“Halal” standartlı otellər: Digərlərindən nə ilə fərqlənir?
Bu il Azərbaycan halal turizm istiqaməti üzrə 145 ölkə arasında 20-ci yeri tutaraq, halal turizm sektorunda önəmli mövqedə qərarlaşıb.
Bunu Avstraliyanın “Globothink” şirkətinin Baş icraçı direktoru və halal sənayesi üzrə konsultantı İrşad A. Kader Bakıda keçirilən Halal Biznes və Turizm Forumunda (AZHAB Forum) deyib.
"Azərbaycanda sahibkarların 99 %-dən çoxu kiçik və orta müəssisələrdir (KOB), bunların təxminən 97,3 %-i mikro, 1,9 %-i kiçik, 0,8 %-i isə orta ölçülü müəssisələrdir. KOB-lar ticarət, kənd təsərrüfatı, tikinti, logistika, turizm və digər sahələrdə fəaliyyət göstərirlər. KOB-ların transformasiyası “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində nəzərdə tutulub", - İrşad A. Kader bildirib.
Bəs ölkəmizin turizm sektorunda “halal” standartlı otellər var?
Məsələ ilə bağlı turizm eksperti Ceyhun Aşurov “Cebheinfo.az”-a açıqlamasında deyib ki, ölkəmizdə rəsmi qaydada fəaliyyət göstərən “halal” standartlı otellər yoxdur:
“Müəyyən konsepti özündə birləşdirən az sayda“halal” standartlı otellər və digər iaşə obyektləri fəaliyyət göstərir. Amma bu məsələyə dövlət tərəfindən baxılır. “Halal” standartlı otel kimi sertifikasiyadan keçən otellər fəaliyyət göstərə biləcək.
Bildirim ki, gələn ildən bu barədə ictimaiyyətə rəsmi açıqlama veriləcək”.
Ekspert qeyd edib ki, ölkəmizdə təlab var:
“Ölkəmiz rəsmi olaraq multikultural ölkə olmasına baxmayaraq, əhalimizin böyük əksəriyyəti inanclı müsəlman olduqları üçün “halal” standartlı otellərə getməyə üstünlük verəcəklər. Bu səbəbdən də rəsmi qaydada sertifikasiyadan keçə biləcək otellərə ehtiyac var.
Bildirim ki, hazırda “halal” standartlı otellərin sertifakatlaşması tək dövlət deyil, həm də beynəlxalq qurumlar tərəfindən də qəbul olunur. O qurumlardan da əlavə olaraq sertifikat alına bilər. Bu gün “halal” standartlı otellərdə əsasən spirtli içkilərə və qidalanmaya diqqət edilir.
Hazırda “halal” standartlı otellərin elə də qeyri-adi bir üstünlükləri yoxdur. “Halal” standartlı otellərdə əsasən çox sayda namaz otaqları və namaz qılmaq üçün bütün lazımı şərait yaradılır. Bundan başqa qidalanma zamanı donuz ətinə və spirtli içkilərin qəbuluna qəti şəkildə icazə verilmir”.
Həsən Məmmədov
“Cebheinfo.az”