Quranı yandıran şəxs İsveçə təhvil verildi

Norveçdə sığınacaq tələbi qəbul edilməyən və iki həftə həbsdə olan Quranı yandıran təxribatçı Salvan Momika İsveç polisinə təhvil verilib.
"Cebhe.info" xəbər verir ki, İsveç İmmiqrasiya Apellyasiya Məhkəməsi martın 27-də Miqrasiya Məhkəməsinin Momika üçün deportasiya qərarını təsdiqlədiyini elan etmişdi.
İsveç polisi verdiyi açıqlamada Momikanın ifadəsi alındıqdan sonra sərbəst buraxıldığını açıqlayıb.
Ölkənin “Expressen” qəzetinə açıqlama verən Momika, “16 aprelə qədər İsveçdə müvəqqəti yaşama icazəm var və icazəm bitdikdən sonra yenidən buradan sığınacaq üçün müraciət edəcəm” deyib.
Norveçdə iki həftə kamerada saxlandığını deyən Momika qeyd edib ki, "Norveçə gələn kimi həbs olundum, mobil telefonumu aldılar və məni təcridxanaya atdılar. Norveçdə Quranı yandırmayacağımı bildirsəm mənim təhlükəsizlik riski yaratdığımı və buna görə də sığınacaq qərarımı qəbul etməyəcəklərini bildirdilər".
Norveçdə kamerada yatarkən ölüm xəbərinin bütün dünyaya yayıldığını bildirən Momika kamerada olduğu və mobil telefonu olmadığı üçün belə xəbərlərə müdaxilə edə bilməyəcəyini qeyd edib.
Momikanın İsveçdə işləmək və yaşamaq icazəsi uzadılmayıb.
Belə ki, İsveç İmmiqrasiya İdarəsi 2023-cü ilin oktyabrında Momikanın 16 aprel 2024-cü ilə qədər işləmək və yaşamaq icazəsinin olduğunu və bu tarixdən sonra deportasiya ediləcəyini bildirib.
Momika qərardan apellyasiya şikayəti verib və işi İmmiqrasiya Məhkəməsinə aparıb. İmmiqrasiya Məhkəməsi həmçinin Momikanın yaşayış icazəsi ərizəsində yanlış məlumat verdiyini və buna görə də İmmiqrasiya İdarəsinin deportasiya qərarını təsdiqlədiyini elan edib.
Momika daha sonra qərardan Apellyasiya Məhkəməsinə şikayət edib. Martın 28-də Norveçə gedən və sığınacaq istəyən Momika həbs edilib.
Xatırladaq ki, Salvan Momika 2023-cü il iyunun 28-də paytaxt Stokholmda Qurban bayramının ilk gününə təsadüf edən Stokholm məscidinin qarşısında polisin mühafizəsi altında Qurani-Kərimi yandırıb.
Momika daha sonra İraqın Stokholmdakı səfirliyi və İsveç parlamenti qarşısında polisin mühafizəsi altında Quranı bir neçə dəfə yandırıb və İraq bayrağını tapdalayıb. Momika avqustun 24-də Stokholm məscidinin qarşısında Quranı yenidən yandırıb.
Momika 3 sentyabr 2023-cü ildə Malmödə polisin himayəsi altında Quranı yandırdığı üçün etirazlar təşkil edilmiş və ona mane olmağa çalışan 15 nəfər saxlanılmışdı.
Momika sonuncu dəfə 21 oktyabr 2023-cü ildə Stokholmun mərkəzində İsrailə dəstək aksiyası keçirib, Qurani-Kərimi və Fələstin bayrağını yandırıb.
Momikanın hərəkətlərindən sonra Danimarka Parlamenti 2023-cü il dekabrın 7-də qanun layihəsini qəbul edərək, müqəddəs kitabların yandırılmasını və bu kitablara hücumu qeyri-qanuni edib.
Nigar
"Cebhe.info"