Makrondan abort qanununa dəstək

Parisdə abort qanununa dəstək nümayişi keçirilib.
"Cebhe.info" xəbər verir ki, Fransa abort hüququnu Konstitusiya ilə təmin edən ilk ölkə olmağa bir addım daha yaxındır.
Abortun konstitusiya hüququnu nəzərdə tutan qanun layihəsi daha əvvəl parlamentin aşağı palatası olan Milli Assambleyada təsdiq edilmiş, Senatda isə 50 qarşı 267 səslə qəbul edilmişdi.
"BBC"-nin məlumatına görə, Fransa Prezidenti Emmanuel Makron son səsvermə üçün hər iki palatanı bazar ertəsi Versal sarayında Konqresin xüsusi iclasına çağıracağını bildirib.
Birgə iclasda konstitusiya dəyişikliyi ən azı beşdə üç səs çoxluğu ilə təsdiqlənərsə, referenduma ehtiyac qalmayacaq.
Qeyd edək ki, Fransada 1974-cü ildən ölkədə abort qanuni olsa da, son illərdə qanunun gücləndirilməsi üçün təzyiqlər artıb. Son illərdə qadınlar abortun konstitusiya müdafiəsini təmin etmək üçün bir çox tədbirlər həyata keçiriblər.
Xatırladaq ki, Makron keçən il ABŞ Ali Məhkəməsinin 2022-ci ildə abortu ştatların təşəbbüsünə buraxmasından sonra abort hüququnu konstitusiya ilə təmin edəcəyinə söz vermişdi.
Nigar Hacılı
"Cebhe.info"