Müəllimlər otağından müsahibə: “Bərabərlik prinsipindən qaçmaq lazımdır”- 60 bal toplayan müəllim 

Müəllimlər otağından müsahibə: “Bərabərlik prinsipindən qaçmaq lazımdır”- 60 bal toplayan müəllim 

İyunun 20-dən etibarən dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə başlanılıb.

Sertifikatlaşdırmanın ilk mərhələsi ölkənin 13 müxtəlif şəhəri üzrə 23 imtahan mərkəzində təşkil olunur. 20-23 iyun tarixlərində 20 000-ə yaxın təhsilverən ibtidai sinif, 24 iyun tarixində 8 500-dən çox müəllim Azərbaycan dili və ədəbiyyat üzrə sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinə cəlb olunacaq.

ümumilikdə sertifikatlaşdırmanın test imtahanı mərhələsinə 28 000-dən çox təhsilverən dəvət olunub. Qeyd edək ki, test imtahanı mərhələsində 120 dəqiqə müddətində tədris olunan fənn üzrə ümumtəhsil proqramları, tədris metodikası və təlim strategiyalarına aid 60 sual təqdim edilir.

Hər düzgün cavab 1 balla qiymətləndirilir. Test imtahanında azı 30 bal toplamış təhsilverənlər müsahibə mərhələsinə keçmək hüququ qazanırlar. Ötən gün ilk olaraq ibtidai sinif müəllimləri üçün sertifikasiya imtahanı keçirilib. İmtahanda iki müəllim ən yüksək nəticə göstərib.

Onlardan biri, Salyan rayonu Salman Cəfərov adına Yenikənd orta məktəbinin 57 yaşlı ibtidai sinif müəllimi, 60 bal toplayan Flora Dünyamalıyeva Cebhe.info-nun suallarını cavablandırıb:

-Ötən il sertifikasiya imtahanı keçirildikdə bəzi müəllimlər qorxur, problem olacağını düşünürdü. Siz necə sertifikasiyanı necə dəyərləndirirsiniz?

-Mən gənclik illərindən də arzulamışam ki, belə bir imtahan olsun. Yəni sertifikatlaşma ilə bağlı heç bir pis münasibətim olmayıb. O ki qaldı bəzi müəllimlərin bir qədər çəkinməsinə, bu hər bir adamda ola bilər. Çünki naməlum bir işdir. Hamı ehtiyat edir ki, görəsən necə olacaq? Ancaq mən deyərdim ki, gündəlik dərs keçən müəllim üçün sertifikatlaşmadan keçmək problem deyil.

Əgər bir müəllim gündəlik dərs keçirsə, öz üzərində çalışırsa, öz peşəsinə yaxşı münasibət bəsləyirsə, canla-başla işləyirsə, o müəllim üçün heç bir problem olmaz. Bütün qaydaları bilən müəllim üçün orada heç bir problem yoxdur. İmtahanda heç bri çaşdırıcı sual yox idi. Ona görə də müəllimlər qorxmasınlar.

-Bəzi müəllimlər deyirlər ki, müəllim onsuz da öz fənnini bilir və bu baxımdan da sertifikasiya imtahanlarına ehtiyac yoxdur. Siz bu fikirlə razılaşırsızmı?

-Bu, böyük səhvdir. Bərabərlik prinsipi yaxşı deyil. Həm də inkişafın olması üçün belə bir imtahan lazımdır. Yoxsa elə hamı öz fəaliyyətini davam etdirər, irəli getmək istəməz. Bu, keçmişdə də olub. Mənim hazırda 57 yaşım var. Sovet dövründə təhsil almışam, universiteti də o dövrdə bitirmişəm. Bərabərlik prinsipindən qaçmaq, uzaqlaşmaq lazımdır. Əksinə, bu, daha yaxşıdır, seçim etmək lazımdır. İstər-istəməz ələnməlidir. Öz işinə yaxşı münasibət bəsləyən adamlar önə çıxmalıdır.

-Sertifikasiyadan əvvəl müəllimlər əsasən kurslara müraciət edir, ciddi hazırlaşırlar. Siz imtahandan əvvəl hazırlaşmışdınızmı, yoxsa öz biliyinizə arxayın idinizmi?

