İnsan sümüklərini internetdə satışa çıxardı

ABŞ-nin Florida ştatında 52 yaşlı Kimberli Şopper adlı qadın sosial media üzərindən insan qalıqları satdığı üçün saxlanılıb.
"Cebheinfo.az" xəbər verir ki, qadın “Wicked Wonderland” adlı mağazası və “Facebook”-un bazar platforması vasitəsilə insan sümüklərini satışa çıxarıb.
"Orange City Polis" Departamenti məsələ ilə bağlı araşdırma başladıb. Sümüklərə qiymət etiketi də qoyulub:
35 dollardan 600 dollara qədər.İlkin istintaq 2023-cü il dekabrın 21-də daxil olan bir şikayət əsasında başlanıb. Polis qadının "Facebook" səhifəsində insan sümüklərinin satışına dair ekran görüntülərini əldə edib.
Araşdırma zamanı məlum olub ki, iki insan kəlləsi 90 dollara, bir körpücük və kürək sümüyü birlikdə 90 dollara, bir qabırğa və onurğa sümüyü isə 35 dollara satışa çıxarılıb. Ən yüksək qiymətli nümunə isə 600 dollar dəyərində hissəvi insan kəlləsi olub.
Şopper ilkin ifadəsində bildirib ki, o, bu sümükləri “tədris məqsədli model” kimi qiymətləndirib və satışın qanuni olduğunu düşünüb. Lakin Florida qanunvericiliyinə görə, insan qalıqları yalnız xüsusi və tənzimlənmiş hallarda dövriyyəyə buraxıla bilər.
Bu, çərçivədənkənar satışlar isə qanunsuz sayılır. Polisin açıqlamasında qeyd olunur ki, satılan qalıqlara dair heç bir rəsmi sənəd təqdim edilməyib və sümüklər “təbiətcə həssas materiallar” hesab edilir. Sümüklər toplanaraq məhkəmə-tibbi ekspertizaya göndərilib.
Araşdırmalar nəticəsində bəzi qalıqların arxeoloji xarakter daşıdığı müəyyən olunub. Onlardan birinin 500 ildən daha qədim olduğu, digərlərinin isə fərqli mədəni və tarixi mənşəyə malik ola biləcəyi ehtimal edilir.
Kimberli Şopper 7 500 dollar girov müqabilində azadlığa buraxılıb. Hazırda araşdırmalar davam edir və qadına qarşı rəsmi ittihamlar irəli sürülməkdədir.
Səbinə Uğur
"Cebheinfo.az"