Putin bu gün 5-ci dəfə and içəcək - Mərasim canlı yayımlanacaq

Putin bu gün 5-ci dəfə and içəcək - Mərasim canlı yayımlanacaq

Bu gün Vladimir Putinin Rusiya prezidenti kimi beşinci dəfə andiçmə mərasimi keçiriləcək.

"Cebhe.info" xəbər verir ki, tədbir mayın 7-də günortadan sonra Kremlin Böyük Sarayında baş tutacaq.

Bundan sonra Putin daha 6 il, 2030-cu il mayın 7-nə kimi dövlət başçısı kimi qalmaq hüququ qazanacaq. Putin beşinci prezidentlik müddətinin sonunda İvan Qroznı və II Yekaterinadan  sonra Rusiyanın ən uzun müddət hakimiyyətdə olan başçısı sayıla bilər.

İndiyədək Putin 4 dəfə inauqurasiya mərasimi keçirib: 2000, 2004, 2012 və 2018-ci illərdə.

Gözlənilir ki, bu il də mərasim əvvəlki kimi minlərlə qonağın iştirakı ilə keçiriləcək, amma onların arasında əcnəbilərin sayı bir qədər az olacaq.

Rusiyaya bir sıra qeyri-dost ölkələrin diplomatları Kremldə planlaşdırılan şənliklərdə iştirakdan imtina etdiklərini açıqlayıblar.

Avropa İttifaqı (Aİ) diplomatiyasının rəhbəri Josep Borrell Aİ ölkələri səfirlərinin bu tədbirdə iştirakına qarşı çıxıb. Lakin dünən Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Moskvada akkreditə olunmuş bütün xarici diplomatik nümayəndəliklərin rəhbərləri tədbirə dəvət alıblar.

Əvvəlki andiçmə mərasiminə icra, qanunvericilik, məhkəmə hakimiyyəti orqanlarının, əsas dini konfessiyaların, qeyri-hökumət təşkilatlarının nümayəndələri, jurnalistlər, Rusiya qəhrəmanları, işgüzar dairələr, elm, mədəniyyət və idman xadimləri, könüllülər və xarici diplomatlar, “Vətənə xidmətlərə görə” ordenləri ilə təltif edilmiş şəxslər də daxil olmaqla 5 minə yaxın insan dəvət olunmuşdu.

Mayın 7-də Kremlin ərazisi ziyarətçilər üçün bağlı olacaq, andiçmə mərasimi Rusiya telekanalları ilə canlı yayımlanacaq.

Cənubi Qafqaz ölkələrinin liderləri - Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevin andiçmə mərasimində iştirakı gözlənilmir.

"Cebhe.info"