-Mən hər zaman gündəlik dərsimə hazırlaşıram. İşimə çox məsuliyyətlə yanaşan adamam. Son iki həftəni, ayın 14-ü şagirdləri tətilə göndərdikdən sonra bütün gün ərzində davamlı olaraq hazırlaşmışam. Bir həftə dayanmadan, hətta saat 12-də imtahana gedənə qədər kitab əlimdə olub. Daha doğrusu, təkrar etmişəm.

O insan ki, ilboyu dərs keçir, onun üçün imtahanla bağlı heç bir problem yoxdur. Kuriklum mənim üçün çətindir. Çünki tanış olmadığım, müasir bir şeydir. Ona görə kurikulumla ciddi məşğul olmuşam. Videodərsləri dinləyərək, özüm kitabı oxuyaraq hazırlaşmışam.

- Ötən sertifikasiyada imtahan sualları ilə bağlı bəzən deyirdilər ki, çətin idi, dərslikdə olmayan suallardır. Siz sualları necə qiymətləndirirsiniz?

- Yox, suallar çətin deyildi. Öz üzərində çalışan, gündəlik dərs keçən müəllim imtahandakı suallardan heç vaxt narazı qalmaz. Yəni gündəlik sinifə daxil olub, öz üzərində çalışan müəllim, həmin sualları şagirdə öyrədir. Orada heç bir problem görmədim. İxtisasla bağlı heç kim narazılıq edə bilməz ki, çətin idi. Xeyr, ixtisas sualları normal idi. Nə çox çətin, nə də çox asan idi. Diqqət tələb edən məsələlər idi. Yəni çaşdırıcı sual yox idi.

-İlk sertifikasiyada çox az bal toplayan müəllimlər oldu. Həmin müəllimlər ötən illər ərzində tədrislə necə məşğul olublar?

- Aşağı bal toplayan müəllimləri diqqətlə yoxlasaq, onların əksəriyyəti müxtəlif səbəblərdən gündəlik dərs keçməyən müəllimlərdir. Çünki mən tanıdığım müəllimlər arasında elələri çoxdur ki, gündəlik dərsdə iştirak eləmir. Nəğmə, rəsm, psixologiya dərsi keçirlər, sırf ixtisası, Azərbaycan dili və ədəbiyyatı öyrətmirlər. Ona görə də onlarda gerilik olur. Yaxud səhhəti ilə bağlı problemi olanlar var. Mən onları başa düşürəm. Ancaq hər bir müəllim öz üzərində çalışmırsa, təbii ki, istər-istəməz o imtahandan qorxacaq. Hazırlıqsız müəllim məsuliyyətsiz sayılır. Hazırlaşmaq, yenilikləri öyrənmək hər zaman lazımdır.

-Siz uzun illərdir ki, tədrislə məşğulsunuz. Artıq 60 yaşı tamam olan müəllimlər sertifikasiyada iştirak etməyəcəklər. Sizcə, 60 yaşdan yuxarı müəllimlərin sertifikasiyada iştirakı lazımdırmı?

-Mən dəqiq bilmirəm ki, bu barədə qanun artıq qüvvədədirmi? Şəxsən mən hər zaman sertifikasiya imtahanına getmək istəyərəm. Səhhətim imkan versə, imkan olsa yenə də gedərəm. üç ildən sonra yenə də olsa, böyük məmnuniyyətlə, hazırlığa gedəcəyəm. Hazırlaşmadan imtahana getməyim, ola bilməz. Mən məsuliyyətli insanam. Dərsimə də hər gün hazılaşıram.

-Son vaxtlar bəzən müəllimlər haqqında mənfi fikirlər də səslənir. ümumiyyətlə, bu peşəni sevirsizmi, gənclərə tövsiyə edirsizmi?

- Gənclərə hər zaman tövsiyə edirəm ki, öz üzərlərində çalışsınlar. Dövlət bizim üçün şərait yaradır. Bərabərlik prinsipini kənara qoymaq lazımdır. Dövlət də öz üzərində işləyən müəllimi daha çox qiymətləndirir. Gənclərə məsuliyyətli olmağı tövsiyə edərdim, kitabsevər olsunlar. Müəllimlik çox gözəl peşədir. Bəzən insanın səhhəti ilə bağlı problemləri olur. Mən şəxsən sinifə daxil olanda şagirdlərim problemlərimi unutdururlar. Səhhətim də normal olur, özümü yaxşı hiss edirəm. Tövsiyə edərdim ki, öz peşələrinə hörmətlə yanaşsınlar. Öz müəllim adlarını uca tutsunlar.

Nigar Abdullayeva
Cebhe.info