Azərbaycan-Avropa: Ən yaxın enerji tərəfdaşıdır

Azərbaycan-Avropa: Ən yaxın enerji tərəfdaşıdır

"Avropa İttifaqı ilə Azərbaycan arasında qaz və enerji sahəsində imzalanmış strateji tərəfdaşlıq Bəyannaməsi icra edilir".

Bu sözləri Prezident İlham Əliyev cari ilin 7 may tarixində Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata bəyanatında deyib.

Dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan öz təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir:

"Avropaya təchizat 2021-ci ildəki 8 milyard kubmetrdən bu il 12 milyard kubmetrə qədər qalxacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir. Bizim planlarımızda 2027-ci ilin sonuna qədər təkcə Avropa İttifaqı məkanına 20 milyard kubmetr qazın nəql edilməsi məsələsi dayanmışdır və mən hesab edirəm ki, biz buna nail olacağıq".

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra Avropa enerjiyə olan tələbatını ödəmək üçün alternativ mənbələrə yönəldi. Əlbəttə ki, bu cəhətdən ilk sırada Azərbaycan gəldi. İllərdir Avropanın etibarlı tərəfdaşı olan ölkəniz bir çox dövlətlə yeni enerji müqavilələri imzaladı.

Hətta Azərbaycanın Avropanın enerji təminatçısı olması dünya ölkələri tərəfindən qəbul edildi. Bunun məntiqi nəticəsi kimi də 2027-ci ilə kimi Avropa İttifaqına 20 milyard kubmetr qazın nəql edilməsi qarşıya məqsəd qoyuldu. Heç şübhəsiz ki, ölkəmiz bu hədəfinə də vaxtından öncə uğurla nail olacaq.

Milli Məclisin deputatı Vüqar İskəndərov "Cebhe.info"ya açıqlamasında bildirib ki, Azərbaycan müstəqilliyini əldə etdiyi dövrdə böyük güclərin postsovet ölkələrinə olan münasibət bəlli idi:

"Lakin Ulu Öndər Heydər Əliyevin çox uzaqgörənliklə həyata keçirdiyi enerji siyasəti bütün dünyanı bizə hörmət etməyə və bərabər hüquqlu müstəqil dövlət kimi qəbul etmələrinə məcbur buraxdı.

"Əsrin müqaviləsi" kimi böyük neft müqavilələr sayəsində dünyanın aparıcı dövlətlərinin siyasətində Azərbaycan modeli yarandı və ona münasibət formalaşdı. Bu isə çox böyük və dərin düşünülmüş bir siyasətdir. Əlbəttə ki, idarəetmənin ustadı və siyasətin kamil bilicisi olan Ulu Öndər də bütün bunları görürdü və gələcəyin bünövrəsini 1994-cü ildən müqavilələr imzalamaqla qurmağa başladı".

Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyevin də bu sahədə çox uğurlu addımları oldu:

"Azərbaycan enerjidən gələn maliyyəni çox düzgün idarəetməyə başladı, infrastruktur layihələri icra olundu. İndi isə gələcəyin layihəsi olan "yaşıl enerji"yə, günəş, külək və bərpaolunan enerjiyə keçid etmək üçün addımlar atılır. İnanırıq ki, ölkəmiz bu sahələrdə də vazkeçilməz olacaq. Bu, çox vacib məsələdir".

Həmsöhbətimiz diqqətə çatdırıb ki, Azərbaycan həm ikitərəfli, həm də beynəlxalq müqavilələrdə uğurlu layihələrə imza atıb:

"Onlardan biri də Avropa İttifaqı ilə Azərbaycan arasında qaz və enerji sahəsində imzalanmış strateji tərəfdaşlıq Bəyannaməsidir. Azərbaycan bu gün Avropanın inamlı və layiqli enerji tərəfdaşıdır. 

Cənab Prezident İlham Əliyevin simasında bütün dövlət başçıları Azərbaycanla imzalanan müqavilələrin icrasına yüz faiz əmindirlər. Çünki hər biri yaxşı başa düşür ki, İlham Əliyevin sözü və imzası eynidir. 

Cənab Prezident hansı məsələdə konkret mövqe ortaya qoyursa, həmin iş yüksək səviyyədə icra olunur. Təbii olaraq bu da hər birimizi qürurlandırır".

Vüqar İskəndərov vurğulayıb ki, Azərbaycan Avropanın enerji təminatçılarından biridir:

"Ölkəmiz gələcəkdə də bu münasibətləri yüksələn xətlə inkişaf etdirməkdə maraqlıdır. Eyni zamanda, Avropanın da bunda maraqlı olduğunu qeyd etmək lazımdır. Azərbaycan Avropanın bir çox ölkəsi ilə dost və tərəfdaşlıq əlaqələrin genişləndirilməsi üçün ikitərəfli münasibətlərin qurulmasını təmin edir.

Azərbaycan 2027-ci ilin sonuna qədər təkcə Avropa İttifaqı məkanına 20 milyard kubmetr qazın nəql edilməsini hədəfləyir. Avropa da, biz də əminik ki, bunu uğurla icra edəcəyik. 

Ümumiyyətlə, enerji siyasəti Azərbaycan dünyada söz sahibi olan ölkələrdən birinə çevrilməsində çox önəmli bir vasitədir. Bu, həm də hərtərəfli inkişafımızın təminatı olacaq məsələlərdən biridir.

Düşünürük ki, uğurla gələcəyə gedən bu yolda Azərbaycan daimi olaraq dayanıqlı və etibarlı tərəfdaş kimi nüfuzunu artırmağa davam edəcək".

Elmir Mustafa
"Cebhe.info"