İran Putinin səfərinə hazırlaşır

İran Putinin səfərinə hazırlaşır

İran Rusiya Prezidenti Vladimir Putinin yaxın vaxtlarda Tehrana gələcəyinə ümid edir.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə İslam Respublikasının Moskvadakı səfiri Kazem Cəlali məlumat verib.

Səfir bildirib ki, Rusiya ilə İran arasında münasibətlər artıq strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Yüksək səviyyəli rəsmilərin səfərləri artıq adi hal alıb və Tehranda Putinin növbəti gəlişi səbirsizliklə gözlənilir.

Qeyd edək  ki, mayın 14-də İranın xarici işlər nazirinin müavini Abbas Əraqçi bu xəbəri təsdiqləyərək bildirib ki, hər iki ölkə Putinin səfəri ilə bağlı hazırlıqlara başlayıb. Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov isə dəqiq tarixlərin hələ razılaşdırılmadığını deyib.

Xatırladaq ki, Rusiya Prezidenti ilk dəfə 2007-ci ilin oktyabrında Xəzəryanı ölkələrin sammitinə qatılmaq üçün İrana getmişdi. Həmin səfərdə o, ilk dəfə olaraq Ayətullah Əli Xameneyi ilə görüşüb.

Ardınca 2015-ci ilin noyabrında Qaz İxrac edən Ölkələr Forumu (GECF) çərçivəsində, 2017-ci ildə isə Rusiya, İran və Azərbaycan prezidentlərinin üçtərəfli görüşü üçün Tehranda olub. 

2018-ci ilin sentyabrında Suriyadakı münaqişənin həlli ilə bağlı Astana formatı çərçivəsində keçirilən sammitə qatılıb. Sonuncu dəfə isə Putin 2022-ci ilin iyulunda, Astana formatının yeddinci görüşündə iştirak etmək üçün İrana səfər edib. Putinin bütün bu beş səfəri işgüzar xarakter daşıyıb. İndi isə Tehran altıncı dəfə onu qarşılamağa hazırlaşır.

Səbinə Uğur
"Cebheinfo.az"