Heydər Əliyev Fondu: Xeyirxahlığın, inkişafın, diqqətin ünvanı

Heydər Əliyev Fondu: Xeyirxahlığın, inkişafın, diqqətin ünvanı

“Bu gün Heydər Əliyev Fondu Ulu Öndərin adını şərəflə daşıyır, Ulu Öndərin xatirəsinə layiq fəaliyyət göstərir”.

Bunu Heydər Əliyev Fondunun yaradılmasının 10 illiyi münasibətilə keçirilən mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev demişdi. O zamandan daha bir 10 il keçib, Heydər Əliyev Fonfdu artıq fəaliyyətinin 20-ci ilini arxada  qoyur. Amma  Azərbaycanın ictimai, sosial, elmi, mədəni həyatının bütün sferalarında Heydər Əliyev Fondunun iştirakı, rolu, dəst-xətti əvəzedilməz olaraq qalır.

20 il əvvəl başlayan yol

2004-cü il may ayının 10-da yaradılan Heydər Əliyev Fondu təkcə Azərbaycanda yox, xarici ölkələrdə də sosial, humanitar, mədəniyyət sahələrində layihələr, xeyriyyə fəaliyyəti həyata keçirir.

Dövlət başçısı İlham Əliyevin 2023-cü il 23 may tarixli sərəncamı ilə "İctimai və sosial məqsədlərlə təsis edilmiş fondların siyahısı" təsdiqlənib və siyahıya Heydər Əliyev Fondu da daxil edilib. 

Bunlar Fond barədə rəsmi məlumatlardır, ancaq bu məlumatlar həm də minlərlə insanın həyatıdır, tarixdir, mədəniyyətdir, gələcəyə ümiddir. Təkcə Azərbaycanda yox, xarici ölkələrdə də Heydər Əliyev Fondunun adı ilə bağlı olan çoxsaylı layihələr onu insanların ümid yerinə çevirib, gələcəyə inam yaradıb, bircə toxunuşla insanların həyatını dəyişib...

Təhsil millətin gələcəyidir

Fondun yaradılmasıyla diqqət yetirilən ilk fəaliyyət sahəsi məhz təhsil oldu. Fondun prezidenti Mehriban Əliyeva  təhsilin dövlətin və cəmiyyətin inkişafı üçün əhəmiyyətini yüksək dəyərləndirdiyindən, bərabər təhsil imkanlarının yaradılması yönündə Fondu səfərbər etdi. 

Yaranmasından cəmi bir il sonra, 2005-ci ildə Fond "Yeniləşən Azərbaycana yeni məktəb" proqramının icrasını elan etdi. Adı qədər rezonans doğuran layihə ölkədə bərabər təhsil imkanları yaratdı. Bu imkandan yararlanan minlərlə gənc daha sonra Azərbaycan üçün yaratmağı, yaşatmağı seçdi.

Təhsil müəssisələrinin real vəziyyətini qiymətləndirmək üçün Fond yaranandan qısa müddət sonra Mehriban Əliyevanın tapşırığı ilə monitorinqlər başladı. Nəticə ürəkaçan deyildi.  Nəticələrin müzakirəsi üçün Heydər Əliyev Fondu 2005-ci ilin iyununda müvafiq qurumlarınn, habelə, beynəlxalq təşkilatların iştirakı ilə "dəyirmi masa" keçirdi.

Proqramın həyata keçirilməsi məqsədi ilə 100, 200 və 240 şagird yerlik məktəb layihələri hazırlandı. Mehriban Əliyeva layihənin həyata keçirilməsi ilə bağlı cəmiyyətə ilk dəfə çağırış etdi, hər kəsi əməkdaşlığa çağırdı. İlk 4 ayda layihə çərçivəsində 132 yeni məktəb tikilərək istismara verildi. "Yeniləşən Azərbaycana yeni məktəb" proqramının bu ilkin nəticəsi görünməmiş uğur idi, sevindirdiyi kimi təəccübləndirməyi də bacarırdı.  

2005-ci ildə ölkədə inşa edilmiş 49732 şagird yerlik 328 yeni məktəbdən 22060 şagird yerlik 132 məktəb, yəni məktəblərin 40 faizi məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikildi. Bir neçə il ərzində "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində 43770 şagird yerlik 226 yeni məktəb binası tikildi. Bütövlükdə isə 2004-2008-ci illərdə 300-ə yaxın yeni məktəb, internat məktəbi, uşaq bağçası və körpələr evi inşa edildi.

