Azərbaycan qazı Slovakiyaya necə nəql olunacaq?- “Həmin kəmər vasitəsilə...”

Azərbaycan qazı Slovakiyaya necə nəql olunacaq?- “Həmin kəmər vasitəsilə...”

“Həmin kəmər vasitəsilə...”

“Azərbaycan qazının Slovakiyaya tədarükünü həyata keçirmək üçün çox mürəkkəb sxem tərtib olunmalıdır. Azərbaycan Slovakiyaya Rusiya və Ukrayna üzərindən təbii qaz nəql edə bilər. Təbii ki, Azərbaycan hər iki ölkə ilə razılıq əldə etməlidir. Bildirim ki, Sovet dövründə Azərbaycanla Rusiya arasında qaz kəməri çəkilib. Həmin kəmər vasitəsilə Azərbaycan qazı Rusiyadan Ukraynaya və oradan isə Slovakiyaya nəql edə bilərik. 

Xatırladım ki, 2019-ci ilin sonunda Rusiyanın “Qazprom” və Ukraynanın “Naftoqaz” dövlət şirkətləri arasında rus qazının Ukrayna ərazisi üzərindən Avropa ölkələrinə tranziti ilə bağlı saziş imzalanıb. Bu saziş Avropa İttifaqının nümayindələrinin iştirakı ilə keçirilən danışıqlardan sonra imzalanıb. Danışıqlar çətin şəraitdə keçib. Ukrayna tərəfi rus qazının öz ərazisi üzərindən Avropaya nəql olunmasına razı olmurdu. Lakin nəticə etibarı ilə hər iki tərəf arasında bu saziş imzalandı”. 

Bu sözləri enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev “Cebhe.info”-ya açıqlamasında Azərbaycan ilə Slovakiya arasında enerji əməkdaşlığı barədə danışarkən bildirib. O bildirib ki, müqaviləyə əsasən, rus qazı 5 il müddətində Ukrayna qaz nəqli sistemi ilə Avropaya nəql olunmalı idi: 

“Bu ilin sonunda həmin müqavilənin müddəti bitir. Hazırkı geosiyasi şəraitdə Azərbaycan qazının Rusiya və Ukrayna üzərindən Slovakiyaya və hər hansı Şərqi Avropa ölkəsinə nəqli çətin görünür. Çünki Rusiya ilə Ukrayna arasında müharibə gedir və bu müharibə bir müddət də davam edəcək. Bundan başqa, Azərbaycan Rusiya və Ukrayna ilə tranzit sazişi imzalamalıdır. Şübhəsiz ki, bu saziş çox baha başa gələcək. Yəni logistik sxemlər çox maliyyə tələb edəcək. Məsələn, “Qazprom” Ukrayna üzərindən Avropaya ötürdüyü min kubmetr qaz 32.15 dollar civarındadır. Əgər Azərbaycan qazı Rusiya və Ukrayna qaz nəqli sistemi ilə Şərqi Avropaya daxil olacaqsa, bu tranzit haqqı çox yüksək olacaq. Bu baxımdan, Azərbaycan və Slovakiya bu məsələni çox ciddi şəkildə müzakirə edəcək”. 

Yunis Abdullayev 
“Cebhe.info”