Xəzərdə süni adalar yaradılır: Professordan XƏBƏRDARLIQ

Xəzərdə süni adalar yaradılır: Professordan XƏBƏRDARLIQ

Milli Məclis Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanunu qəbul edib.

"Cebhe.info" xəbər verir ki, layihədə Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində torpağın və ya qruntun daşınıb tökülməsi, yaxud səpilməsi yolu ilə və ya başqa üsullardan istifadə olunmaqla yaradılan torpaq sahəsi süni torpaq sahəsi olaraq qeyd edilir.

Sənəddə süni torpaq sahələrinin yaradılma formaları və süni torpaq sahələrinin yaradılmasına dair ümumi tələblər, süni torpaq sahəsinin yaradılması üçün müraciət və müraciətə baxılması qaydaları öz əksini tapıb.

Bununla yanaşı, süni torpaq sahəsinin yaradılması məqsədilə su fondu torpaq sahəsinin ayrılması barədə qərarla bağlı müddəalar, həmçinin süni torpaq sahələrinin yaradılması və həmin torpaq sahəsində tikinti fəaliyyətinin xüsusiyyətləri, mülkiyyət və icarə münasibətlərinin tənzimlənməsi məsələləri təsbit olunur.

Qanun layihəsi Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsində tikinti məqsədləri üçün süni torpaq sahələrinin yaradılması ilə bağlı ictimai münasibətləri tənzimləyir, süni torpaq sahələrinin yaradılmasının təşkilati və hüquqi əsaslarını və süni torpaq sahələrindən istifadənin, o cümlədən süni torpaq sahələrində tikinti aparılmasının xüsusiyyətlərini müəyyən edir.

Maraqlıdır, süni torpaq sahələrinin yaradılması Xəzərin səviyyəsinə təsir göstərəcəkmi?

Məsələ ilə bağlı Coğrafiya İnstitutunun “Xəzər dənizinin sahillərinin və dibinin  geomorfologiyası” şöbəsinin müdiri, coğrafiya elmləri doktoru, professor Əmir Əliyev "Cebhe.info"-ya açıqlamasında bildirib ki, Xəzərdə suyun səviyyəsini süni yolla qaldırmaq mümkün deyil:

"Xəzərdə suyun səviyyəsi müəyyən dövrlərdə həm qalxıb, həm də enib. Xatırladım ki, 1780-90-cı illərdə suyun səviyyə o qədər qalxmışdı ki, Qız qalasının divarlarına qədər çatmışdır. Son illərdə isə Xəzər dənizinin səviyyəsində enmə müşahidə olunur. Lakin Xəzərin səviyyəsi qalxa bilər, bu, tarixən belə olub”.

Professor Əmir Əliyev su altından çıxmış torpaqlarda tikintilərin aparılmasını məqsədəuyğun saymır:

“Çünki Xəzər dənizində suyun səviyyəsi yenidən qalxdıqda həmin ərazilər su altında qala bilər. Lakin Xəzərin səviyyəsinin qalxması üçün təbiətə yersiz müdaxilə etmək olmaz.

Hətta zamanında buna cəhd də olunub, uğursuz başa çatıb. Bunun yeganə yol Xəzərə adaptasiya olmaqdır. Süni torpaq sahəsinin yaradılması mürəkkəb məsələdir. Xəzərdə suyun səviyyəsi yenidən qalxacaq".

Ləman İsmayıl
"Cebhe.info"