Kılıçdaroğlu və İncə bu məsələdə razılaşmadı

Kılıçdaroğlu və İncə bu məsələdə razılaşmadı

Türkiyədə mayın 14-də keçiriləcək prezident və parlament seçkilərində müxalifəti təmsil edən “Millət İttifaqı” Məmləkət Partiyasının sədri Məhərrəm İncənin dəstəyini qazanmağa çalışsa da, tərəflər arasında razılaşma əldə olunmayıb.

Lakin İncənin Cümhuriyyət Xalq Partiyasının (CXP) ona təklif edəcəyi milli təhsil naziri vəzifəsi və 3 deputat mandatı təklifinə müsbət baxdığı və CXP ilə razılaşdığını rəsmən açıqlayacağına dair iddialar da səslənir.

Məhərrəm İncənin müxalifətin bütün çağırışlarına baxmayaraq namizədliyini geri götürməməsi “Millət İttifaqı”nda ciddi narahatlıq yaradır.

Qeyd edək ki, ötən gün CHP sədri Kamal Kılıçdaroğlu ilə görüşən və müzakirələrdən sonra media nümayəndələrinin “Namizədlikdən imtina edəcəksinizmi” sualına Məhərrəm İncə “Xeyr, biz belə bir söz deməmişik” cavabını verib.

Məmələkət Partiyasının sədri həmçinin, “Bütün PKK-çılar, qaçaq FETÖ-çülər, hamı sağdan-soldan bizə atəş açır. Köroğlu kimi dönüb-dönüb vuruşmağa davam edəcəyik”, - deyə əlavə edib.

Məhərrəm İncənin açıqlaması namizədliyini israr etdirməsi kimi şərh edilib.

İncənin Kılıçdaroğlu ilə görüşündə “Mən bu məhəllənin uşağıyam. Bu məhəllənin uşağını nəzərə almayıb mənim onda birim qədər belə olmayan başqa partiyaları öz yanınıza aldınız. Sadəcə, mən bu məhəllənin uşağı olduğum üçün mənə dəyər vermədiniz” ifadələrini işlətdiyi bildirilir. Lakin iki partiya arasında danışıqların tam bitmədiyi bildirilir.

İncənin dünənki iclasda CXP sədrindən iki nazir və 5 millət vəkili postu tələb etdiyi, lakin Kılıçdaroğlunun bununla razılaşmadığı deyilir.

Məlumatlara görə, Məmləkət Partiyasının liderinə CXP-nin siyahılarında bir nazirlik (Milli Təhsil Nazirliyi) və üç deputat mandatı təklif edilib.

Təklifə müsbət münasibət bildirən Məhərrəm İncənin bu axşam CXP ilə razılaşdığını açıqlayacağına dair iddialar var.

Müşfiq Abdulla
Cebhe.info