərin sosial media istifadəsinin məhdudlaşdırılması ilə bağlı qanun layihəsi yanvarda Milli Assambleyada, apreldə isə Senatda təsdiqlənsə də, layihələr arasında müəyyən fərqlər qalırdı.

Fransa qanunvericiliyinə görə, hər hansı qanunun parlamentdən keçməsi üçün Senat və Milli Assambleya eyni mətn üzərində razılığa gəlməlidir.

Son dövrlərdə azyaşlıların sosial media istifadəsi Avropa ölkələrinin əsas müzakirə mövzularından birinə çevrilib.
Böyük Britaniyanın Baş naziri Kir Starmer iyunun 15-də verdiyi açıqlamada, 16 yaşdan aşağı şəxslərin sosial media istifadəsinə dair məhdudiyyətlərin gələn ilin əvvəlindən qüvvəyə minəcəyini bildirib.

Avstraliyada isə 2025-ci ilin dekabr ayında 16 yaşdan aşağı gənclərin sosial media platformalarına çıxışını məhdudlaşdıran qaydalar tətbiq olunub.

Nigar Hacılı 
"Cebheinfo.az"