Rusiyada evlənmək neçəyə başa gəlir?

Rusiya Maliyyə Nazirliyi hər bir həyat yoldaşı tərəfindən ödəniləcək rəsmi "boşanma haqqı"nın 5 min rubla qədər artırılmasını təklif edib.
"Cebhe.info" xəbər verir ki, hazırda bu ödəniş 650 rubl təşkil edir. Yeni qaydaya görə, hər iki həyat yoldaşı toplam 10 min rubl ödəməlidir.
Bəs bu artım boşanmaların sayını azalda bilərmi? Mövzu ilə bağlı ekspert rəylərini və müzakirələri təqdim edirik:
Dövlət Dumasının deputatı Yevgeni Popov bəyan edib ki, rüsumun artırılmasının məntiqi izahı olmalıdır. Popov, "Hər hansı tənzimləmə hazırlayarkən bunun səbəbini və məqsədini yaxşı başa düşməliyik. Bu gəlirləri artırmaqdır, yoxsa biz nikah institutunu qorumaq istəyirik?" dedi. O, həmçinin vurğuladı ki, bir çox ölkələrdə boşanma haqqı yüksəkdir və bu, evlilik nisbətlərinə təsir etmir. Popov bildirib ki, gənc cütlüklərin daha əsaslı qərarlar qəbul etməsi üçün başqa tədbirlər görülməlidir. Politoloq Georgi Bovt bildirib ki, rüsum artımı ağlabatandır, lakin kifayət deyil:
"50 min rubl kimi qadağanedici rüsumların əvəzinə ağlabatan artım ola bilər. Lakin bu, yalnız səthi şəkildə münasibətləri xilas edə bilər. Əsas odur ki, cütlüklər niyə boşanmaq istəyirlər və problemlərə həll yolları tapsınlar".
Bovt əlavə etdi ki, uşaqları olan ailələrin sırf boşanma xərclərinin qarşısını almaq üçün bədbəxt evliliklərə dözməsi uşaqlara mənfi təsir göstərə bilər. İqtisadçı ekspert Andrey Popov, "5 min rubl bəzi bölgələrdə ciddi yük ola bilər. Ancaq bu cür tədbirlər məişət problemlərini həll etməyəcək. Evlilik və boşanma proseslərinin daha rahat işləməsi üçün sosial dəstək proqramlarına və ailə məsləhət xidmətlərinə sərmayələr qoyulmalıdır" deyib.
Bu cür tənzimləmələrin evlilik və boşanmalarda nə dərəcədə təsirli olacağı ilə bağlı cəmiyyətdə müxtəlif fikirlər mövcuddur. Bəziləri artan boşanma haqlarının cütlükləri evliliklərini yenidən nəzərdən keçirməyə məcbur edəcəyini düşünərkən, bəziləri bunun yalnız maddi maneə olacağını və əsl problemin həll olunmamış qalacağını iddia edir. Ümumi rəy ondan ibarətdir ki, evlilik və boşanma proseslərində daha əsaslı qərarlar qəbul etmək üçün təhsil və dəstək proqramları artırılmalıdır. Bu müzakirələr göstərir ki, Maliyyə Nazirliyinin təklif etdiyi tənzimləmə təkcə fiskal tədbir deyil, həm də sosial dəyərlərə və ailə institutuna dərin təsir göstərə bilər.
Məsələ ilə bağlı yekun qərarın necə formalaşacağı maraqla gözlənilir. Son məlumatlara görə, 2023-cü ildə Rusiyada nikahların sayında cüzi artım müşahidə olunub, boşanmaların sayında isə ciddi dəyişiklik olmayıb. 2023-cü ilin rəsmi məlumatlarına görə, təxminən 820 min evlilik və 610 min boşanma qeydə alınıb.
Nigar Hacılı
"Cebhe.info"