Bacısını amansızlıqla öldürdü: 10 il həbs

Bacısını amansızlıqla öldürdü: 10 il həbs

Naxçıvanda bacısını öldürən Culfa rayon Bənəniyar kənd sakini 1984-cü il təvəllüdlü Ruslan Əliyevə hökm oxunub.

"Cebheinfo.az" xəbər verir ki, Modern.az-ın məlumatına görə, hadisə ötən il iyunun 24-də baş verib.

O, özündən 4 yaş böyük bacısı Elfanə Muradovanı amansızlıqla qətlə yetirib.

Məhkəmə araşdırması zamanı müəyyən olunub ki, Ruslan bacısının bir neçə il əvvəl bir kişi ilə evdən qaçması və sonradan geri qayıtmasını qəbul edə bilməyib. 2023-cü ildə bacısının 43 yaşında ikən ailə qurması da ona mənfi təsir göstərib. Lakin hadisəyə səbəb kimi bacısının gəlinin alt paltarlarını götürüb su kanalına atmasını göstərib. Bu hadisədən sonra Ruslan bacısının namusuna xələl gətirdiyin düşünüb və onu öldürmək qərarına gəlib.

2024-cü il iyunun 24-də axşam saatlarında o, əvvəlcədən plan quraraq dəmir profil hazırlayıb. Bacısı Elfanə evə tək gələn zaman Ruslan ona küçədə hücum edərək baş və bədən nahiyəsinə dəfələrlə dəmir parça və təpiklə zərbələr endirib. Zərbələr nəticəsində qadın hadisə yerindəcə keçinib.

Təqsirləndirilən şəxs ilkin ifadəsində cinayəti planlamadığını, sadəcə bacısını qorxutmaq istədiyini desə də, sonradan istintaqda onu öldürmək niyyətinin olduğunu etiraf edib. 

Məhkəmə Ruslanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilib. Hökmə əsasən, o, 10 il müddətinə azadlıqdan məhrum edilib.

"Cebheinfo.az"