2009-cu ildə isə 1600 yerlik 6 məktəb binası tikildi. 40-dan çox təhsil ocağı, o cümlədən, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün 31 internat məktəbi əsaslı təmir olundu. Ardınca ikinci mərhələ adlandırıla biləcək "Təhsilə dəstək" layihəsi başladı. Bu mərhələdə maddi-texniki bazası günləndirilmiş məktəblərdə birbaşa tədrisin keyfiyyətinə təsir göstərən problemlərin həllinə diqqət yönəldi. Artıq yeniləşən məktəblərdə yeni dövrün tələblərinə cavab verən təhsil üçün hərtərəfli imkan yaradılmışdı.   

Heydər Əliyev Fondunun təhsil sahəsində  həyata keçirdiyi layihələrdən biri də “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı oldu. Fond rəhbərliyi bu proqram çərçivəsində Bakıda və Abşeronda yerləşən, demək olar ki, hər bir uşaq evi və internat məktəbinə baş çəkib. Bu proqram üzrə  isə uşaq evləri və internat məktəblərində mövcud problemlərin həll olunması üçün 4 əsas istiqamət müəyyən edilmişdir: texniki dəstək, təhsil, səhiyyə və ictimai fəallıq. Hər bir istiqamət üzrə ciddi nəticələr əldə edildi. 

Heydər Əliyev Fondunun fəaliyyətinin 5 illiyində Prezident İlham Əliyev Azərbaycanın ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə Mehriban Əliyevaya “Heydər Əliyev Mükafatı”nı təqdim etdi. Adı ilə yola çıxdığı bir şəxsiyyətin-Heydər Əliyevin adını daşıyan mükafata layiq görülmək Mehriban Əliyevanın bütün bu illər ərzindəki fəaliyyətinə verilən layiqli qiymət oldu... 

Güclü dövlət üçün sağlam cəmiyyət

Fondun  xüsusi diqqət yetirdiyi sahələrdən biri də səhiyyə oldu. Təhsillə paralel səhiyyə sahəsində də önəmli layihələrin icrasına başlayan Fond Bakıda Psixonevroloji Uşaq Mərkəzi, Talassemiya Mərkəzi, Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqlar üçün Reabilitasiya Mərkəzi, Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzi, Autizm Spektr Pozuntulu Uşaqlar üçün Bərpa Mərkəzi və bir sıra digər tibb müəssisələri inşa etdi. 

2004-cü ildən başlayaraq “Diabetli uşaqlara ən yüksək qayğı” layihəsi çərçivəsində 14 yaşınadək pasiyentlər hər il dərman preparatı ilə təmin edildi. 2015 və 2020-ci illərdə həyata keçirilmiş “Koxlear implantasiya” proqramından 200-dən çox şəxs faydalanıb. Görməməhdudiyyətli uşaqlar üçün respublika internat məktəbində müvafiq mərkəz istifadəyə verilib, Naxçıvan, Gəncə və Yevlaxda regional informasiya mərkəzləri yaradılıb.

Koronavirus xəstəliyinin ölkə ərazisində geniş yayılmasının qarşısının alınması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargahın işinə dəstək olaraq Heydər Əliyev Fondu tərəfindən müxtəlif ölkələrdən tibbi ləvazimatlar gətirildi. Xüsusi tibbi maskalar, əlcəklər, qoruyucu eynəklər, tibbi geyimlər və dezinfeksiyaedici vasitələr müvafiq tibb müəssisələrinə verildi.

Xalqdan böyük dəstək və ictimai nüfuz

Heydər Əliyev Fondunun 20 illik fəaliyyətinə nəzər yetirəndə aydın olur ki, qurumun xeyriyyəçilik, təhsil, səhiyyə, elm və texnologiya, mədəniyyət, ekologiya, idman, sosial problemlərlə bağlı proqramları ölkənin və cəmiyyətin həyatında köklü dəyişklik yaradıb. Heydər Əliyev Fondu cəmiyyətdəki böyük nüfuzunu məhz çoxşaxəli fəaliyyəti ilə qazanıb və ayrı-ayrı elm, mədəniyyət, incəsənət xadimlərinin fəaliyyəti, səhhəti, birbaşa həyatına təsir edən qərarların qəbulu da həm qurumun, həm də onun rəhbəri olmuş Mehriban Əliyevanın ictimai nüfuzunun yüksəldilməsinə imkan yaradıb.

