Azərbaycan QHT-ləri UNESCO-nun Baş direktoruna müraciət edib

Azərbaycan QHT-ləri UNESCO-nun Baş direktoruna müraciət edib

Azərbaycan vətəndaş cəmiyyətinin təmsilçiləri (QHT) UNESCO-nun Baş direktoru Odre Azuleyə Təpəbaşı məhəlləsi ilə bağlı açıq məktub ünvanlayaraq Ermənistanda Azərbaycan xalqının maddi mədəni irsinin dağıdılmasını dayandırmaq üçün hərəkətə keçməyə çağırıb.

Məktubda azərbaycanlıların tarixən yaşadığı Ermənistanda azərbaycanlılara məxsus bütün irsə münasibətdə məhvetmə siyasəti aparıldığı, tarixi izlərin silinməsinə cəhd edildiyi bildirilib:

"Burada 1870-ci ildə qeydiyyata alınmış 269 məsciddən bu gün yalnız 1-i qalıb, azərbaycanlılara məxsus yüzlərlə qəbristanlıqlar dağıdılıb.

Vaxtilə azərbaycanlıların yaşadığı, qurub-yaratdığı bir şəhər olan İrəvanda tarixi adı dəyişdirilərək “Kond” adlandırılan Təpəbaşı məhəlləsi Ermənistanda Azərbaycan mədəni irsinin son qalıqlarından biridir.

Biz - Azərbaycan vətəndaş cəmiyyətinin təmsilçiləri olaraq, Ermənistanda Azərbaycan mədəni irsinin dağıdılmasının dayandırılması və dağıdılmış olanların bərpası üçün beynəlxalq hüquq normaları və mexanizmləri çərçivəsində UNESCO ilə dialoq və qarşılıqlı fəaliyyətə hazır olduğumuzu bəyan edirik. Xüsusilə UNESCO-nu dünya mədəni irsinin unikal nümunəsi kimi Təpəbaşı məhəlləsini öz mühafizəsinə götürməyə çağırırıq. Monitorinq işlərində UNESCO ilə sıx işləməyə hazırıq.

Ermənistan hakimiyyətinin Təpəbaşı daxil olmaqla, mədəniyyət abidələrinə qarşı təcavüzü İqtisadi, Sosial və Mədəni Hüquqlar Haqqında Beynəlxalq Pakta, Ümumdünya mədəni və təbii irsin qorunması, Qeyri-maddi mədəni irsin qorunması, İrqi ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında konvensiyalara zidd fəaliyyətdir.

Eyni vandalizm siyasəti işğal dövründə Qarabağ və Şərqi Zəngəzurda da yürüdülüb. Vaxtilə həyat qaynayan, yüzlərlə tarixi, mədəni abidələrin qorunduğu həmin ərazilər böyük xarabalıqlara çevrilib. Təəssüf edirik ki, işğal dövründə çoxsaylı müraciətlərə və çağırışlara baxmayaraq, UNESCO bir dəfə də olsun bu məsələləri araşdırmayıb, əraziyə faktaraşdırıcı missiya göndərməyib.

Biz UNESCO-nu Ermənistan Respublikasına faktaraşdırıcı missiya göndərmək, Təpəbaşı məhəlləsi ilə bağlı təxirəsalınmaz tədbirlər görmək üçün cəsarət nümayiş etdirməyə dəvət edirik. Bu məsələlərdə UNESCO ekspertləri ilə müzakirələrə və onlara əlavə məlumatlar təqdim etməyə hazırıq.

İmzalar:

Fuad Məmmədov - "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyası
Əziz Ələkbərli - Qərbi Azərbaycan İcması
Fariz Xəlilli – “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi
Nərminə Ağayeva - "İrəvan Mədəni İrsinin Təbliği" İctimai Birliyi
Hacı Abdulla - "Zəngəzur" Cəmiyyətləri İctimai Birliyi
Umud Rəhimoğlu - Beynəlxalq Avrasiya Mətbuat Fondu
Novella Cəfərova - D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti
Səadət Bənənyarlı - “Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi" İctimai Birliyi
Səltənət Qocamanlı “İnsan Hüquqlarının və Qanunçuluğun Müdafiəsi" İctimai Birliyi
Mübariz Əsgərov - “Obyektiv” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyi
Zaur İbrahimli - "Prioritet" Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyi
Şəhla Nağıyeva - Sönməz Məşəl Mədəni Əlaqələr İctimai Birliyi
Şeyda Allahverdiyeva – “İCOMOS Azərbaycan” İctimai Birliyi
Qəmər Bağırova - Cəfər Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım İctimai Birliyi
Ülviyyə Bəbirova - “Mədəniyyət Könüllüləri” İctimai Birliyi
Türkay Qasımzadə - Azərbaycan Mədəni İrsinin Qorunması və Turizmə Dəstək Assosiasiyası
Esmira Fuad - Əbədi Turan Kitab Fondu
Azər Allahverənov – “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyi
Elçin Mirzəbəyli - "Bakı Natiqlik Məktəbi" İctimai Birliyinin sədri
Sevda Tahirli - Mirzə Ələkbər Sabir Fondu
Şahin Qədirov - "Zirvə" Mədəniyyət və İncəsənət İctimai Birliyi
Fəridə Mirişova- “İz” Mədəniyyətin İnkişafına Dəstək İctimai Birliyi
Səməd Vəkilov - "Müvəkkil Hüquq Mərkəzi" İctimai Birliyi".

"Cebhe.info"