Bu qurumların fəaliyyəti məhdudlaşdırıldı

Əsəd rejiminin süqutundan sonra Suriyada yeni hökumət konstitusiya və parlamentin fəaliyyətini 3 ay müddətinə dayandırdığını açıqlayıb.
"Cebheinfo.az" xəbər verir ki, Suriya hökumətinin yeni sözçüsü Obaida Arnaout "AFP" xəbər agentliyinə verdiyi açıqlamada prezident Bəşər Əsədin devrilməsindən sonra üç aylıq keçid dövründə ölkə konstitusiyası və parlamentinin fəaliyyətinin dayandırılacağını bildirib:
"Konstitusiyanı araşdırmaq və sonra dəyişikliklər etmək üçün məhkəmə və insan haqları komitəsi yaradılacaq".
Digər tərəfdən, kürd qrupları Suriyanın müstəqillik bayrağını qəbul etdiklərini açıqlayıb.
“Böyük yeddilik” (G7) ölkələri bugünkü bəyanatlarında Suriyada etibarlı, əhatəli və məzhəbsiz idarəçiliyə gətirib çıxaracaq keçid prosesini dəstəkləməyə hazır olduqlarını bildiriblər.
Bəyanatda qeyd olunub ki, Əsədin 24 illik hakimiyyətinin sona çatmasından sonra siyasi keçid prosesi “qanunun aliliyinə hörmət, ümumbəşəri insan haqları, o cümlədən qadın hüquqları, dini və etnik azlıqlar da daxil olmaqla bütün suriyalıların müdafiəsini, şəffaflıq və hesabatlılığı təmin etməlidir:
““Böyük yeddilik” bu standartlara cavab verən və bu prosesdən nəticə alan gələcək Suriya hökuməti ilə işləyəcək və onu tam dəstəkləyəcək".
Liderlər həmçinin "bütün tərəfləri" Suriyanın ərazi bütövlüyünü və milli birliyini qorumağa, müstəqilliyinə və suverenliyinə hörmət etməyə çağırıblar.
Ləman İsmayıl
"Cebheinfo.az"