Cəmiyyət Heydər Əliyev Fondu və onun rəhbəri kimi Mehriban Əliyevanın  fəaliyyətini xüsusi rəğbətlə izləyib, cəmiyyəti narahat edən məsələlərə xüsusi yanaşma nümayiş etdirilməsi Fondun və onun rəhbərinin ictimai nüfuzunu daha da artırıb.

Belə addımlardan biri kimi eks-prezident Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyevanın vəfatı  ilə bağlı dəfn və mərasim xərclərinin Heydər Əliyev Fondu tərəfindən ödənilməsi, eks-prezidentin evinin təmiri barədə tapşırığı xatırlatmaq kifayətdir. 

Azərbaycanı tanıdan fəaliyyət

Heydər Əliyev Fondu Azərbaycan mədəniyyətinin, ənənələrinin yaşadılması, təbliği yönündə məqsədyönlü fəaliyyəti ilə adından bəhs etdirir.

Moskva şəhərində ifaçıların Pyotr Çaykovski adına beynəlxalq müsabiqəsi, “Qarabağ xanəndələri” adlı albomun nəfis tərtibatda buraxılması, “Mən Azərbaycanı sevirəm” mövzusunda rəsm sərgisi, Fond rəhbərliyinin  təşəbbüsü ilə “Qarabağ” kitabının çapa hazırlanması, beynəlxalq muğam müsabiqələri,  Azərbaycan Regional Muzeyinin və “Azərbaycan” internet portalının yaradılması, “Azərbaycan Mədəniyyətinin Dostları Fondu”nun təsisi və daha nələr... 

Bütün bunlar Azərbaycan mədəniyyətinin yaşadılmasına, təbliğunə, inkişafına birbaşa xidmət edirdi və məhz bu uğurlu fəaliyyətin nəticəsidir ki, dünya Azərbaycanı qədim mədəniyyət mərkəzlərindən biri kimi tanıyır. 

Soyqırımı dünya belə tanıdı

Heydər Əliyev Fondunun fəaliyyətindən danışarkən Qarabağın işğalda olduğu müddətdə erməni terrorunun dünyaya çatdırılması yönündəki fəaliyyətini xüsusil vurğulamaq lazımdır.

Bu, o zaman idi ki, dünya erməni yalanları ilə uyuyur, Azərbaycan haqq mübarizəsində ancaq özünün və bir neçə yaxın dostunun gücünə arxalanır, uzun illər  qaçqın və məcburi köçkün həyatı yaşayan Azərbaycan insanı ədalətin təntənəsinə olan ümidini itirmirdi. 

Belə bir zamanda "Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyasına başlayan Fond bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınması üçün bütün qüvvələrini səfərbər etdi.

2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə başlayan kampaniya qlobal səviyyədə fəaliyyət göstərmək və öz müraciətlərini çatdırmaq üçün müxtəlif kommunikasiya vasitələri və resurslarından, o cümlədən media, internet və canlı tədbirlərdən fəal şəkildə istifadə etdi.

Kampaniya çərçivəsində təşkil edilən tədbirlərdə əsas diqqət kütləvi qırğınlara, etnik təmizləmə və irqi, etnik və ya dini ayrı-seçkilik hallarına qarşı güclü müqaviməti nümayiş etdirməyə, Xocalı soyqırımı qurbanları ilə həmrəyliyi ifadə etməyə və Xocalıda azərbaycanlılara qarşı törədilmiş cinayətlərə görə cəzasızlıq halları ilə mübarizəyə yönəldildi.

Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərdi və yüz minlərlə insan və yüzlərlə təşkilat onun fəaliyyətini dəstəklədi. Sosial şəbəkələr, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər oxşar tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan digər səmərəli vasitələri təşkil etdi.

