Özlərini ər-arvad kimi təqdim edən ögey bacı-qardaşın hökmləri ləğv edildi

Özlərini ər-arvad kimi təqdim edən ögey bacı-qardaşın hökmləri ləğv edildi

Gəncə Apellyasiya Məhkəməsində Şəmkirdə iki qadına qarşı dələduzluq və quldurluq əməlində təqsirləndirilən Kəlbəcər rayon sakinləri Sənani Misirov və ögey bacısı Gülnar Həşimzadənin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əlizamin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, hökm ləğv olunaraq birinci instansiya məhkəməsinə yeni baxışa göndərilib.

İttihama görə, onlar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 181-ci (quldurluq) maddələri ilə təqsirli biliniblər.

Məlum olub ki, Sənani 2018-ci ildə həbsdən çıxıb və həmin vaxt ögey bacısı boşanıb. Bundan sonra onlar Bakıda birgə kirayədə yaşamağa başlayıblar. 2021-ci ildə isə Sənani və Gülnar Bakıdan Şəmkirə gedərək orada özlərini ər-arvad kimi təqdim edərək kirayə ev tutublar. Daha sonra onlar qızıl alveri ilə məşğul olan və Gəncədə fəaliyyət göstərən iki qadınla əlaqə saxlayaraq onlarla münasibət qurublar.

Özlərini həmin qadınlara da ər-arvad kimi təqdim edən şəxslər onlardan birinin inamını qazanaraq toyda istifadə edib qaytarmaq adı ilə 17 min manatlıq qızıl-zinət əşyaları alıblar. Daha sonra hər iki şəxs digər qızıl alverçisini yaşadıqları evə dəvət edib və ona hədə-qorxu gələrək özü ilə satış üçün gətirdiyi 15 min manata yaxın dəyəri olan qızılları zorla əlindən alıblar.

Daha sonra hər iki şəxs Bakıya qayıdaraq ələ keçirdikləri qızılları satıblar.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sənani Misirova 9 il 6 ay, Gülnar Həşimzadəyə isə 9 il həbs cəzası verilib.

"Cebhe.info"