İsrailli politoloq: “İrana qarşı hücum bu halda mümkün olacaq”
“İsrail İrandan başlayacaq hücuma hazırlaşır. Güman edilir ki, İran bu hücum üçün Yəmən, Livan, Qəzza zolağı və Suriyadan olan bütün proksi qüvvələrindən istifadə edəcək. Birləşmiş Ştatlar hücum olacağı təqdirdə İsrailə tam dəstək verəcəyini bəyan edib və İrana bütün diplomatik kanallarla təzyiq göstərir ki, təmkin nümayiş etdirsin, yeni regional müharibəni qızışdırmasın”.
Bunu “Cebheinfo.az”-a açıqlamasında israilli politoloq Yuri Boçarov deyib.
Politoloq qeyd edib ki, Amerikanın “Laboon” və “Cole” esminesləri Oman körfəzini tərk edərək Qırmızı dənizə, İsrail sahillərinə doğru hərəkət ediblər:
“Bunu İsrail mediası Amerika mənbələrinə istinadən yayıb. “Teodor Ruzvelt” təyyarə daşıyan gəmisi isə Oman körfəzində qalır. Bayden administrasiyası İsrailə yarım tonluq “Mark 83” bombaları göndərmək qərarına gəlib ki, bu bombaların çatdırılması bu yay “Rəfah” əməliyyatı başlayandan sonra gecikdirilib. Göründüyü kimi, bütün qüvvələrin hərəkətlərini əlaqələndirmək üçün ABŞ Mərkəzi Komandanlığının rəhbəri general Maykl Kurilla İsrailə gəlib və orada İsrailin müdafiə naziri Yoav Qalant və Baş Qərargah rəisi general-leytenant Herzi Halevi ilə üçtərəfli görüş keçirib.
Maraqlıdır ki, “CENTCOM” rəhbəri İranın əvvəlki hücumu ərəfəsində də İsrailə səfər edib. Paralel olaraq, İran İsrailə qarşı hərəkətlərinə görə ərəb dövlətlərindən legitimlik almağa çalışır və çərşənbə günü İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fövqəladə iclasını çağırıb. Görüş İƏT-in Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki mənzil-qərargahında baş tutacaq. Görüşün necə keçəcəyi hələ məlum deyil, lakin hazırda bir şey aydındır: Fars körfəzinin bir çox liderləri İsrailin hərəkətlərini pisləməyə hazır olsalar da, eyni zamanda İranı təmkinli olmağa çağırırlar, çünki heç kim başının üzərində qırıcı təyyarə və regional müharibə istəmir”.
Politoloq onu da qeyd edib ki, İordaniya və Səudiyyə Ərəbistanı onların hava hücumundan müdafiə zonasına düşən hər şeyi vuracaqları ilə bağlı İrana xəbərdarlıq etmişdilər:
“Bu arada İran İsraildə hansı hədəflərə hücum edəcəyini açıq şəkildə bildirərək psixoloji hücum edir. Siyahıya İsrail Dəmir Yolları, “Ben Qurion” Beynəlxalq Hava Limanı, “Hayfa” Elektrik Stansiyası, “Aşkelon” Elektrik Stansiyası, “Eylat” Limanı, “Hayfa” Limanı və adlarını açıqlamağın mümkün olmadığı bir sıra İDF bazaları daxildir. Baxmayaraq ki, bu açıqlamalar əsasən İranda HƏMAS lideri İsmayıl Haniyənin necə aradan götürülməsindən şoka düşən daxili auditoriyaya yönəlib. Bu, onu deməyə əsas verir ki, İsrail kəşfiyyat xidmətləri İran rəhbərliyinin özəyinə nüfuz edib və heç kim növbəti məmurun harada və nə vaxt partlaya biləcəyini bilmir. Eyni zamanda, İsrail İrana qarşı qabaqlayıcı zərbə variantını nəzərdən keçirir. Bununla belə, qabaqlayıcı zərbə yalnız düşmənin gözlənilən hücumu haqqında İsrail və Amerika kəşfiyyatının məlumatlarının üst-üstə düşməsi ilə mümkündür. Nə İsraildə, nə də ABŞ-də heç kim Tehranda hansı zərbə planının hazırlandığını bilmir”.
“Cebheinfo.az”