Əbədi Zəfərə doğru yol

Azərbaycan Prezideneti İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun döyüş bacarığı, Azərbaycan xalqının dəstəyi ilə 30 illik işğala son qoyulduqdan sonra Fond işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərində də fəal iştirak etməyə başladı. Ötən müddət ərzində Fond artıq bir sıra mədəniyyət abidələrinin bərpasını başa çatdırıb.

Şuşa şəhərində Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Mehmandarovların malikanə kompleksi, Saatlı məscidi, İncəsənət qalereyası, Xalça muzeyi, Yuxarı Gövhər Ağa məscidi, Xan qızı bulağı və digər tarixi binaların və abidələrin bərpasına dəstək verilib.

Aşağı Gövhər Ağa məscidi, Mamay məscidi, Üzeyir Hacıbəylinin ev-muzeyi, Yeni Şuşa məscidi, Ağdam Cümə məscidi, Xocavənd rayonunun Susanlıq kəndindəki kilsənin bərpası istiqamətində işlər davam etdirilir.

44 günlük Vətən müharibəsi dövründə də, ondan sonra da Mehriban Əliyeva müharibənin xalqımızla, ordumuzla bərabər, Prezident İlham Əliyevlə çiyin-çiyinə Zəfərimizin memarlarından oldu. Şəhid ailələri, müharibə əlilləri və veteranlarını diqqətdən kənarda qoymadı, onların qarşılaşdığı bütün problemlərin həlli üçün  tapşırıqlar verdi, nəticələri  izlədi.

 Xalq-Ordu-Prezident birliyinin Azərbaycana qazandırdığı möhtəşəm Zəfəri xalqla birlikdə böyük coşqu ilə, bizə bu qələbəni qazandıran şəhidlərimizin ruhuna böyük ehtiramla qeyd etdi. 

Dünyada yeni ünvan

Heydər Əliyev Fondunun Azərbaycandan başlayan yolu qısa zamanda sərhədləri aşdı, Heydər Əliyv Fondu dünya miqyasında böyük layihələrə imza atdı. Mehriban Əliyeva özü isə qısa müddətdə təhsil, tarix, mədəniyyətin hamisi kimi tanındı.

Heydər Əliyev Fondu ünvana çevrildi- xeyrixahlığın, inkişafın, diqqətin ünvanına...

Heydər Əliyev Fondu Dünya Mədəni İrs Siyahısına daxil edilmiş Versal sarayının, on dördüncü əsrə aid Notr-Dam, Strasburq Kafedral kilsələrinin, İkinci Dünya müharibəsində dağılmış Berlin şəhər sarayının, həmçinin Vatikan arxivlərində saxlanılan Azərbaycan Orta əsrlər əlyazmalarının bərpa olunmasına kömək etdi. Fondun təşəbbüsü ilə Yəhudi Təhsil Mərkəzi, Fransız Məktəbi yaradıldı, Pakistanın Müzəffərabad şəhərində qızlar üçün yeni məktəb tikildi, Hollandiyada, Gürcüstanda, Misirdə, Rusiyada və Rumıniyada məktəblər tikildi, təmir edildi. 

Nəticədə Mehriban  Əliyeva 2005-ci il iyunun 9-da Rusiyanın “Yüzilliyin mesenatları” Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut Xaç” ordeninə, İslam aləmində görülən işlərə böyük dəstəyinə görə 2006-cı il noyabrın 24-də İSESCO-nun xoşməramlı səfiri adına, Ümumdünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin 2007-ci il yanvarın 29-da Cenevrədə keçirilən 120-ci sessiyasının yekdil qərarı ilə ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində müstəsna xidmətlərinə görə mükafata, genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə 2007-ci ilin mayında “Qızıl ürək” beynəlxalq mükafatına, 2012-ci ildə Rusiya Federasiyasının İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru adına, həmin ilin aprelində MDB dövlətlərinin Humanitar Əməkdaşlıq Şurası və MDB iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun  “Birlik Ulduzları” dövlətlərarası mükafatına layiq görüldü.  Beləliklə, yaradılmasından keçən qısa müddətdə Heydər Əliyev Fondu dünya mədəniyyətinin himayədarı kimi şöhrət qazandı. 

Fəaliyyətinin 20-ci ilində Heydər Əliyev Fondunun həyata keçirdiyi hər bir layihə insanların həyatını dəyişdirməyə davam edir...

Elnarə Kərimova
“Cebhe.info”