Azərbaycan-Pakistan münasibətlərində yeni mərhələ

Azərbaycan-Pakistan münasibətlərində yeni mərhələ

"Azərbaycan-Pakistan münasibətləri yeni mərhələyə qədəm qoyub".

Bunu siyasi şərhçi Hikmət Babaoğlu "Cebhe.info"-ya açıqlamasında Azərbaycan Prezidenti İlham Əliyevin Pakistana son rəsmi səfərinin əhəmiyyətini şərh edərkən deyib.

O bildirib ki, yaxın gələcəkdə dünyanın siyasi və iqtisadi mərkəzi Asiya olacaq:

"Önümüzdəki tarixi mərhələdə qlobal dünyanın həm siyasi, həm də iqtisadi taleyinin müəyyən edilməsində məhz Şərqi və Cənub-Şərqi Asiyanın inkişaf etmiş və nəhəng ölkələri mühüm rol oynayacaq. 

Hazırda dünya əhalisinin üçdə ikisi məhz Şərqi və Cənubi-Şərqi Asiyada yaşayır. Bu iki böyük regionun müəyyən ölkələri, xüsusilə Çin, Yaponiya, Koreya, Hindistan və Pakistan artıq qlobal iqtisadi proseslərdə öz sözlərini deyirlər. Çin və Hindistanla yanaşı Pakistan da Asiya regionunda siyasi, iqtisadi və hərbi-strateji güc mərkəzinə çevrilmiş, o cümlədən nüvə silahına malik olan bir ölkədir. 

Məhz bu baxımdan Pakistan Azərbaycan üçün mühüm bir ölkədir, həm də Azərbaycanın strateji tərəfdaşıdır. Pakistan da öz xarici siyasətində Azərbaycanı əhəmiyyətli ölkə hesab edir. Azərbaycan Prezidenti İlham Əliyevin Pakistana son rəsmi səfəri təkcə Azərbaycan-Pakistan münasibətləri kontekstində deyil, həmçinin qlobal iqtisadi münasibətlər kontekstində də qiymətləndirilməlidir.

Həqiqətən, Prezident İlham Əliyevin Pakistana rəsmi səfəri və səfər çərçivəsində Baş nazir Şahbaz Şəriflə görüşməsi ikitərəfli münasibətlərin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edir. Səfər zamanı istər imzalanan sənədlərin əhəmiyyətinə, istərsə də iki ölkənin rəhbərinin açıqlamalarına baxsaq, Azərbaycan-Pakistan münasibətlərinin nə qədər dərinləşdiyini və münasibətlərin strateji tərəfdaşlığa keçdiyini görərik. 

Bakı ilə İslamabad arasında imzalanan sazişlər həm siyasi, həm iqtisadi-ticari, həm də strateji sahələrində münasibətlərin şaxələnməsinə yönəlib. 

Bu, hər iki ölkəyə çox böyük dividentlər qazandıracaq.

Bildirim ki, Pakistan və Azərbaycan bir çox beynəlxalq təşkilatların tədbirlərində hər zaman bir-birini dəstəkləyiblər".

Yunis Abdullayev
"Cebhe.info"