Azərbaycanda siqaret ucuzlaşır?- “Tərkibinə elə maddə vururlar ki...”

Azərbaycanda siqaret ucuzlaşır?- “Tərkibinə elə maddə vururlar ki...”

Azərbaycanda siqaret istehsalı üçün yerli xammaldan istifadə şərt olacaq. 

“Cebhe.info” xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Tütün və tütün məmulatı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Bu qanuna uyğun olaraq tütün məmulatının istehsalını həyata keçirən qeydiyyata alınmış sahibkarlıq subyektləri tütün məmulatının istehsalında yerli tütün xammalından (orta damarcığı qismən və ya tamamilə çıxarılmış tütündən) istifadə həcmlərinə dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi tələblərə riayət etməlidirlər. 

Qeyd edilib ki, bu, ölkədə kənd təsərrüfatının intensiv inkişafına da töhfə verəcək. 

Tütünçülüyün inkişafı məqsədilə yeni əkin sahələrinin cəlb edilməsi, yeni tütün sortlarının əkininə stimul verilməsinə səbəb olacaqdır. İstehsalatda yerli xammal bazasından istifadənin artırılması müvafiq sahədə idxaldan asılılığın əhəmiyyətli dərəcədə aşağı salınmasına, gələcəkdə bu məhsullar üzrə ixrac potensialının artırılmasına səbəb olacaqdır. Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib. 

İqtisadçı-ekspert Akif Nəsirli “Cebhe.info”-ya açıqlamasında bildirib ki, bu dəyişiklik tütün məmulatlarının qiymətini ucuzlaşdırmayacaq:

“Ölkəmizdə tütün məmulatlarının istehsalı əksərən inhisarçıların əlindədir. İnhisarçıların nəzarətində olan sahələrdə heç vaxt ucuzlaşma gözləmək olmaz. Ondan əlavə, ölkədə yerli tütün istehsalı nə qədər çox olsa da, daxili bazarda satılan tütün məmulatları xaricdən idxal edilir”. 

Ekspert vurğulayıb ki, istehsal edilən tütün məmulatlarının əksəriyyəti ixrac edilir: 

“Bölgələrdə tütün plantasiyalarında istehsal edilən tütün məmulatlarının əksəriyyəti daxili bazarı təmin etməkdən əlavə, həm də ixrac edilir. O baxımdan, tütün məmulatları daxili bazarı tam təmin edə bilmir”. 

Ekspert qeyd edib ki, ölkəyə gətirilən tütün məmulatlarının bir çoxuna kimyəvi maddələr qatılır:

“Məndə olan məlumata görə, satışda olan bir çox tütün məmulatlarına, əsasən də siqaretlərin tərkibinə 40-dan çox kimyəvi maddə qatılır ki, bu da siqaret aludəçilərinin asılılığını artırır. Nəticədə onlar daha çox siqaret çəkirlər və siqaret satışı artır. Siqaret çəkənlər isə zərərli vərdişin qurbanı olurlar”. 

Həsən Məmmədov 
“Cebhe.info”