Deputat “Siyasi partiyalar haqqında” qanundan danışdı: “Təzadları aradan qaldırmaq lazımdır”

Deputat “Siyasi partiyalar haqqında” qanundan danışdı: “Təzadları aradan qaldırmaq lazımdır”

“Bu qanunu ilk gündən dəstəkləmişəm və dəstəkləyirəm. Bütün iclaslarda, dinləmələrdə, komitə iclaslarında çıxış etmiş, dövlətçilik mövqeyindən yanaşaraq müsbət münasibətimi bildirmişəm. Çünki bu qanunun ölkəmizdə siyasi proselərin inkişafına təkan verəcəyinə və demokratik proseslərin daha da dərinləşməsinə zəmin yaradacağına inanıram. Həm də bu qanun real siyasi partiyaların daha çox görünməsinə imkan yaradır. Sözçülüklə məşğul olanlar isə qoy partiya quruculuğu və yeni üzvlərin cəlbi barədə düşünsünlər. üzv toplaya bilməyən partiya yarpaqları tökülmüş, ömrünün payızını yaşayan qüvvə deməkdir”.

Cebhe.info xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev “Siyasi partiyalar haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

R.Nurullayev qeyd edib ki, bəzi təzadlı və sual doğuran məqamlar var:

“Biz bu qanundan sonra 47 qanun layihəsinə “Açıq hökumət”in təşviqinə dair dəyişiklikləri müzakirə edəcəyik və nəzərdə tutulur ki, elektron informasiya resurslarından əldə edilən məlumatları aidiyyəti dövlət qurumu o dövlət qurumundan alır. Bu qanunun tələbini həm də siyasi partiyaların reyestr məsələsində nəzərə almaq lazımdır və bunun detallarını adını çəkdiyim həmkarlarım Qüdrət Həsənquliyev və Fazi Mustafa dedi. Hikmət müəllim də dedi. Qanunun 6.4 maddəsində deyilir ki, siyasi partiya üzvlərinin reyestrində baş vermiş sonrakı dəyişikliklər barədə ildə bir dəfə yanvar ayının 15-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana məlumat təqdim edir.

Qanunun 7.2.2 maddəsində dövlət elektron informasiya ehtiyatlarından istifadə etməklə siyasi partiya üzvlərinin reyestrində olan məlumatları ildə azı iki dəfə nəzərdən keçirir. Bu maddələrdə olan təzadları aradan qaldırmaq lazımdır. Əgər siyasi partiya ildə bir dəfə reyestrə dəyişikliyi təqdim edirsə, müvafiq icra qurumu ildə iki dəfə hansı məlumatları yoxlayacaq? Bir də hörmətli Kamilə xanımın siyasi partiya üzvünün “tam fəaliyyət qabiliyyətli” olması barədə verdiyi sual məntiqlidir və yəqin ki, cavab olacaq”.

Vilayət Muxtar
Cebhe.info