Qəzzadan daha 87 türk vətəndaşı təxliyə edilib

Qəzzadan daha 87 türk vətəndaşı təxliyə edilib

İsrailin hücumları səbəbindən Qəzzadan təxliyə edilən Türkiyə və Şimali Kipr vətəndaşları olan 87 nəfər Misir vasitəsilə İstanbula çatıb.

Cebhe.info xəbər verir ki, Qahirə hava limanından havaya qalxan və Rəfah sərhəd qapısından Misirə keçən 27 Şimali Kipr və 60 Türkiyə vətəndaşını daşıyan Türk Hava Yollarına məxsus təyyarə İstanbul hava limanına enib.

Türkiyə və Şimali Kipr vətəndaşlarını hava limanında Xarici İşlər Nazirliyinin nümayəndələri və AFAD rəsmiləri qarşılayıblar.

Qəzzadan təxliyə edilən vətəndaşlara hava limanında çay və peçenye paylanılıb. 

Pasport nəzarətindən sonra bəzi vətəndaşlar ayrılmış avtobuslarla hava limanını tərk edərkən, Şimali Kipr vətəndaşları və iqamətgahı başqa vilayətlərdə olanlar isə AFAD-ın təyin etdiyi otellərə yerləşdirilib.

Yaşadıqları prosesi izah edən Özgül Smery “3 gündür ki, sərhəd qapısındayıq, çox yoruldum.  Ölkəmə gəldiyim üçün xoşbəxtəm, amma geridə qoyub getdiklərimə görə təbii ki, sevincim yarımdı.  İki nəvəmi və gəlinimi çıxaracaqdım, amma gəlinimin adı siyahıda olmadığı üçün onları sərhəddə qoymalı oldum.  Çox kədərli idi. Ümid edirəm ki, sülh olacaq, amma görünür, bir az vaxt aparacaq". 

Hisslərini dilə gətirən Sümeyra Yıldız isə “Əlbəttə, ölkəmizə gəlməklə bir az rahatladıq, ancaq Fələstin azad olana qədər tam yaxşılaşmayacağıq. Biz bacardığımız qədər mübarizəmizi davam etdirəcəyik".

Nigar Hacılı 
Cebhe.info