İrəvan gömrüyündə dəhşət: Sərnişini göz görə-görə öldürdülər
Bir neçə gün əvvəl “Zvartnots” hava limanında faciəli hadisə baş verib.
“Cebheinfo.az” bu barədə “Hraparak” qəzetinə istinadən yazır.
“Dövlət Gəlirləri Komitəsinin gömrük xidmətinin əməkdaşları Braziliyadan Ermənistana uçan sərnişinin əlində şüşəni görüb və orada nə olduğunu soruşublar. Braziliyalı “Şərab” deyə cavab verib. Şüşənin içindəkiləri yoxlamaq əvəzinə, gömrük əməkdaşları braziliyalını onu içməyə məcbur ediblər. Bundan sonra onun halı qəfildən pisləşib və bir neçə dəqiqədən sonra ölüb. Məlum olub ki, butulkada narkotik maddə olub”.
Ermənistan Daxili İşlər Nazirliyindən qəzetə verilən məlumata görə, “Zvartnots” hava limanının xətt şöbəsinə avqustun 8-də təcili tibbi yardım briqadasının hava limanından əcnəbini tibb məntəqəsinə aparması və xəstəxanada dünyasını dəyişməsi barədə məlumat daxil olub.
Materiallar ibtidai istintaq orqanına təhvil verilib. Bu məlumatı İstintaq Komitəsi də təsdiqləyib. Ölən şəxs Braziliya vətəndaşıdır.
Faktla bağlı Ermənistan Cinayət Məcəlləsinin “Qətl” maddəsinin 1-ci hissəsi ilə cinayət işi başlanıb. "Faktla bağlı araşdırma aparılır, məhkəmə-tibbi ekspertizası təyin edilib, həmçinin aşkar edilmiş materialın məhkəmə-kimyəvi ekspertizası təyin edilib", - Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Qor Abrahamyan bildirib.
Xəzər
“Cebheinfo.az”